Qəbələdə 20 Yanvar faciəsinin qurbanları ehtiramla yad edilir

Qəbələdə 20 Yanvar faciəsinin qurbanları ehtiramla yad edilir
13:19 16 Yanvar 2015
96 Ölkə
Ölkə mətbuatı
A- A+


Qəbələ, 16 yanvar, AzərTAc
Azərbaycan tarixinin qanlı səhifəsi olan 20 Yanvar faciəsinin 25-ci ildönümü Qəbələ rayonunda silsilə tədbirlərlə qeyd edilir.
AzərTAc xəbər verir ki, tədbirlər planına uyğun olaraq rayon təhsil şöbəsində, gənclər və idman idarəsində, Qəbələ Peşə Tədrisi Mərkəzində, şəhərdəki Heydər Əliyev Mərkəzində, polis şöbəsində, ərazi vergilər idarəsində, mərkəzi rayon kitabxanasında faciə qurbanlarının xatirəsinə həsr edilən konfranslar, “dəyirmi masa”lar keçirilib.
Tədbirlərdə əvvəlcə 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib.
Çıxış edənlər 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Azərbaycanda həyata keçirdiyi qətliam haqqında danışıblar. Həmin gecə keçmiş sovet dövlətinin hərb maşınının dinc Azərbaycan xalqına qarşı törətdiyi qətllərin insanlığa qarşı ağır cinayətlər olduğu, milli azadlığı və öz ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxan xalqa görünməmiş divan tutulduğu diqqətə çatdırılıb.
Tədbirlərdə totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyəti haqqında danışılıb, Vətənin azadlığı, suverenliyi uğrunda qəhrəmanlıq göstərərək canlarından keçən oğul və qızların şücaətindən söhbət açılıb. Qeyd olunub ki, 1990-cı ilin 20 Yanvar hadisəsi öz azadlığı uğrunda mücadilə edən Azərbaycan xalqının əsl qəhrəmanlıq nümunəsi, ləyaqətini qorumaq üçün hər cür qurban verməyə hazır olan bir millətin tarixində şərəfli bir səhifədir.
20 Yanvar faciəsinin müstəqillik, istiqlal və hürriyyət uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbaycanın tarixinə həkk olunduğu vurğulanıb.
Sonda faciəni əks etdirən videomateriallar nümayiş etdirilib.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Qebelede_20_Yanvar_faciesinin_qurbanlari_ehtiramla_yad_edilir-825229

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR