Müxalifətdə hələ belə dava olmamışdı: Pula görə bir-birilərini... - FAKTLAR

Müxalifətdə hələ belə dava olmamışdı: Pula görə bir-birilərini... - FAKTLAR
17:43 6 Sentyabr 2019
62 Digər
Ölkə mətbuatı
A- A+

Milli Şura və AXCP üzvlərinin sosial şəbəkələrdə REAL-a qarşı hücumundan sonra ara yenidən qarışdı. İttihamların havada uçuşduğu bu dava həm də bir çox mətləbləri, xüsusilə Milli Şuranın real elektoratının “trol dəstəsi”ndən başqa bir şey olmadığını ortaya çıxardı.

REAL-ın icra katibi Natiq Cəfərli bəyan etdi ki, “Milli Şura şəxsimə və REAL-a qarşı qarayaxma, çamuratma kampaniyasını ərşə qaldırıb”.

N.Cəfərli indiyə qədər dəfələrlə gündəmə gələn Əli Kərimlinin trollarına da işarə vurub.

“Fikri olub beyni olmayan bir qrup adam (sayları 100-ü keçmir, sadəcə hər birinin də 4-5 saxta profili var) küy yaradaraq fikir formalaşdırmağa çalışırlar. Və bu kampaniya birbaşa MŞ rəhbərliyinə daxil olan adamlar tərəfindən qızışdırılır, idarə olunur və yönləndirilir. Həmin siyasi düşüncə tərzinin 25 ildir daşıyıcısı olanlar zaman-zaman eyni kampaniyanı ya öz təşkilatlarının içində olanlara, ya da digər siyasi partiyalara qarşı aparıblar. Öz partiyalarından hökumət tərəfə keçib deputat, məmur olan onlarla adam var deyə kompleksə düşüblər, fərqli düşünən görəndə sanki havalanırlar, ağılları-bilikləri yoxdur deyə ancaq satqın söhbəti salırlar”, - REAL təmsilçisi qeyd edib.

N.Cəfərli Milli Şuranın üzvü Gültəkin Hacıbəyliyə də çağırış edib: “Ona son şans vermək istəyirəm - özü seçdiyi istənilən jurnalistlə birgə canlı yayımda debat edək, bütün daşları ətəyindən töksün, jurnalust istənilən sualı versin, mən isə ondan bir zaman nədən REAL-a gəlmək istədiyini, nə cavab aldığımı soruşacam. Cavab gözləyirəm”.

G.Hacıbəyli isə cavabında N.Cəfərlinin ağ yalan danışdığını deyib və REAL rəhbəri İlqar Məmmədova şikayət edib.

“Mən üzümü hörmətli İlqar bəyə tuturam. Natiq Cəfərli bu ağ yalanını ona istinadən danışır, çünki, mənim Natiq Cəfərli və ya başqa REAL-çılarla ünsiyyətim olmayıb. Mən İlqar bəyi ləyaqətli insan kimi tanıyıram, ən azı 5 il yarım ləyaqətlə həbs həyatı yaşadığı şübhəsizdir. Natiq Cəfərlinin bu böhtanına cavab verməyi ondan gözləyirəm”, - Hacıbəyli Məmmədovdan mədəd umub.

İlqar Məmmədov susqunluğu ilə xanım Hacıbəylinin şikayətini qulaqardına vurub, əvəzində Sevinc Ozmanqızının “xəbərçiliyini” ifşa edib: “Mən həbsdən çıxandan dərhal sonra Sevinc Osmanqızı zəng vurub “xəbərçi”liyi birinci etdi, təxminən belə: “İlqar, sən bilirsən, Natiq Cəfərli Mehriban Əliyevanın vitse-prezidentliyinə “niyə də yox” deyib”. Natiqə heç nə demədim, mövzunu dibinə kimi araşdırdım. Saxta və boş bir ittiham idi. Fikirləşdim ki, Sevinc xanım sadəcə səhv edib. Sonra gördüm ki, Sevinc Osmanqızı bir partiyanın mətbuat katibi imiş. Əməkdaşlığı kəsdim, çünki mənim bir partiya sədrinə deməyə sözüm varsa, birbaşa özünə deyərəm, mətbuat xidmətinə yox. Amma bu cür kampaniyalar davam edirdi. Gördüm ki, həbsdə olduğum illərdə ara-sıra Erkin Qədirliyə qarşı, Azər Qasımlıya qarşı, başqalarına qarşı bu növdə kampaniyalar aparılıb”.

S.Osmanqızı isə İlqar Məmmədovu yalan danışmaqda ittiham edib: “Dünən İlqar Məmmədov ikimizin arasında olan bu söhbəti təhrif edərək, mənə don geydirmək üçün istifadə edib. Görəsən onu həbsdə mənim qədər müdafiə edən olubmu? Onun azadlığa çıxanda ilk müsahibə verdiyi adam mən olmamışammı? Doğrudanmı İlqar Məmmədov özündə heç bir yanlışlıq görmür? Nə vaxtadək jurnalistlərdə özünə düşmən görəcək? Təəssüf edirəm”.

Bundan sonra S.Osmanqızının cəbhəsində olanlar REAL-a qarşı açıq hücuma başladı. Xüsusilə İ.Məmmədovu hakimiyyətə işləməkdə, müstəqil jurnalistlərə hücum etməkdə ittiham edirlər. Burada müstəqil jurnalist kimi S.Osmanqızı nəzərdə tutulur. Lakin Avropada yaşayan Nahid Cəfərov “açıb sandığı", Osmanqızının görünməyən tərəfdəki üzünü göstərib.

N.Cəfərov yazır: “Bu statusu bu baş bütpərəst üçün yazmıram, sizlər üçün yazıram ki, həqiqəti biləsiniz. Sevinc Osmanqızı yalanlar tirajlamaqla milləti barmağına dolayır. Xalqın üzünə yalan danışmağı bacaran bir “jurnalist” heç zaman xalqın dərdinə yanmaz. Sevinc Osmanqızı hələ 1 il bundan qabaq efirdən (Cəmil HəsənliTofiq Yaqublu qonağı idi və həmin videonu kanalından yığışdırıb) mənə agent dedi və bunu da mənim klassik bütpərəstləri tənqid etdiyim və onlarla bağlı çəkdiyim videolara qoyduğum başlıqla əsaslandırmışdı. Daha sonra Arif Məmmədovla məni efirə dəvət etdi. Düşündüm ki, insandır və yanlışlıq edə bilər. Mən sizin gözünüzün qarşısında bu bütpərəstləri heç zaman tərifləməmişəm. Sevinc Osmanqızına veriliş aparmağı özüm təklif etdim. Şərtimiz də bu oldu ki, öz "facebook" səhifəmdə etdiyim tənqidi onun kanalında etməyim. Razılaşdıq və 1-2 yayımdan sonra adam mənə “Nahid bəy, bir ideyam var, danışaq” deyərək, mesaj yazdı. Həmin mesaj məndə durur, özündən icazə almadığım üçün paylaşmıram”.

T.Cəfərov Osmanqızının Əli Kərimlinin “vəkili” olduğunu da qeyd edir: “Bu yaxınlarda Sevinc Osmanqızı Əli Kərimli bütünü tənqid etdiyi zaman bir vətəndaşın səsini kəsdi. Bunu sərt bir formada tənqid edəndən sonra indi çıxıb bu yalanları tirajlayır. Ona biri sual versin ki, Nahid Cəfərov haçansa bu bütlərə tapınıbmı və ya haçansa bu bütləri baltalamaqdan əl çəkibmi? 19 yanvar mitinqindən sonra Əli Kərimlinin qarşısında şərt qoyaraq ona deyil, prosesə dəstəyimi bəyan etdim. Sevinc Osmanqızının niyyətinin nə olduğunu bilmirəm, amma bildiyim odur ki, adam batmaqda olan bir gəmiyə minib. Klassik, sovetdənqalma düşüncə tərzli müxalifət ölkədə olan bütpərəstliyi daha da gücləndirir və xalq da bunu qəbul etmir. Əmin olun ki, bir müddətdən sonra sizə baxanlar sizi Kərimlinin bütpərəsti kimi qəbul edəcək. O zaman izləyicilərinizin sayını digər kanallar kimi tam saxta botlarla artırmaq məcburiyyətində qalacaqsınız. Sizinlə bağlı donor təşkilatlarına da faktlar əsasında məlumatlar gedir”.

Bu dava bir sıra nüansları yenidən gündəmə gətirdi:

- Müxalifətin gerçək mübarizəsi xalqın maraqları yox, “kim daha güclüdür” prinsipi ilə şəxsi ambisiyalarıdır və bir-birilərinə qarşı etdikləri hücumlar da öz maraqlarının təmin edilməsi və çıxa bilmədikləri siyasi kompleksdən irəli gəlir.
- Əsas mübarizə ortada fırlanan pullardan daha çox pay qoparmaq uğrunda gedir. N.Cəfərovun S.Osmanqızı haqqında “Sizinlə bağlı donor təşkilatlarına da faktlar əsasında məlumatlar gedir” sözləri bunun sübutudur. Məlum olur ki, donor təşkilatları Avropadakı “söyüş müxalifəti”nə külli miqdarda maliyyə ayırır və “haqq-ədalət” haqqında moizə oxuyanların məqsədi Azərbaycan xalqının maraqları yox, məhz həmin pulların həzmi-rabedən keçirilməsidir.
- Milli Şura və AXCP-nin “çoxminlik elektorat” adlandırdıqları əslində sosial şəbəkələrdə bir neçə yüz adamın yaratdığı minlərlə feyk profillərdir.
- Belə müxalifət heç vaxt Azərbaycanda hakimiyyətə gələ bilməyəcək. Buna görə xalq olaraq Allaha şükür etməliyik!

Asif Nərimanlı


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/289482.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR