Gələn ilin dövlət büdcəsi kifayət qədər praqmatik, nikbin və təmkinli ssenarilər əsasında hazırlanıb

Gələn ilin dövlət büdcəsi kifayət qədər praqmatik, nikbin və təmkinli ssenarilər əsasında hazırlanıb
17:43 17 Sentyabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Dövlət büdcəsini müzakirə edən bəzi ekspertlər bugünədək deyirdilər ki, Azərbaycanda tam əlçatan olmayan yeganə büdcə sənədi büdcə öncəsi verilən bəyanatdır. İndi isə Maliyyə Nazirliyi gələn ilin dövlət büdcəsinin büdcə öncəsi ilkin göstəricilərini (bəyanatı) açıqlayıb.

Belə ki, növbəti il və orta müddətli dövr üçün icmal və dövlət büdcəsinin əsas göstəricilərinin ictimaiyyətə mütərəqqi beynəlxalq praktikaya uyğun açıqlanmasının təşkili məqsədi ilə Maliyyə Nazirliyi tərəfindən ilk dəfə olaraq “Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama” hazırlanıb. Sənəd 2020-ci ilə və orta müddətli dövrə dair makroiqtisadi proqnozları, büdcə-vergi siyasətinin əsas istiqamətlərini, dövlət büdcəsinin prioritet gəlir və xərclərini, habelə dövlət borcuna dair əsas məlumatları əhatə etməkdədir. İctimaiyyət üçün əlçatanlığın təmin edilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlama” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilib.

Özü də büdcə öncəsi sənəd büdcə layihəsi parlamentə təqdim edilməmişdən ən azı 1 ay öncə açıqlandı. Bu, mütərəqqi beynəlxalq praktikaya uyğun olmaqla Açıq Büdcə indeksinin qaydalarına da cavab verir.

Bu sənədin missiyası ondan ibarətdir ki, ölkədə büdcə öncəsi debatlar aparılsın, təkliflər dəyərləndirilsin və lazım gələrsə, büdcə layihəsində öz əksini tapsın.

Maliyyə Nazirliyinin 2020-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərinə dair açıqlamasını nəzərdən keçirdikdən sonra əminliklə demək olar ki, gələn ilin dövlət büdcəsi kifayət qədər praqmatik, nikbin və təmkinli ssenarilər əsasında hazırlanıb. Əvvəla, ona görə ki, 2020-ci ildə icmal büdcə xərclərinin yuxarı həddi cari ilin təsdiq olunmuş icmal büdcə xərclərinin 103 faizindən çox olmamaqla xərclənə bilən neft gəlirləri ilə qeyri-neft və digər daxilolmaların proqnozunun cəminə əsaslanır. 2019-cu ildə olduğu kimi, 2020-ci il və orta müddətli dövrdə də icmal büdcə xərclərinin yuxarı həddi bu qaydaya uyğun olaraq müəyyən ediləcək.

2020-ci ilin dövlət büdcəsinin gəlirləri qeyri-neft yığımları hesabına artacaq

Eyni zamanda, qlobal enerji qiymətlərinin volatilliyi fonunda iqtisadiyyatın neft sektorundan asılılığının azaldılması hədəflərinə uyğun olaraq, büdcənin qeyri-neft gəlirlərinin artırılması orta müddətli dövrdə gəlir siyasətinin əsas istiqamətlərindən biri olacaqdır. Bu əsasda, kölgə iqtisadiyyatının, qeyri-rəsmi məşğulluğun səviyyəsinin azaldılması və şəffaflığın artırılması istiqamətində tədbirlər davam etdiriləcək, vergitutma bazası genişləndiriləcək, eyni zamanda, gömrük sahəsində aparılan islahatlar büdcədə həm vergi, həm də gömrük daxilolmalarının artımını təmin edəcəkdir. Bu baxımdan, 2020-ci ilin dövlət büdcəsinin gəlirləri qeyri-neft yığımları hesabına artacaq.

Büdcədə qeyri-neft gəlirlərinin payındakı artım Dövlət Neft Fondundan artan transfertlərdən 2,5 dəfə çoxdur

Bundan başqa, 2020-ci ilin dövlət büdcəsinin gəlirləri 24,484 mln. manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1,316 mln. manat və ya 5,7 faiz çoxdur. Büdcədə qeyri-neft gəlirlərinin artım tempi 11,3 fazidir, yəni cari illə nisbətdə 1 milyard 68 milyon manat. Ümumilikdə, gələn ilin büdcə gəlirlərinin tərkibində qeyri-neft gəlirləri 10 milyard 536,5 milyon manat olmaqla payını 43 faizə çatdırmış olacaq. Büdcədə qeyri-neft gəlirlərinin payındakı artım Dövlət Neft Fondundan artan transfertlərdən 2,5 dəfə çoxdur. Neft Fondundan transfert təxminən 400 milyon manat arta bilər. (3 faiz artım).

Eləcə də, 2020-ci ildə dövlət büdcəsinin xərcləri 25618,2 mln. manat məbləğində proqnozlaşdırılır ki, bu da 2019-cu ilin təsdiq edilmiş göstəricisi ilə müqayisədə 428,2 mln. manat çoxdur.

Büdcə xərclərinin tərkibində sosialyönlü xərclərin xüsusi çəkisi 40,7 faiz təşkil edəcək

Büdcə xərclərinin tərkibində sosialyönlü xərclərin xüsusi çəkisi 40,7 faiz təşkil edəcəkdir ki, bu da 2019-cu illə müqayisədə 9,9 faiz-bəndi və ya 2664,2 mln. manat çoxdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə minimum əməkhaqqının, bir sıra sosial müavinətlərin və təqaüdlərin, dövlət qulluqçularının, hüquq muhafizə orqanları əməkdaşlarının, müəllimlərin, büdcədən maliyyələşən bir sıra digər təşkilatlarda çalışanların əməkhaqlarının artırılması, habelə əmək pensiyasının minimum məbləğinin artırılması haqqında qanunvericiliyə edilən dəyişikliklər sosialyönlü xərclərin artımını bu həddə çatdırmağa səbəb olub.

Həmçinin, qeyd etməliyik ki, ortamüddətli dövrdə icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ümumi daxili məhsulda (ÜDM) xüsusi çəkisinin ardıcıl şəkildə azaldılması 2020-ci il və orta müddətli dövrdə büdcə siyasətinin əsas prioritetlərindən biri olacaq. Belə ki, 2020-ci ildə dövlət büdcəsinin kəsirinin 1,134,2 mln. manat olması planlaşdırılır ki, bu da cari ilin göstəricisindən 887,8 mln. manat və ya 43,9 faiz azdır.

ÜDM-də neft sektorunun payının 65.8, qeyri-neft sektorunun isə 34.2 faizə bərabər olacaq

Gələn ilin büdcəsində neftin baza qiyməti 55 dollar proqnozlaşdırılıb. Bu isə ortamüddətli ssenarilərə tam uyğundur. Həmçinin, 2020-ci ildə cari əməliyyat balansında 1.7 milyard ABŞ dolları, yaxud ÜDM-in 2.1 faizi miqdarında profisit olacağı gözlənilir. ÜDM-ə gəldikdə isə onun 2.4 faiz artaraq, 82.7 mlrd. manata çatacağı proqnozlaşdırılır. Ortamüddətli dövrdə ÜDM-in tərkibində neft sektorunun payının 65.8 faizə, qeyri-neft sektorunun isə 34.2 faizə bərabər olacağı gözlənilir.

Eyni zamanda, tədiyyə və ticarət balanslarındakı müsbət dinamika, monetar və fiskal siyasətlərin sıx əlaqələndirilmiş şəkildə yürüdülməsi milli valyutanın mübadilə məzənnəsinin növbəti ildə də sabit qalacağını şərtləndirir. Mövcud situasiya 2020-ci il üçün manat/ABŞ dolları məzənnəsinin 1.7 səviyyəsində olmasını proqnozlaşdırmağa əsas verir. Eləcə də, inflyasiyanın cari ilin sonunda 3.7 faiz olacağı, növbəti ildə isə 4.6 faizə qədər artacağı proqnozlaşdırılır.

Ümumi dövlət borcunun ÜDM-də nisbəti 20 faizdən aşağı salınacaq

Onu da vurğulamaq yerinə düşər ki, ortamüddətli dövrdə dövlət borcunun mərhələli şəkildə azaldılması və ona xidmət xərclərinin optimallaşdırılması üzrə tədbirlər davam etdiriləcək. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 24 avqust 2018-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında dövlət borcunun idarə edilməsinə dair orta və uzun müddət üçün Strategiya”ya uyğun olaraq ortamüddətli dövrdə ümumi dövlət borcunun ÜDM-də nisbəti 20 faizdən aşağı salınaraq dayanıqlıq təmin ediləcək, xarici valyuta nominallı borc öhdəliklərinin bir qismi tədricən milli valyuta nominallı borc öhdəlikləri ilə əvəz ediləcəkdir. 2020-ci ilin dövlət büdcəsi xərclərinin tərkibində dövlət borcuna xidmət xərclərinin 2.458,2 mln. manat, o cümlədən faiz xərclərinin 775,4 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/3119957.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR