Azərbaycanda dollar ona görə azalır

Azərbaycanda dollar ona görə azalır
13:22 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Ekspertlər milli valyutamızdan arxayındırlar
Nazirlər Kabinetinin sonuncu müşavirəsində xüsusi vurğulanan məsələlərdən biri də manatın məzənnəsi ilə bağlı oldu. Bildirildi ki, ötən il bir sıra ölkələrdə müəyyən xarici və daxili amillərin təsiri altında əsl valyuta böhranları baş verib, bir sıra milli valyutalar məcburi olaraq ciddi devalvasiyaya uğrayıb, lakin Azərbaycan manatı öz sabitliyini qoruya bilib. Manatın məzənnəsi makroiqtisadi və maliyyə sabitliyinin, xüsusilə də sosial sabitliyin vacib amilidir. Sabit məzənnə əhalinin gəlirlərinin, yığımlarının dəyərdən düşməsinin qarşısını alır və korporativ və maliyyə sektorunda sabitliyin təmin olunmasının çox mühüm amilidir. Bir sıra beynəlxalq agentliklər bu yaxınlarda manatı Müstəqil Dövlətlər Birliyi və Şərqi Avropa məkanında ən stabil və etibarlı valyuta kimi tanıyıb və onun çox müsbət perspektivlərini qeyd ediblər. 2014-cü ildə qonşu ölkələrdə, bölgədə gedən mürəkkəb proseslərlə bağlı yaranmış psixoloji təzyiqlərə baxmayaraq, vaxtında görülmüş tədbirlər nəticəsində manatın məzənnəsi sabit saxlanılıb. Bunun üçün Mərkəzi Bank valyuta bazarının həm nağd, həm də qeyri-nağd seqmentlərində çevik tənzimləmə tədbirləri görüb.

Prezident İlham Əliyev manatın məzənnəsinin nəinki sabit olduğunu, hətta bir neçə ildir ki, əsas dünya valyutalarına qarşı daha da böyük dəyər qazandığını vurğuladı. Ölkə başçısı xarici vətəndaşları, iş adamlarını öz vəsaitlərini manatda saxlamağa çağırdı: “Manatın məzənnəsi bir çox məsələlərin həlli üçün bizə imkanlar yaradır, ilk növbədə, ölkəmizin dinamik və uğurlu inkişafına xarici investorlarda inamı artırır, Azərbaycan əhalisinin rahat yaşamasını təmin edir. Manatın sabit qalması insanların birbaşa yaşayış səviyyəsinin yaxşılaşmasına xidmət edir və əlbəttə ki, bu amillər hər bir ölkə üçün önəmlidir. Hər bir ölkə üçün onun milli valyutası müstəqilliyin atributlarından biridir. Bu gün manat dünya miqyasında ən sabit valyutalardan biridir. Hesab edirəm ki, xarici vətəndaşlar və xarici şirkətlər öz vəsaitini manat hesablarında saxlasalar uduzmazlar. Həm pullar yerində qalacaq, eyni zamanda, o pullar onlara əlavə gəlirlər gətirəcəkdir. Çünki indi dünyada bir çox maliyyə institutlarında depozitlərə artıq faiz vermirlər. Sadəcə olaraq depozitləri bir əmanət kimi saxlayırlar”.

Parlamentin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli manatın məzənnəsi ilə bağlı danışarkən bildirdi ki, milli valyutanın sabitliyi makroiqtisadi sabitliyin mühüm amilidir: “Manatın sabitliyi həm də maliyyə sabitliyinin, xüsusilə də sosial sabitliyin vacib amilidir. Sabit məzənnə əhalinin gəlirlərinin, yığımlarının dəyərdən düşməsinin qarşısını alır və korporativ və maliyyə sektorunda sabitliyin təmin olunmasının çox mühüm amilidir. Azərbaycan manatı ötən illərdə olduğu kimi, 2014-cü ildə də nisbi sabitliyini qoruyub saxlaya bildi. Ona görə ki, Azərbaycan dünya iqtisadiyyatının mühüm tərkib hissəsi kimi dayanıqlığını daha etibarlı şəkildə qoruyub saxlaya bilən iqtisadiyyatlar sırasına aiddir. Xarici konyukturanın pisləşməsinə baxmayaraq, ötən il Azərbaycanın tədiyyə balansının cari hesabında 11 milyard dollardan çox profisit yarandı. İxracın həcmi idxalı 2,6 dəfə üstələyir. Ölkənin strateji valyuta ehtiyatları 50 milyard dolları ötərək ümumi daxili məhsulun 70 faizinə çatır. Strateji ehtiyatlar xarici dövlət borcunu 8 dəfədən çox üstələyir və 3 illik əmtəə və xidmət idxalını örtür. Bütün bu amillər manatın nisbi sabitliyinin 2015-ci ildə və qarşıdakı illərdə də saxlaya biləcəyindən xəbər verir. Bundan ötrü 2014-cü ildə olduğu kimi, 2015-ci ildə də Mərkəzi Bank valyuta bazarının həm nağd, həm də qeyri-nağd seqmentlərində çevik tənzimləmə tədbirləri görməklə, eləcə də qonşu ölkələrdə gedən mürəkkəb prosesləri nəzərə almaqla digər zəruri tədbirlər görülməklə orta perspektivdə manatın məzənnəsini sabit saxlamağa nail olacaq”.

İqtisadçı ekspert Vüqar Bayramovun fikrincə, manatın məzənnəsi ilə bağlı uzunmüddətli dövr üçün proqnoz vermək çətindir: “Nəzərə almaq lazımdır ki, Azərbaycanda manatın məzənnəsini bazar deyil, birbaşa Mərkəzi Bank müəyyənləşdirir. Neftin qiyməti aşağı düşənədək manatın məzənnəsilə bağlı hər hansı bir narahatlıq yox idi. Azərbaycan ixracatı idxalı təxminən 1/3 hissə üstələdiyindən, daxil olan vəsaitlərin həcmi ölkədən çıxan vəsaitlərin həcmindən təxminən 3 dəfə çoxdur.

Bundan əlavə, ölkəyə daha çox dollar kütləsi daxil olur. Bu da sözsüz ki, manatın məzənnəsinin aşağı düşməsinin qarşısını faktiki olaraq alır. Mərkəzi Bank zaman-zaman, əsasən də 2010-cu ildən başlayaraq manatın məzənnəsində kəskin möhkəmlənmənin qarşısının alınması üçün dolları dövriyyədən çıxarır. Amma məzənnənin möhkəmlənməsi yalnız idxal-ixracla müəyyənləşmir”.

Ekspertin fikrincə, orta və uzunmüddətli dövrdə manatın məzənnəsi dünyada birbaşa neftin qiymətindən asılı olacaq: “Neftin qiymətində kəskin azalma davam edərsə, bu, birmənalı şəkildə ölkəyə daxil olan investisiya kütləsinin azalması və praktik olaraq, dövriyyədə manat kütləsinin çoxalması, dolların isə azalmasına gətirib çıxaracaq. Digər tərəfdən, manatın növbəti mərhələdə məzənnəsi dövlətin devalvasiyaya gedib-getməyəcəyindən asılı olacaq. Rusiya təcrübəsi göstərir ki, devalvasiya bəzi hallarda büdcəni doldurmaq üçün əsas vasitələrdəndir. Dollar manata psixoloji təsir edir. Neftin qiyməti aşağı düşən zaman ölkəyə daxil olan dollar kütləsi azaldığı üçün dövriyyədə də dollar azalır. Vətəndaşlar isə daha çox dollara üstünlük verməyə başlayır. Çünki bu halda dollar risksiz təsiri bağışlayır”.

İqtisadçı ekspert Natiq Cəfərli isə bildirir ki, Mərkəzi Bankın rezervləri və tədiyyə balansımızın müsbət saldosu manatın kursunun sabit saxlanılmasına kifayət edəcək qədərdir. N.Cəfərli Rusiya rublunun kəskin enişinin qonşu dövlətlərə də təsir etməsi prosesini şərh edərkən qeyd edib ki, 2015-ci ilin sonuna qədər manatın məzənnəsinə ciddi təhdid yoxdur: “Mərkəzi Bankın rezervləri və tədiyyə balansımızın müsbət saldosu manatın kursunun sabit saxlanılmasına kifayət edəcək qədərdir. Amma bu, həm tədiyyə balansından, həm də neftin qiymətinin nə qədər aşağı səviyyədə qalmasından asılı olacaq”.

Kaspi.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/economy/319320.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR