Namiq Əliyev: "Yunan-Roma güləşçilərinin çıxışları ilə bağlı cəzalar mütləq olacaq"

Namiq Əliyev: "Yunan-Roma güləşçilərinin çıxışları ilə bağlı cəzalar mütləq olacaq"
19:12 18 Sentyabr 2019
73 Digər
Ölkə mətbuatı
A- A+

Azərbaycan Güləş Federasiyasının prezidenti vəzifəsini icra edən Namiq Əliyevin "Report"un Qazaxıstanın paytaxtı Nur-Sultandakı dünya çempionatına ezam olunmuş əməkdaşına müsahibəsi
- Azərbaycan güləşçiləri ilk 5 yarış günü ərzində bir dəst medal qazanıblar. İndiyədək olan nəticəni necə dəyərləndirirsiniz?
- Nə deyim? Gördüyünüz kimi, dünya çempionatı çox ağır mübarizə şəraitində keçir. Bəli, artıq həm qızıl, həm gümüş, həm də bürünc medalımız var. Hesab edirəm ki, yenə medallarımız olacaq. Sabah mübarizəyə sərbəst güləşçilərimiz başlayırlar. Bu növ üzrə də çox ağır mübarizənin gedəcək. Buna baxmayaraq, onlardan medallar gözləyirik.
- Mariya Stadnikin 10 ildən sonra dünya çempionatında qızıl medal qazanacağını gözləyirdiniz?
- Gözləyirdik. Demək olar ki, ən güclülərlə eyni qrupa düşmüşdü. Çinli, yaponiyalı, rusiyalı, kubalı və hindistanlı pəhləvanlarla eyni qrupda idi. Buna baxmayaraq, Stadnik çox böyük şərəflə güləşdi və finala yüksəldi. Həlledici qarşılaşmada isə o, çox gözəl qələbə qazandı. Sabah da eyni vəziyyət Hacı Əliyevin qrupundadır. Bütün güclülər demək olar ki, onun qrupuna yığılıb. Bununla belə, hesab edirəm ki, Hacı da normal güləşəcək. Ondan da qələbə gözləyirik.
- Medal sayı 3 olsa da, cəmi 1 lisenziya əldə edilib...
- Hələ irəlidə dünya və Avropa təsnifat turnirləri də var. Bizim üçün güləşçilərimizin durumunu görmək önəmli idi. Digər tərəfdən, çoxlu səhv oldu. Ötən gün Dünya Güləş Birliyinin büro iclasında Hakimlər Komitəsi ilə bağlı çox böyük iradlar səsləndirildi. Mən bunları bir-bir sadalamaq istəmirəm. Amma onu deyə bilərəm ki, Rəsul Çunayevin görüşündə ona iki dəfə passiv çıxış cəzası verdilər. Yarış boyu belə səhv olmamışdı. 130 kq çəki dərəcəsində Beka Kandelakinin görüşündə hakim fit çaldı, lakin hesab 9:0-a yüksəldikdə dayandı və hesabı 7:0-a endirdi. Görüş isə Kandelakinin parter duruşu ilə davam etdirildi. Yəni, müəyyən səhvlər olub. Müəyyən obyektiv və subyektiv amillər də var. Hər halda idmançılarımızın kifayət qədər potensialı var və bizə nə qədər lisenziya lazımdırsa, qazanacaqlarına inanıram.
- Yunan-Roma güləşçiləri 2 medal qazansalar da, lisenziyasız qaldılar. Bu, kimin məsuliyyətidir və cəza tədbirləri görüləcəkmi?
- Mütləq olacaq. Lakin bu, uzun söhbətin mövzusudur. Burada xırdalamağa zaman lazımdır. Bakıya qayıdandan sonra bunları müzakirə edəcəyik və sizinlə də görüşərək məlumat verəcəyik.
- Bu komandanın baş məşqçisi Şaban Donatın istefası gündəmdədir?
- Tokio Yay Olimpiya Oyunlarına bir ildən də az vaxt qalıb. Məşqçilər korpusunda müəyyən dəyişikliklər aparmağa çalışacağıq. Lakin olimpiadaya bir il qalmış hansısa məşqçinin dəyişdirilməsi məqsədəuyğun deyil. Sadəcə, məşqçilər korpusunu gücləndirəcəyik. Hazırda bu istiqamətdə işlərimiz gedir.
- Sərbəst güləş millisinin baş məşqçisi Saypulla Absaidovun Nur-Sultana gəlməməsi gözlənilməz oldu...
- Onun bura gəlməməsi başqa səbəbdəndir. Heç bir istefa söhbəti yoxdur. Sadəcə, müəyyən idmançılarımız şəxsi məşqçilərlə hazırlaşırlar. Xüsusən də Dağıstan Respublikasından olan idmançılar. Bu halda onlar özlərini daha komfort hiss edirlər. Ona görə də belə məsləhət oldu ki, bu formatda gəlsinlər. Burada bir problem görmürəm.
- Özü gəlməyib, yoxsa...
- Belə məsləhət oldu ki, onlar sakit, öz məşqçiləri ilə çalışmaqda davam etsinlər. Çempionatı yola verək, qayıdandan sonra bu məsələ ilə bağlı geniş açıqlama verəcəyik.
- Belə məlumatlar var ki, Absaidovun dünya çempionatına gəlişi üçün bilet də alınıbmış. Bilet alınıbsa, niyə gəlməyib?
- Bilet çox adama alına bilər. Akreditasiya məsələsi də var. Akreditasiya bir ay öncədən keçmək lazımdır. Sadəcə, idmançının psixoloji durumu pozulmasın deyə, öz məşqçisi ilə hazılaşmaq istədiyi üçün belə addım atılıb. Bu cür amillər də var. Bilet və akreditasiya kimi amillərin belə hallarda ciddi əhəmiyyəti də qalmır. Əsas odur ki, sabah sərbəst güləşçilər mübarizəyə başlayırlar. Necə çıxış edəcəklərini birgə görəcəyik.
- Yunan-Roma güləşçiləri lisenziya qazana bilmədilər, bu gün daha 2 qadın güləşçi olimpiadaya vəsiqə şansını itirdi. Medallar öz yerində, qalan 2 qadın güləşçidən və sərbəst güləş yığmasından nə qədər lisenziya gözləyirsiniz?
- Medallar da olacaq, lisenziyalar da. Sərbəst güləşçilərimizdə də kifayət qədər potensial var. Heyətdə Avropa və dünya çempionları yer alıb. Bura gəlməmişdən əvvəl 97 kq çəki dərəcəsi ilə bağlı müəyyən problemlərimiz var idi. Həmin çəkiyə Şərif Şərifovu qoyduq. Burada da subyektiv amillər var. Bununla belə, onlar kifayət qədər peşəkar güləşçilərdir. İnanıram ki, lisenziyalar da əldə edəcəyik.
- Sonda bir məsələyə də aydınlıq gətirərdiniz: Sizi artıq federasiya prezidenti kimi təqdim etmək olar, yoxsa yenə əvəz edirsiniz?
- (Gülür) Məni bütün dünya federasiya prezidenti kimi qəbul edir. Bunlar formal məsələlərdir. Bəzi amillər var. Ona görə də vəzifəm prezident əvəzi kimi yazılır. Amma 10 ildir ki, federasiyaya faktiki rəhbərlik edirəm. Çünki hər yerdə məni görürlər. Qayıdanda bu məsələyə də baxarıq.

Xəbərin orijinal ünvanı: https://report.az/ferdi/namiq-eliyev-yunan-roma-gulescilerinin-cixislari-ile-bagli-cezalar-mutleq-olacaq-musahi-be

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR