FHN kursantlarının andiçmə mərasimi keçirildi - FOTO

FHN kursantlarının andiçmə mərasimi keçirildi - FOTO
16:43 17 Sentyabr 2019
73 Digər
Ölkə mətbuatı
A- A+

Sentyabrın 17-də Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında ilkin hərbi hazırlığı başa vurmuş kursantların təntənəli andiçmə və bu təhsil ocağını bitirən müdavimlərin buraxılış mərasimi keçirilib.

Mərasimdə fövqəladə hallar nazirinin müavinləri, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı, Milli Məclisin deputatları, Xüsusi Təyinatlı Təhsil müəssisələrinin rəisləri, nazirliyin məsul şəxsləri, kursantların valideynləri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Akademiyanın həyətində ucaldılmış abidəsi önünə gül dəstələri qoyub, Ulu Öndərin xatirəsini ehtiramla yad ediblər.

Akademiyanın rəisi, general-mayor Baba Salayev şəxsi heyətin mərasimə hazır olması barədə Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyevə məruzə edib.

Sonra Azərbaycan Respublikasının dövlət bayrağı meydana gətirilib. İlkin hərbi hazırlığı başa vurmuş 100 kursant təntənəli şəkildə Vətənə sədaqət andı içib.

Akademiyanın rəisi Baba Salayev bildirib ki, müstəqil dövlətin tərəqqisində təhsilin əhəmiyyətini yüksək qiymətləndirən Ulu Öndər Heydər Əliyev bu sahəyə diqqət və qayğı göstərirdi. Ümummilli Lider bu məqsədlə ölkəmizdə digər istiqamətlərdə olduğu kimi, fövqəladə hallar sahəsində də etibarlı şəbəkənin yaradılmasını zəruri sayırdı. Məhz bu ideyanın nəticəsi olaraq, 2005-ci ildə Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin təsis edilməsi barədə Sərəncam imzalayıb. Dövlətimizin başçısının 2008-ci ildə FHN əməkdaşlarının peşə ixtisasının, potensiallarının artırılması və xüsusi ixtisaslı kadrların yetişdirilməsi üçün akademiyanın yaradılması haqqında sərəncam imzalaması bu sahədə yeni mərhələnin başlanğıcı oldu. B.Salayev Akademiyaya yeni qəbul olmuş kursantlara uğurlar arzulayıb.

Mərasimdə çıxış edən Fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev kursantları və onların valideynlərini Fövqəladə Hallar nazirinin adından təbrik edərək, onlara təhsildə və xidmətdə uğurlar arzulayıb. Bildirib ki, bu gün kursantlar Azərbaycan bayrağına əl basaraq Vətənə, millətə sadiq olacaqlarına bir daha and içdilər. Akademiyanın müəllim, professor heyəti dörd il ərzində kursantlara zəruri bilikləri öyrədəcəklər. 2008-ci ildə Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən əsası qoyulan Akademiyanı bitirən məzunların FHN-in müxtəlif qurumlarında fəaliyyət göstərdiklərini vurğulayan nazir müavini bildirib ki, onlar insanların həyatını, mülklərini, dövlətin əmlakını canları, qanları bahasına qoruyub mühafizə edirlər.

Nazir müavini qeyd edib ki, hələ sovet hakimiyyəti illərində milli zabit kadrların hazırlanmasının zəruriliyini uzaqgörənliklə nəzərə alan müdrik rəhbər Heydər Əliyevin təşəbbüsü və təşkilatçılığı ilə Cəmşid Naxçıvanski adına hərbi məktəb açılıb. Bu məktəbin yaradılmasında əsas məqsədlərdən biri yerli zabit kadrlarının hazırlanması olub. Ümummilli Lider hakimiyyətə qayıtdıqdan sonra da hərbi kadrların hazırlanması istiqamətində daha geniş miqyaslı işlər həyata keçirilib. Bu müdrik siyasət Ulu Öndərin layiqli davamçısı, Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

E.Mirzəyev qeyd edib ki, dövlətimizin başçısının xüsusi qayğısı və diqqəti nəticəsində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında da yüksək səviyyəli peşəkar kadrların hazırlanması üçün hər cür şərait yaradılıb.

Kursantlar adından çıxış edən məzun, leytenant Fəxri Həsrətli FHN Akademiyasında təhsil almalarından qürur hissi duyduqlarını bildirib.

Sonra Akademiyanı bitirən məzunlara diplomlar və “leytenant” rütbəsinin paqonları təqdim olunub.

Akademiyanı fərqlənmə ilə bitirən məzun üzərində ulduz və aypara təsviri olan emblemi rəmzi yaş kötüyünə vurub.

Daha sonra Akademiyanın döyüş bayrağının təhvil verilməsi mərasimi olub. Akademiyanın döyüş bayrağı növbəti buraxılışın kursantlarına təhvil verilib.

Nümunəvi orkestrin və kursantların ifasında Akademiyanın marşı ifa edildikdən sonra şəxsi heyət hərbi marşın sədaları altında tribunanın önündən keçib.


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/290503.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR