Azərbaycanın Ukraynadakı səfirliyində brifinq və birinci Avropa Oyunlarının videotəqdimatı keçirilib

22:43 12 May 2015
34 İdman
Ölkə mətbuatı
A- A+


Kiyev, 12 may, AZƏRTAC 
Mayın 12-də Azərbaycanın Ukraynadakı səfirliyində diplomatik nümayəndəliyimiz tərəfindən Ukrayna jurnalistləri və Kiyevdə akkreditə olunmuş xarici jurnalistlər üçün brifinq və birinci Avropa Oyunlarının videotəqdimatı keçirilib.
Tədbirdə Ukrayna gənclər və idman nazirinin müavini Nikolay Movçan, bu ölkənin Milli Olimpiya Komitəsinin vitse-prezidenti Valeri Borzov, “Bakı-2015” Oyunlarında Ukrayna MOK-un nümayəndə heyətinin başçısı Anna Sorokina, Ukrayna və xarici ölkə KİV-lərinin 30-dan çox nümayəndəsi iştirak edib.
Tədbirin iştirakçıları qarşıdakı Avropa Oyunları haqqında videoxülasəyə tamaşa ediblər.
Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli tədbir iştirakçılarını salamlayaraq bildirib ki, Bakıda birinci Avropa Oyunlarına start verilməsinə düz bir ay qalıb. O, oyunların təkcə idman sahəsində deyil, həm də siyasi baxımdan xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Səfir bildirib ki, 2012-ci ilin dekabrında Avropa Olimpiya Komitəsinin 41-ci Baş Assambleyası birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar qəbul etdikdən dərhal sonra Prezident İlham Əliyev Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi altında təşkilat komitəsi yaratdı. Səfir oyunlara hazırlığın gedişi barədə jurnalistlərə ətraflı məlumat verərək Mehriban Əliyevanın rəhbərlik etdiyi təşkilat komitəsinin genişmiqyaslı və sistemli iş apardığını xüsusi vurğulayıb.
Diplomat bildirib ki, Avropa Oyunlarında 253 dəst medal uğrunda Avropanın 50 ölkəsindən, o cümlədən Ukraynadan altı min nəfərdən çox atlet mübarizə aparacaq. O, toplaşanlara xatırladıb ki, mayın 6-da birinci Avropa Oyunları yarışlarının keçiriləcəyi “Kristal Holl”da və Bakı İdman Sarayında KİV nümayəndələri üçün tanışlıq turu keçirilib. Səfir mətbuat mərkəzlərinin və jurnalistlər üçün konfrans zallarının, müsahibə otaqlarının harada və necə fəaliyyət göstərəcəyindən bəhs edib. E.Mədətli qeyd edib ki, Oyunlar zamanı idmançıların, jurnalistlərin, ali qonaqların, bir sözlə, idman bayramının bütün iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün ən güclü tədbirlər görüləcəkdir.
Səfir həmçinin bildirib ki, mayın 11-də Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə “Bakı-2015” birinci Avropa Oyunlarının təşkilat komitəsi arasında rəsmi tərəfdaşlıq haqqında saziş imzalanıb.
Diplomat Ukrayna jurnalistlərini “Bakı-2015” oyunlarının media tərəfdaşları ilə aparılan işin rəsmi əlaqələndiricisi və Azərbaycanın ən böyük informasiya agentliyi olan AZƏRTAC ilə fəal əməkdaşlığa çağırıb. Səfir bildirib ki, Oyunlarla bağlı bütün xəbərlər “Bakı-2015” rəsmi saytında, AZƏRTAC-ın saytındakı eyni adlı rubrikada və səfirliyin saytında Avropa Oyunlarına həsr olunmuş müvəqqəti bölmədə yerləşdirilir.
Azərbaycan səfiri öz çıxışının sonunda möhkəm əmin olduğunu bildirib ki, “Bakı-2015” Avropa Oyunları tarixinə təkcə ilk Oyunlar kimi deyil, həm də ən möhtəşəm və yaddaqalan yarışlar kimi daxil olacaq.
Ukraynanın gənclər və idman nazirinin müavini Nikolay Movçan, Ukrayna MOK-un vitse-prezidenti Valeri Borzov və “Bakı-2015” Oyunlarında Ukrayna MOK-un nümayəndə heyətinin başçısı Anna Sorokina qeyd ediblər ki, belə oyunları yalnız Azərbaycan kimi güclü dövlətlər keçirə bilər.
Ukrayna tərəfi həmçinin bildirib ki, Oyunlarda Ukrayna komandasına idmanın 19 növü üzrə mübarizə aparacaq 243 atlet daxildir.
Tədbirdə jurnalistlərin sualları cavablandırılıb.
Zeynal Ağazadə
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycanin_Ukraynadaki_sefirliyinde_brifinq_ve_birinci_Avropa_Oyunlarinin_videoteqdimati_kechirilib-854438

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR