"Gələcək həyat yoldaşım sənətimi qəbul etməlidir, çünki..." - Yeganə qadın klarnet ifaçısı ilə MÜSAHİBƏ

Metbuat.az ölkəmizin yeganə qadın klarnet ifaçısı olan Nərgiz Eminova ilə müsahibəni təqdim edir:

Əvvəlcə özünüz və təhsiliniz barədə danışardınız, sizi daha yaxından tanıyaq.

Mən Eminova Nərgiz, 1997-ci ildə Bakı şəhərində anadan olmuşam. Əslən Qarabağlıyam. İlk öncə bunu qeyd etmək istəyirəm ki, məni Qobulu zənn edilər, orada yaşadığım üçün. Ancaq mən Qobulu deyiləm.

2012-ci ildə fəxri fərmanla Bülbül adına orta ixtisas məktəbini, 2019-cu ildə isə Bakı Musiqi Akademiyasını "Fərqlənmə diplom"u ilə bitirmişəm.

Müsahibənizdə demisiz ki, pianodan klarnetə keçmisiniz. Necə oldu ki, məhz klarnetə maraq yarandı? Ailədə ifa edən var idi?

Bəli, pianodan klarnetə keçdim. 5 yaşımdan piano ixtisası üzrə təhsil aldım, anam pianoçu olmağımı istəyirdi. Ancaq həvəsim yox idi pianoya. Ailədə musiqiçi yox idi, klarneti uşaqlıqdan sevirdim. Evdən isə istəmirdilər klarnet ifa etməyimi. Mən 9-cu sinifdə oxuyarkən qərarlaşdırdım ki, artıq piano ifa etməyəcəyəm və fakultətiv klarnetə keçməyə qərar verdim. Bunun üçün məktəbimizin direktoru, xalq artisti dirijor Teymur Göyçayev mənə çox köməklik etdi. Onun mənim üzərimdə zəhməti çox böyükdür, həmçinin müəllimlərimin. 6 ay fakultətiv klarnetə getdikdən sonra director ifamı bəyəndi və ixtisasımın klarnet olmasına icazə verdi.

Evdən bir çox narazılıqlar oldu, Teymur müəllim anamla danışmasaydı, bəlkə də bugün klarnet ifaçısı olmayacaqdım. O anama dedi ki, bir peşəkar kimi qızınızın gələcəyini klarnetdə görürəm. Anam ürəyində istəməsə də, razılaşdı. Artıq 10-cu sinfə keçərkən ixtisasım klarnet oldu.

Toylara nə vaxtdan getməyə başladınız?

20 yaşımdan toylara getməyə başladım. İlk öncə belə fikrim yox idi, çünki, klassik musiqi ilə məşğul olurdum. Sadəcə gələn bir çox təklifləri nəzərə alaraq, getməyə başladım. Hal-hazırda toylarda klarnet ifa edən xanım yoxdur.

Toylarda xoş olmayan hallarla rastlaşmısız ?

Xeyr, rastlaşmamışam.

Ailənizin bu sənətlə məşğul olmağa münasibəti necədir?

Atam narazı olmayıb klarnet ifa etməyimdən, anam ilk öncə istəmirdi. Zamanla uğurlarımı gördükcə, qəbullandı. Ailəm hər zaman mənə dəstək olur.

Toylara getməyinizdən narazı deyillər ki?

Toylara getməyimə narazı deyillər. Ona görə ki, musiqiçinin də normal gəlir sahəsi toydur, bu qəbulolunandır.

Nə vaxtsa balaban və ya başqa nəfəs alətinə meyllənmək kimi fikriniz varmı?

Bəli, hal-hazırda klarnet və qara zurna ifa edirəm. Yaxın zamanlarda fikrim saksafon, gələcəkdə isə balaban ifa etməyi öyrənməkdir.

Fərqli sənətlər seçmək istəyən qızlara nə demək istərdiniz?

Fərqli sənət seçmək istəyən qızlara demək istədiyim odur ki, sənət seçərkən fərqlilik olsun deyə bunu etməyin. Həvəsiniz, istəyiniz olan sənətə yönəlin. Çünki, insan istəyəndə hər bir çətinliyin öhdəsindən gələ bilir.

Sənətinizlə bağlı başınıza maraqlı hadisə gəlib?

Başıma maraqlı hadisə gəlməyib, sadəcə məclislərdə klarnet ifa edən qadın insanlara maraqlı gəlir, təəccüblənirlər.

Gələcəkdə həyat yoldaşınız sənətinizə maneə olsa, nə cür bir qərar verəcəksiniz?

Həyat yoldaşım sənətimi qəbullanmalıdır, çünki sənəti atmaq fikrim yoxdur.

Elə anlar olub ki, bu sənəti seçməkdə peşman olmusunuz?

Peşmançılığım heç vaxt olmayıb. Bəzən düşünürəm ki, bir az tez başlasaydım klarnetə, daha yaxşı olardı. Amma bu da Allahın qismətidir.

Zaman ayırdığınız üçün təşəkkür edirik.

Cavidan Mirzəzadə / Metbuat.az


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR