"Ermənistan bunu əldə "kozır" kimi tutur"

"Ermənistan bunu əldə "kozır" kimi tutur"
12:52 16 Yanvar 2015
115 Digər
Ölkə mətbuatı
A- A+

Politoloqların fikrincə, belə yaxın münasibətlər hər iki ölkə üçün böyük əhəmiyyət daşıyır
Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə dövlət səfəri etməsi ilə iki dövlət arasındakı münasibətlər mövzusu yenidən gündəmə gəlib.

İki ölkə arasında mövcud olan əlaqələrin daha da irəli aparılması Ankarada prezidentlərin iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 4-cü iclası zamanı da müzakirə olunub. Qeyd edək ki, dünyada və regionda gedən son proseslər fonunda Türkiyə-Azərbaycan münasibətlərinin əhəmiyyəti daha da artıb. Politoloqlar da iki ölkə arasında əlaqələrin genişlənməsinin indiki məqam üçün labüdlüyünü qeyd edir, reallaşdırılan səfərin bu istiqamətdə atılan vacib addımlardan biri olduğunu qeyd edirlər.

Politoloq Elman Nəsirov bizimlə söhbətində hələ 2010-cu ildə o zaman baş nazir olan Rəcəb Tayyib Ərdoğanın may ayının 14-də Azərbaycana səfəri zamanı Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının yaradılması barədə razılıq əldə edildiyini nəzərə çatdırdı: “2010-cu il avqustun 16-da eks-prezident Abdulla Gülün ölkəmizə səfəri zamanı isə “Türkiyə ilə Azərbaycan strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında müqavilə”, eləcə də “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında Birgə Bəyannamə” imzalandı. Həmin vaxtdan etibarən ikitərəfli münasibətlərimiz yeni inkişaf mərhələsinə qədəm qoydu. 2011-ci ildə İzmir şəhərində Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının ilk toplantısı keçirildi. Bu toplantı zamanı qaz tranziti, alqı-satqısı və təchizatı sahəsində çox mühüm razılaşmalar əldə edildi. 2012-ci ildə Qəbələdə, 2013-cü ildə isə Ankarada şuranın toplantıları baş tutdu. Bu görüşlər ikitərəfli münasibətlərin inkişafı üçün yeni imkanlar açdı. Hesab edirəm ki, 4-cü toplantı sözügedən dövlətlər arasında əlaqələrdə, xüsusilə, hərbi təhlükəsizlik parametrləri baxımından münasibətlərin inkişafında mühüm rol oynayacaq. Bilirsiniz ki, Azərbaycan və Türkiyə prezidentləri tərəflərdən birinin təcavüzə məruz qalacağı təqdirdə digərinin bu prosesə müdaxiləsi ilə bağlı çox ciddi fikir mübadiləsi aparırlar və artıq bu mövzuda ortaq mövqe var. Elə bunun özü də mühüm məqamdır. Çünki Ermənistan tez-tez Kollektiv Təhlükəsizlik Müqaviləsinin adını çəkir, hətta bunu əldə “kozır” kimi tutaraq Azərbaycanla hədələyici tonda danışır”.

Politoloq belə məqamları vurğulayaraq ölkə prezidentinin səfərinin olduqca böyük siyasi əhəmiyyət kəsb etdiyini bildirdi: “Şübhəsiz ki, səfər çərçivəsində ikitərəfli münasibətlər, enerji təhlükəsizliyi, iqtisadi və digər sahələrdə əməkdaşlığın inkişafı və regionun təhlükəsizlik məsələləri diqqət mərkəzində saxlanıldı. Təbii ki, danışıqlar prosesində qondarma erməni soyqırımının 100 illiyi ilə bağlı məsələlərin də müzakirə edildiyi aydın məsələdir. Hesab edirəm ki, koordinasiya olunmuş, əlaqələndirilmiş siyasət aparmaqla bağlı prezidentlərin fikir mübadiləsinə ehtiyac var idi. Səfərin nəticəsinin Ermənistan-Azərbaycan münaqişəsinə də təsirsiz ötüşməyəcəyini düşünürəm. Bütün sadaladığım məqamlar bir daha göstərdi ki, Azərbaycanla Türkiyə strateji tərəfdaşdırlar və münasibətləri daha da genişləndirirlər”.

Politoloq Qabil Hüseynli də iki ölkə prezidentinin görüşünə ehtiyac olduğunu qeyd etdi: “2015-ci il həm Türkiyə, həm də Azərbaycan üçün o qədər də asan keçməyə bilər. Çünki hər iki dövlətə müəyyən qüvvələr tərəfindən təzyiqlər var. Bilirsiniz ki, ermənilər Türkiyəyə qarşı xüsusi fəaliyyətə keçiblər. Bu o deməkdir ki, Azərbaycan və Türkiyənin birgə müzakirə etmək üçün çox ciddi mövzuları var. Təbii ki, ən aktual mövzulardan biri də qondarma erməni soyqırımı, onların 100 illiklə bağlı planlarıdır. Ermənistan nəinki Türkiyəyə, eləcə də, Azərbaycana qarşı aqressiv siyasətini gücləndirib. Amma təəssüf ki, Türkiyənin özündə Ermənistanla münasibətlərin yaxşılaşdırılması, sərhədlərin açılması, hətta diplomatik münasibətlərin qurulması kimi məsələlər qəzet səhifələrinə çıxarılır. Düşünürəm ki, bu məsələlərə aydınlıq gətiriləcək.

Unudulmamalıdır ki, Ermənistan qeyri-konstruktiv mövqeyindən əl çəkmir. Onlar hər gün təmas xəttində ordumuzla yanaşı, mülki əhalini də güllə-baran edirlər. Bundan başqa, türkdilli dövlətlərin birliyi məsələsi də müzakirə olunub. Düzdür, hazırda münasibətlər yaxşı vəziyyətdədir və normal qaydada inkişaf edir. Amma bəzi məsələlərdə ciddi iradə nümayiş etdirmək lazımdır”.

Q.Hüseynlinin fikrincə, Türkiyə ilə Azərbaycan arasında müzakirə olunan digər vacib məsələ TANAP layihəsidir: “Türkiyə öz ərazisindən keçməklə Rusiya ilə yeni qaz kəməri çəkilişi layihəsi razılaşdırır. Azərbaycan Türkiyənin mövqeyini dəqiq bilməlidir. Bilirsiniz ki, ölkəmiz Türkiyəyə böyük sərmayə yatıran ölkədir. Münasibətlərdə hər bir məqam önəmlidir”

Kaspi.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR