"Sırf yaxın qohumlara cadu etmək üçün gedirlər, paxıllıq çox olur" - Niyə cadu edirik? - Psixoloq rəyi

İnsanlar niyə falçıya üz tuturlar? Başqalarına – həm də yaxın qohumlara cadu etmək, onların uğurlarına maneə olmaq istəyi nədən yaranır, onları buna nə vadar edir? Bunun bir cahillik olması bir yana, psixoloji səbəbləri nələrdir?

Metbuat.az mövzu ilə bağlı psixoloqlara müraciət edib. Saytımızla fikirlərini bölüşən tanınmış psixoloq Gülnar Orucova deyib ki, insanları falçıya getməyə müxtəlif səbəblər vadar edə bilir:

“Bəzən insanların çarəsiz vəziyyətdə qalmaları onları falçıların qapısına aparır, bəzən gələcəyi həddindən artıq öyrənmək istəyi: “Mən gələcəkdə nə olacağam və yaxud düşdüyüm bu çətinlikdən çıxa biləcəyəmmi?” Ümidləri üzüləndə, hər hansı bir problemlə qarşılaşanda və həll etməyə gücləri çatmayanda üz tuturlar falçılara. Bəzən də insanlar olur ki, öz həmyaşıdını, həmkarını, öz qohumunu, yaxınını “çəkə bilmir”. Bu səbəbdən dolayı, maneə olmaq məqsədi ilə falçıya gedirlər”.

Yaxın qohumlar arasındakı konfilktlərlə bağlı psixoloq qeyd etdi ki, ailələrdə baş verən bütün növ mübahisələrin, küsülülüklərin səbəbi böyüklərdir:

“Görürük ki, iki qaynarvadı bir-biri ilə düşməndir. Fikir versək görərik ki, məhz evin böyüklərindədir günah. Bu gün evin böyüyü böyüklük edə bilmirsə, o ailələrdə yaxın qohumlar bir-birinə düşmən kəsilir. Bu da çox vaxt mal-mülk bölgüsündə böyüklərin ədalətsizliyə yol verməsi üstündə olur. Azərbaycanda bir qanun var ki, ev ailənin kiçiyinə qalmalıdır. Əslində, bu bölgünü aparmaq da doğru bir şey deyil. Kimin evi yoxdursa, evə daha çox ehtiyacı olan kimdirsə, ev ona qalmalıdır. Ev bölgüsü üstündə, mal-mülk üstündə öz övladlarını bir-birlərinə düşmən edirlər. Qohumlar bir-birinə düşmən kəsilməməlidirlər. Bunun üçün ailənin böyüyü yaxşı böyüklük etməlidir”.

Gülnar Orucova bildirib ki, yaxın qohumlarına cadu etdirən insanlar sırf paxıllıqdan bunu edirlər:

“Bəzən də görürük ki, falçıya gedən insanlar sırf yaxın qohumlara cadu etmək üçün gedirlər. Niyə? Çünki, artıq bir-birini çəkə bilmirlər, bir-birinə qarşı pis münasibətləri var, bir-biri didirlər. İnsanlar arasında paxıllıq hissi çox olur. Məsələn, bunu özümə qarşı da hiss edirəm. Mən fəaliyyətə orta məktəbdə başlamışam. İndi mənə hərdən kolleqalarım deyirlər ki, “hardan gəldiyini unutma”. Əlbəttə ki, hardan çıxdığımı unutmaram. Mən orta məktəbdən çıxmışamsa, amma indi öz sözünü demiş bir psixoloqam. Ölkədə 50-dan çox sayta açıqlama verirəm. Baxıram ki, efirlərimin, pasiyentlərimin sayının çox olması kolleqalarımda, hətta, insanlarda özümə qarşı aqressiya yaranıb. Halbu ki, bir psixoloqun orta məktəbdən fəaliyyətə başlaması normaldır”.

Psixoloqun sözlərinə görə, insanlar bəhsə girərək, bir-birlərinə görə hərəkət edirlər:

“Məsələn, bu gün ilk dərs günü idi. Hətta fikir verdim ki, məktəbdə ilk zəngi çalmaq üçün də valideynlər mübarizə aparır ki, “Yox, mən hörmət edəcəyəm ki, ilk zəngi uşağım çalsın”. Bu şeylər mənə bir az qəribə gəlir. Görün insanlar özlərini başqalarına göstərmək üçün nələr edirlər. Bu gün insanların sosial şəbəkəyə görə geyim alması, gəzməyə getməsi, bahalı toy etməsi - hamısı insanların istirahətini məhdudlaşdırır. Toyda o qədər şəkil çəkilir ki, adam oynamaqdan deyil, şəkil çəkdirməkdən yorulur”.

Mövzu ilə bağlı müraciət etdiyimiz psixoloq Aytən Ələkbərova bildirdi ki, insanların yaxınlarına cadu etməsinin səbəbi onlara pislik etmək istəyinin yaranmasından irəli gəlir:

“İnsanların falçılara üz tutması, inam hisslərinin olması və özlərində yaranacaq müvəqqəti sakitliyə görə olur. Təsəvvür edin ki, bu zaman artıq həmin insanla öz düşüncələri arasında psixi inika yaranır. Və bu zaman artıq falçılar onlara manipulyasiya edirlər, onların sanki arzu və istəklərini “yerinə yetirirlər” deyə bu insanlarda artıq inam yaranır. Bəzən bizə müraciət edən insanların içində də olur ki, gəlib dərdlərini danışırlar və deyirlər ki, dünən falçıya getmişdim və mənə bunu dedi. Artıq özləri özlərini aldadırlar. Bəzən hətta tanınmış insanlarda olur ki, deyir falçıya getdim, mənə filankəsin adını dedi. Bu zaman artıq onların arasında psixi inika yaranır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR