Biz 23 il əvvəl etmişdik: erməni isə indi ayılır!

Biz 23 il əvvəl etmişdik: erməni isə indi ayılır!
13:05 16 Yanvar 2015
391 Digər
Ölkə mətbuatı
A- A+

Ermənistanda baş verən Gümrü hadisələri Rusiyanın Cənubi Qafqazdakı son dayaqlarının da laxlamasından xəbər verir. Puşkinin bir zaman yazdığı “Смирись, Кавказ: идет Ермолов!” (Taleyinlə barış, Qafqaz: Yermolov gəlir!) misralarını artıq tərsinə oxumağın zamanı çatıb. Çünki hadisələrin inkişafı yaxın illərdə general Yermolovun xələflərinin Cənubi Qafqazdan tam çıxacağını göstərir.
Yanvarın 12-də səhər Ermənistanın Gümrü şəhərində 6 nəfərdən ibarət Avetisyan ailəsi güllələnib. Güllə yarası alan ailənin 5 nəfəri yerindəcə keçinib. Bir azyaşlı körpə isə yaralı halda xəstəxanaya çatdırılıb. Hərbçi Valeri Permyakov cinayəti törətdiyini etiraf edib və indi o, Rusiyanın Gümrüdəki hərbi bazasında saxlanılır.

Hadisə Ermənistan ictimaiyyətində böyük ajiotaja səbəb olub. Minlərlə insan Permyakovun Ermənistan hüquq mühafizə orqanlarına təhvil verməsini tələb etsə də, Rusiya tərəfi bundan imtina edib. Rusiya qanunlarına görə, ölkə vətəndaşının başqa dövlətə təhvil verilməsinin mümkün olmadığını vurğulayıblar.



Hadisələrin ən pik həddi ötən gün yaşandı. Gümrü prokurorluğunun qarşısında Avetisyan ailəsini öldürməkdə günahlandırılan Valeri Permyakovun Ermənistana verilməsini tələb edən etirazçılarla polis arasında toqquşmalar baş verdi. Toqquşmalar 3-ü polis olmaqla 12 nəfərin yaralanması ilə nəticələndi.

Etirazlar prokurorluqla yekunlaşmadı. Ermənistandakı Rusiya səfirliyi üçün də təhlükə yarandığı bildirildi. Etirazçılar səfirliyin qapı-pəncərələrini daşlamağa başladılar.

Aksiya iştirakçıları baş vermiş hadisəyə görə Rusiya prezidenti Vladimir Putindən izahat verməsini, erməni xalqından üzr istəməsini və Rusiya hərbi bazalarını Ermənistan ərazisindən çıxarmasını tələb ediblər. Bu hadisə Ermənistanda terror aktı kimi qiymətləndirilib.

Bu arada qeyd edək ki, Rusiyanın Gümrüdəki hərbi bazaları 1995-ci ildən fəaliyyət göstərir. Ermənistanda bu bazalara münasibət heç vaxt birmənalı olmayıb. Məsələn, bir müddət əvvəl müqavilənin müddətinin uzadılması bu ölkədə müxtəlif reaksiyalarla müşayiət olundu. Rusiya hərbi bazalarının Ermənistanın təhlükəsizilyi üçün vacib amil hesab edənlərə belə cavab verənlər də tapıldı: "Əgər Rusiya S-300 “Favorit” raket sistemlərini Azərbaycana satırsa, onda hərbi bazalarını Ermənistanda niyə saxlayır?"



Hadisələrin bundan sonrakı inkişafı göstərdi ki, Rusiyanın Ermənistandakı mövcudluğu cəmiyyətdə narazılıq, bəzən də qıcıq yaradır. Bir qədər yaxın keçmişə nəzər salsaq, görərik ki, qonşu ölkədə Rusiyaya qarşı etirazlar və rusların ermənilərə qarşı qeyri-adekvat davranışları ilk hadisə deyil.

2013-cü ilin iyul ayının 13-də Rusiyanın Podolsk şəhəri yaxınlığında qəza törədərək 18 nəfərin ölümünə, 30-dək adamın xəsarət almasına səbəb olmuş  Ermənistan vətəndaşı Hraçya Harutyunyanın məsələsini yada salaq. O zaman erməni sürücü məhkəməyə aşağılanaraq qadın xalatında gətirilmişdi. Ermənistan vətəndaşının məhkəmə zalına qadın xalatında gətirilməsi Ermənistan ictimaiyyətində geniş etirazlara səbəb olmuşdu. İctimai xadimlər Harutunyana geydirilmiş qadın xalatının əslində Ermənistan hökumətinə geyindirildiyini bildirmişdilər.

Elə həmin vaxt da Ermənistanın bəzi dairələrində Rusiya hərbi bazalarının ölkədən çıxarılmasını tələb edənlər də var idi. Elə bu gün də Avetisyan ailəsinin faciəsi rus hərbçilərinin Ermənistandan çıxarılması tələbi ilə müşaiyət olunur.

Ermənistanın xoşbəxt gələcəyi üçün mühüm olan Azərbaycan və Türkiyə ilə münasibətlərin yaxşılaşması üçün ilk əvvəl işğalçılıq siyasətindən vaz keçməyin mühüm olduğunu anlayanlar da var.

Erməni ictimaiyyətində hər zaman ölkədə rus mövcudluğuna etiraz edənlər olub. Ölkə rəhbərliyindən fərqli olaraq, müstəqil ictimai xadimlər anlayıblar ki, ölkələrinin gələcəyi Rusiyanın vassallığında deyil, müstəqil siyasət yürütməkdən, qonşu ölkələrlə, o cümlədən Azərbaycanla normal qonşuluq münasibətləri qurmaqdan keçir. Ən yaxın və Ermənistanın xoşbəxt gələcəyi üçün mühüm olan Azərbaycan və Türkiyə ilə münasibətlərin yaxşılaşması üçün ilk əvvəl işğalçılıq siyasətindən vaz keçməyin mühüm olduğunu anlayanlar da var.



Bununla belə, Qarabağ kartı ilə ölkə rəhbərliyinə gələn və hakimiyyəti qorumaq üçün Moskvanın güvənli dayaq olduğunu bilən Sarkisyan və əvvəlki Koçaryan hökumətləri Ermənistanın milli maraqlarını nəzərə almadan Rusiyanın boyunduruğuna girməyə məmnuniyyətlə razı olublar. Elə bu gün də öz hakimiyyətlərini qorumaq üçün imperialistin “parçala və hökm sür” siyasəti üçün vasitə olublar.

Artıq heç kimə sirr deyil ki, Qarabağ, Cənubi Osetiya və Abxaziya münaqişələri Cənubi Qafqazı daha rahat idarə edə bilmək üçün düşünülmüş “parçalama” siyasətidir.

Hər zaman özlərinə güclü ağa axtaran erməni başbilənləri isə ola bilsin ki, artıq Rusiyanın güvənli ağa olmadığını anlayırlar.

Artıq dünya dəyişir, şərtlər də dəyişir. Yeni dünyada köhnə imperialist üsullar keçmir. Dünyada baş verən hadisələrin fonunda məsələyə nəzər salsaq, maraqlı məqamlar görərik. Rusiyanın Qərb dünyası tərəfindən təcrid edilməsi iqtisadi qüdrətinin sarsılması ilə nəticələnir. Hər zaman özlərinə güclü ağa axtaran erməni başbilənləri isə ola bilsin ki, artıq Rusiyanın güvənli ağa olmadığını anlayırlar.



Dünya tarixi göstərir ki, bütün böyük münaqişələr xırda cinayətlərdən başlayıb. Avstriya-Macarıstan ordusunun baş komandanı, ershersoq Frans-Ferdinandın öldürülməsi birinci dünya müharibəsinə səbəb oldu. Elə bizim yaşadığımız Qarabağ Münaqişəsi də iki ağdamlı gəncin Xankəndi şəhərində ermənilər tərəfindən öldürülməsi ilə başladı.

6 nəfərdən ibarət Avetisyan ailəsinin qətli yeni münaqişəyə səbəb olacaqmı? Bunu zaman göstərəcək. Ancaq bütün bunlardan sonra sonuncu rus əsgərinin də Qafqazdan gedəcəyi şübhəsizdir.

Azərbaycan isə ermənilərin indi etmək istədiklərini 23 il əvvəl etmişdi. Sonuncu rus əsgəri 1992-ci ildə ölkədən çıxardılmışdı.

Teymur Hacıyev
Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR