"Musa peyğəmbərlə görüşüb, ona bir neçə sual vermək istərdim" - Elçin Alıoğlu ilə MÜSAHİBƏ

"Musa peyğəmbərlə görüşüb, ona bir neçə sual vermək istərdim" - Elçin Alıoğlu ilə MÜSAHİBƏ
09:03 19 Sentyabr 2019
72 Digər
Ölkə mətbuatı
A- A+

(II HİSSƏ)

Müsahibənin ilk hissəsini BURADAN oxuya bilərsiniz.

- Mövlanənin məşhur kəlamı...

- Bunu Mövlanadan öncə Zərdüşt deyib... Marso deyib...

- Bu da təbii haldır. İstənilən fikir yükü zaman keçdikcə modifikasiyaya uğrayıb yeni dona bürünür.

- Tamamilə doğrudur. Sufilikdə 15 böyük div pir və 7 ozan olub. Hər yerdə deyirəm, ən çox sevdiyim şair Nəsimidir. Nəsiminin elə yaradıcılığı var ki, biz onu başa düşsək, həm konstitusiyamız, həm cinayət məcəlləmiz, həm də həyat tərzimiz olar. İlahi eşq şairidir. Yetər ki, biz onu anlayaq. Allah mənəm! Vəssalam! Çünki onu Allah yaradıb. Əgər mənə inanmırsınızsa, sevmirsinizsə, Allahı necə sevəcəksiniz?!

- Yapon və Çin mədəniyyətlərinin fərqini izah etməyinizi istəyirəm...

- Yapon və Çin mədəniyyəti bir birinə çox yaddır. Bəzən onları qarışdırırlar. Çinlilər düşünürlər ki, onları yaradan Syun səması və Tiyan dağlarıdır. Bu iki heroqlifdir. Biri Tşan (yaxşılıq), digəri Tşen (pislik)... Yaponlara görə isə onların adalarını bütövlükdə “Nippo”nu, yəni Yaponiyanı tanrı Amaterasu yaradıb. Çində hər şeyin ilkin dadını, xassəsini, mənasını dəyişməyə çalışırlar. Çində toyuq bişirəcəklər, balıq dadı verəcək. Ağcaqayın ağacını elə rəngləyib emal edəcəklər ki, palıda bənzəyəcək. Yaponlarda isə hər şey tam əksinədir. Onlar hər şeyin təbiisini sevirlər. Yapon mətbəxində heç bir yemək sonadək bişmir. Yaponlar mebeli, divarları, rəngləri, xassəni olduğu kimi saxlayırlar.

- Məşhur yapon minimalizmi...

- Bəli... Çinlilər zəhmətə inanırlar. Onlar deyir ki, yaxşı çalışmaq ən güclü ibadətdir. Bu sonradan lüteranlığa və protestantlığa keçdi. Qərbin inkişaf təkanı məhz zəhmətin ibadət olmasıdır. Qərbdə belə bir fikir var ki, kasıb insanı Allah sevmir. İslamda tam tərsinədir. Amma kasıb insanı tanrı həqiqətən sevmir. Çünki kasıb dövlətinə, cəmiyyətinə, ailəsinə sevgi və inamdan başqa heç nə verə bilməz. Yaponlarda da belədir. Onlar kastalara bölünür. Bu bölgü hələ də var. Son fərq isə odur ki, Çin hər zaman özünə qapalı olub. Özündən başqalarını barbar sayıb. Yaponiya isə daim işğalçı mövqedə olub. Yaponiyanı bir dəfə təbii hadisə qurtarıb. Hülakü xan öz qoşunlarını Yaponiyaya yeritdi. Orada böyük dalğalar başlandı. 74 gəmi batdı. Həmin dalğalara Tanrı qəzəbi yəni “kamikaze”adı verildi. Biz bu sözü "kamikadze" kimi tələffüz edirik. Ümumiyyətlə Yaponiyada hər şey yoldur. Yaponlar Uzaq Şərqin süfiləridir. Onların dilində hər şey , bütün sözlər “do” ilə bitir. Busido, taekvando və s... “Do” yol heroqlifidir. Tarix boyu çəkilən Çin səddi, Sarı və Yapon dənizləri ilə dünyadan təcrid olunub inkişafdan qaldı. Halbuki kağız da, barıt da Çində ixtira olunub. İstənilən halda Çin zəhməti ilə yenidən dünyanı tutur. Bu dəqiqə dünyada 3 məşhur söz var. “Ave Maria”, “Allahu Əkbər” və “Made in China”...

- Poliqlotlara necə tərif verərdiniz?

- Hər yerdə özünü suda balıq kimi hiss etmək... Lakin dil bilmək əsas şərt deyil. Siz latın dilini bilə bilərsiniz. Amma qədim Roma tarixini oxumamısınızsa, o dili bilmirsiniz. İngilis dilində danışa bilərsiniz. Amma “english breakfast”ın nədən ibarət olduğundan xəbərsizsinizsə, bu dil bilmək sayılmır. Klassik ingilis yazıçılarını oxumursunuzsa, yaxud çayı südlə içmirsinizsə, demək ingilis mədəniyyətini bilmirsiniz. Ərəb dilində kamil danışarsınız, lakin ərəblərin dəvəyə olan eşqini, poeziyasını bilmirsinizsə, heç olmasa bir gün Ərəbistan coğrafiyasında yaşamamısınızsa, ərəbcə bilmirsiniz. İllər boyu Fransada yaşayıb dillərini öyrənə bilərsiniz. Lakin onların hər səhər kruasanla kofe içdiklərindən agah deyilsinizsə, fransızca bilmirsiniz.

- Mən fransızla fransız, ərəblə ərəb ola bilərəmmi? O zaman mənliyimə neçə şəxsiyyət sığdırmalıyam?

- Çox asan. Doktor Cekill və Mister Hayldın əhvalatı var. Hər bir insanın içində başqa biri yaşayır. Hamımız var gücümüzlə onu gizlətməyə çalışırıq. Buna Kandinski sindromu deyirlər. Kandinski öz tablolarını çəkəndə Maleviçə sataşırdı. Maleviçin “Qara Kvadrat”ı ilk dəfə sərgilənəndə heç kim onun anlamını başa düşməmişdi, lakin etiraf da etmirdilər. Brend xəstəliyinin kökündə də bu daxili ikiləşmə durur. Brend və Banqladeşdə tikilən geyimlərin arasında sadəcə bir fərq var. Birincinin üzərindəki emblem... Hətta bəlkə də hər ikisi eyni fabrikdə tikilir. Sadəcə siz şüuraltınıza yeridilmiş reklam illüziyasına pul ödəyirsiniz. Bununla da özünüzü aldadırsınız. Bu bədgümanlığınız isə böyük korporasiyaların işinə yarayır. Adi bir misal çəkim: "Maggi" sup bulyonları var. Soyadan hazırlanır. Yemək üçün də tam yararsızdır. Ümumiyyətlə mən soyanı yaltaq və karyerist insanlara bənzədirəm, hər şəraitə uyğunlaşır. Hansı ətlə süfrəyə gəlirsə, onun dadını verir. Soyadan hazırlanan "Maggi"ni reklam etmək üçün bir neçə priyomdan istifadə olunur. Birincisi onu sarışın qadın reklam edir. İkinci isə həmin qadın qırmızı paltardadır. Kimsə "Maggi" alanda göz önündə həmin qadın canlanır. Böyük brend istehsalçıları da bu üsula əl atırlar. Uğurlu insan olmaq üçün “İphone” istifadə etməlisiniz, filan maşında gəzməlisiniz və s.

Bir anlıq təsəvvür edin ki, Teymurləngin arvadı ona deyir ki, bu yay Səmərqənddən gedib Buxarada dincələk. Bu absurddur. Turizm biznesi illüziyadır. Çünki heç bir məkanın reklamında “bura ən yaxşı yerdir” demir. Onlar sizə unudulmaz təəssürat vəd edirlər. İnsanın çox dil bilməsi də belədir. Məgər siz bir çox xalqların xörəyini bişirirsinizsə, həm fransız, həm özbəksiniz? Demək heç bir ikiləşmə yoxdur. Dil bilmək verbal və mental xüsusiyyətlərin müəyyən inkişaf etdirilməmiş vasitəsidir. Yəni bir dildə danışarkən içimizdəki illüziyaların biri oyanır, lakin ingiliscə danışanda mən dönüb Con olmuram.

Azərbaycanca danışan onlarla xarici dostlarım var. Amma onlar toya gedəndə, nəmər atmırlar, Aşuraya getmirlər, təsbeh çevirmirlər. Nə olsun ki, azərbaycanca bilirlər, azərbaycanlı deyillər.

- Yəni bu halı orqanizm dəyişimi yox, şüurun imitasiyası adlandıraq. Yaxud da ruhumuzun tələbi...

- Birinci ilə razıyam. Lakin ruh mücərrəd məfhumdur. Dinlərdə, dillərdə ən çox istifadə olunan işlək biznes kateqoriyadır. Ruhum mənim, mənəviyyatım mənim, mən öləndən sonra ruhum ora gedəcək... Hətta çoxu “bilet” alıb hazırlaşır. YOX! Reinkarnasiya yoxdur. Əmin olun, öləndən sonra yaşamayacağıq. Ruhən dəyişmək asan məsələ deyil. Almanın qabığını soymaqla dönüb armud olmayacaq. Yaxud almanı 3 il də armudun yanında saxlasanız, dəyişməyəcək. Ömür boyu Fransada yaşasanız da, adınızı dəyişsəniz də azərbaycanlısınız. Qlafı dəyişməklə batili dəyişmirsiniz.

- Heç aborigenlər də bu hala yaxşı münasibət göstərmir.

-Ümumiyyətlə özünü, dilini, dinin dəyişən insanlara xoş münasibət, göstərmirlər. Xüsusən də dinini dəyişən insanlara hörmət bəsləmirlər. Çünki dinini dəyişən insanlar androgen dindar sayılırlar. Bu isə cinsini dəyişdirmək kimidir. Özünüzə xəyanət etməyin. Bu zaman başqalarına xəyanət etməyə zamanınız qalmayacaq.

- Fikirlərinizdə homofobiya cizgiləri sezdim...

- Xeyr homofob deyiləm. İnsanların şəxsi seçimləridir. Axı söhbət məndən getmir. Özü bilər. Dostlarım arasında homoseksuallar da var.

- Bəs doğmalarınızın seçiminə təsir edirsiniz?

- Qətiyyən. Maksimal total azadlıq...

- Tanrını dərk etdiyiniz kimi davranırsınız.

- Mənim o “kişi” ilə öz anlaşmam var. Biz bir-birimizin işinə qarışmırıq. Evdəkilərlə də həmçinin... Bir insan sabah adını dəyişib Vedrə qoysa, mən ona Vedrə deyə müraciət edəcəm. Çünki ona belə xoşdur. Lao Tzı deyir ki: “Qoy çəmənlikdə 10 min çiçək gül açsın”. Rəngər nə qədər çoxdursa, dünya bir o qədər gözəldir. Antisemmitlərdən, rasistlərdən, vətən xainlərindən, qəddar insanlardan başqa heç kimə nifrət bəsləmirəm.

- Daxili prinsiplərinizə zidd başqa hansı xarakterli insanları sadalaya bilərsiniz?

- Rüşvətxorlar, Azərbaycanı aşağılayanlar, özü dindar olub ateistləri lənətləyənlər, ateist olub dindarları alçaldanlar. Aşura günü Aşuraya hörmətsiz yanaşanlarla bir süfrədə oturmaram, əl verib görüşmərəm.

- Savaşların susacağına inanırsınız?

- Mən o qədər sadəlövh deyiləm. Çünki bu dünya vaxtilə BBC-də nümayiş olunan nağıllar bağçası deyil. Bundan da pis savaşlar, böyük müharibələr olacaq. Çünki insan həmişə başqalarını öldürməyin vasitələrini fikirləşməyin ustası olub. Silah ixtiralarında irəli gedib. Bundan sonra da övladına gözəl təhsil verib bəxtəvər etmək istəyənlər də, 14 yaşlı qızına şadlıq evində toy edib “bəxtəvər” görənlər də olacaq. Sosial şəbəkədə qadın şəkili görən kimi cütləşmə dövründəki erkək qorillaya dönənlər də, tərbiyəsizlikdir deyib xanımına mobil telefon almayan geri zəkalılar da görəcəyik.

- Yəni bu palitranın rəngləri durmadan artacaq...

- Mütləqdir. “Bu gənclərdən artıq yaxşı heç nə gözləmirəm. Onlar yollarından çıxıblar. Biz qocalara hörmət etmirlər” ifadəsini eramızdan 4300 il əvvəl deyiblər.

-20 il əvvəlki Elçinə gələcəkdən nə mesaj verərdiniz?

- Ümumiyyətlə məsləhət verməyi sevmirəm. Özümə də tövsiyə verməzdim. Deyərdim, kefində olsun.

- Limitsiz zaman çərçivəsində keçmişə qayıtsaydınız, hansı personaj olmaq istəyərdiniz?

- Misirdə qul olmaq istəyərdim. Ən ağır işdə işləyən, şallaqla döyülən kölə olardım.

- Mazoxizm deyil?

-Yox. Mən Musa peyğəmbərlə görüşüb ona bir neçə sual vermək istərdim. Ona görə də ən uyğun variant köləlikdir.

-O zaman arzunuzu soruşmayım ki, sehri qaçmasın. Bəlkə də nə vaxtsa görüşdünüz.

Leyla Sarabi,

Fotolar: Pərviz Həşimi


Xəbərin orijinal ünvanı: https://publika.az/projects/xususi/290605.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR