2014-cü ildə pensiyaların qrafikdən əvvəl maliyyələşdirilməsi təmin olunub

13:19 16 Yanvar 2015
97 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc 
2014-cü il ərzində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib.
AzərTAc xəbər verir ki, bunu DSMF-nin ötən il üçün büdcəsinin icrası ilə bağlı açıqlamasında Fondun sədri Elman Mehdiyev deyib. E.Mehdiyev vurğulayıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurla gerçəkləşdirdiyi islahatlar nəticəsində əldə edilmiş makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik artımı ölkəmizin sosial-iqtisadi həyatının bütün sahələrinin, o cümlədən sığorta-pensiya sisteminin davamlı inkişafını təmin etməkdədir. Bu əsasda DSMF-nin gəlir və xərclərinin icrası, sığorta-pensiya sistemində beynəlxalq standartların tətbiqi və əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri 2014-cü ildə də uğurla davam etdirilib.
Fondun sədri məlumat verib ki, 2014-cü ildə Fondun gəlirləri 2894,3 milyon manat təşkil edib ki, bu da 2013-cü ilə nisbətən 223 milyon manat və ya 8,3 faiz çoxdur. Hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2013-cü ilə nisbətən 10,2 faiz və ya 160,8 milyon manat artaraq 1744,9 milyon manat təşkil edib.
Bildirilib ki, 2014-cü ildə sosial sığorta haqlarının 64,6 faizi və ya 1126,4 milyon manatı qeyri-büdcə sektorundan daxil olub ki, bu da əvvəlki ilə nisbətən 13,5 faiz və ya 134,4 milyon manat artıqdır. E.Mehdiyev bunun ölkədəki iqtisadi inkişafın birbaşa göstəricisi olduğunu vurğulayaraq, sosial sığorta sistemində iştirakçıların aktivliyinin artırıldığını da xüsusi qeyd edib.
Məlumat verilib ki, hesabat dövrü ərzində həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və torpaq pay mülkiyyətçilərinin sosial sığortaya cəlb edilməsi işləri gücləndirilib. Nəticədə, 2013-cü il ilə müqayisədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən daxilolmalar 15,1 faiz, torpaq pay mülkiyyətçilərindən daxilolmalar 5,4 faiz artıb.
Diqqətə çatdırılıb ki, büdcədən maliyyələşən təşkilatlardan daxil olmuş sosial sığorta haqqının məbləği 618,5 milyon manat təşkil edib. Hesabat dövründə dövlət büdcəsinin transferti proqnozla nəzərdə tutulduğu məbləğdə, yəni 1142 milyon manat həcmində Fondun hesabına daxil olmuşdur. DSMF-nin sair gəlirlər (sanatoriya-kurort yollayışlarının qismən dəyərinin ödənilməsi və s.) üzrə daxilolmaları 7,4 milyon manat təşkil edib.
Ötən il ərzində DSMF-nin xərclərinin 2868,8 milyon manat təşkil etdiyini bildirən E.Mehdiyev bunun da 2809,1 milyon manatının və yaxud 98 faizinin əhaliyə ödənişlərə yönəldildiyini deyib. Qeyd olunub ki, pensiya xərcləri 2738,5 milyon manat, məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər isə 70,6 milyon manat təşkil edib.
Həmçinin bildirilib ki, Fondun aparatının və yerli orqanlarının saxlanılması xərcləri 22,5 milyon manat, pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərclərinə 17,5 milyon manat, sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vasitəsilə maliyyələşdirilən xərclər 18,6 milyon manat təşkil edib.
 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/2014_cu_ilde_pensiyalarin_qrafikden_evvel_maliyyelesdirilmesi_temin_olunub-825228

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR