Vəziyyət dəyişir: Boltonun istefasından sonra Tramp Ruhani ilə görüşmək istədiyini bəyan etdi...

Vəziyyət dəyişir: Boltonun istefasından sonra Tramp Ruhani ilə görüşmək istədiyini bəyan etdi...
16:42 11 Sentyabr 2019
76 Dünya
Ölkə mətbuatı
A- A+

ABŞ Prezidenti Donald Tramp bir daha İran Prezidenti Həsən Ruhani ilə görüşmək istədiyini bildirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, ötən gün Ağ evin qarşısında jurnalistlərin suallarını cavablandıran D.Tramp bəyan edib ki, Prezident H.Ruhani ilə görüşməsi üçün heç bir problem yoxdur.

Bundan əvvəl D.Trampın özü və dövlət katibi Maykl Pompeo bildirmişdilər ki, rəsmi Vaşinqton İran ilə yenidən danışıqlara başlamaq niyyətindədir. Dövlət katibi ABC News kanalına müsahibəsində demişdir ki, Prezident D.Tramp Həsən Ruhani ilə görüşmək istəyir.

Maraqlı məqam ondan ibarətdir ki, dünən D.Tramp milli təhlükəsizlik məsələləri üzrə müşaviri və İrana qarşı sanksiyalar siyasətinin müəllifi Con Boltonu istefaya göndərdikdən sonra H.Ruhani ilə görüşmək istədiyini bildirib.

İran mətbuatı qeyd edir ki, ABŞ Prezidenti sanksiyaların əks səmərə verdiyini başa düşərək C.Boltonu istefaya göndərib və İrana qarşı xoş məramlı addım ataraq danışıqlara başlamaq niyyətini ortaya qoyub.

Rəsmi Tehran ABŞ Prezidentinin bəyanatına münasibət bildirməyib. Lakin İranın BMT yanındakı daimi nümayəndəsi Məcid Təxti Rəvanç bildirib ki, rəsmi Tehran ağır sanksiyalar şəraitində danışıqlar aparmayacaq.

Xatırladaq ki, sentyabrın 17-dən 26-na kimi Nyu-Yorkda BMT Baş Assambleyasının 74-cü sessiyası keçiriləcək. İranın Prezident administrasiyasından bildiriblər ki, Prezident Həsən Ruhani bu toplantıya qatılmaq üçün Nyu-Yorka gedəcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/world/785275.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR