“ƏSRİN MÜQAVİLƏSİ”: Azərbaycanın firavan gələcəyi və müstəqilliyinin təminatı

“ƏSRİN MÜQAVİLƏSİ”: Azərbaycanın firavan gələcəyi və müstəqilliyinin təminatı
13:43 19 Sentyabr 2019
81 Digər
Ölkə mətbuatı
A- A+

1994-cü ilin 20 sentyabr tarixi, Gülüstan sarayı... Müstəqilliyinə yeni qovuşmuş bir ölkənin gələcək taleyi həmin gün məhz bu sarayda həll olunurdu. Dünyanın 7 ölkəsini (Azərbaycan, ABŞ, Böyük Britaniya, Rusiya, Türkiyə, NorveçSəudiyyə Ərəbistanı) təmsil edən 11 beynəlxalq neft şirkətinin (Amoco, BP, McDermott, UNOCAL, ARDNŞ, Lukoil, Statoil, Türkiyə Petrolları, Pennzoil, Ramco, Delta) nümayəndələri, rəsmi şəxslər, yüksək səviyyəli qonaqlar saraydadır.

Və həmin gün, Azərbaycanın iqtisadi müstəqilliyinin qazanıldığı, daha sonra siyasi gücünü artıracaq müqavilə imzalandı: “Əsrin Müqaviləsi”.

Azərbaycanın sonrakı taleyində ana xətt olaraq keçən milli neft strategiyasının əsası qoyuldu. Halbuki, bu, asanlıqla əldə olunmamışdı.

90-cı illərin ağır günləri, ərazilərin işğalı, ölkənin varlığı üçün mövcud iqtidarın daxilində baş verən intriqalardan doğan təhlükələr... və bütün ümidlər qırılır. “Qırmızı imperiyadan qurtulduq, yenə də işğal altına düşəcəyik?” sualı hər kəsi düşündürür. Hər şey uçurumun dibinə yuvarlandığı vaxt Heydər Əliyev yenidən hakimiyyətə qayıdır...

Xalqın iradəsi, çağırışı və təkidi ilə 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında taleyüklü dəyişikliklərin başlanğıcı oldu. Azərbaycanı labüd fəlakətdən xilas edən Heydər Əliyev ölkənin iqtisadi yüksəlişi üçün də tədbirlər görməyə başladı.

“Heç bir səhvə yol verə bilməzdik”

“Əsrin müqaviləsi” ilə bağlı danışıqların 1994-cü ilin yazında və yayındakı İstanbul və Hyustondakı son mərhələləri xüsusilə ağır keçdi. Bəzən böhran anları da olur, müəyyən şərtlərin qəbuledilməzliyi ucbatından danışıqlar dayandırılma məqamına çatırdı. Həmin anı Prezident İlham Əliyev belə xatırlayır: “Biz xarici şirkətlərə deyirdik: siz ayrı-ayrı şirkətlərin maraqlarını müdafiə edirsiniz. Biz isə ölkənin və Azərbaycan xalqının maraqlarını müdafiə edirik. Əgər siz səhvə yol versəniz, bu, sizin şirkətin yalnız bir layihəsində öz əksini tapacaq, əgər biz səhv etsək, bu səhv bütün Azərbaycan xalqının mənafeyinə xələl gətirəcəkdir. Başqa sözlə, biz heç cür heç bir səhvə yol verə bilmərik”.

Bütün çətinliklərə baxmayaraq, müqavilə Azərbaycanın milli mənafeyinə uyğun hazırlandı. Dəyəri 7,4 milyard dollar olan “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın iqtisadi mənzərədə tənəzzül görüntülərini, inkişafla əvəz etdi. Bu mənzərənin görüntüsünü dəyişənsə ümumilli lider Heydər Əliyev oldu. Müharibədən yenicə çıxmış Azərbaycanın siyasi, iqtisadi və informasiya blokadası şəraitində olduğu bir vaxtda imzalanan bu sənəd həm də ölkəmizi dünyaya tanıdan ilk addım idi. Beləliklə, hər bir dövlət üçün vacib olan milli iqtisadiyyatın əsası Azərbaycanda da qoyuldu. İqtisadi nəzəriyyəyə görə, milli iqtisadiyyat və milli bazar müəyyən bir xalqa, millətə məxsus olub onun mənafelərini ifadə edən, hüdudları dövlət sərhədləri ilə məhdudlaşan, özünün maddi-texniki əsası, münasibətlər sistemidir. Təsərrüfat mexanizmi və idarəetmə strukturları ilə birlikdə sosial-iqtisadi orqanizm olan dövlət üçünsə milli iqtisadiyyatın yaranması öz sərhədləri çərçivəsində tanınması qədər önəmli məsələlərdəndir. Hər bir ölkənin milli iqtisadiyyatı ümumdünya iqtisadiyyatının bir hissəsini təşkil etdiyi üçün bununla da Azərbaycan bir müstəqil dövlət kimi, dünyada tanınaraq, onun ayrılmaz bir hissəsinə çevrildi. Buna da məhz Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə nail olundu. Milli iqtisadiyyatın əsaslarına nəzər yetirdikdə buna bir daha əmin olmaq olur. Belə ki, nəzəriyyəyə görə, iqtisadiyyatın müstəqil milli əsaslarının yaradılmasında dörd əsas zəruri şərtə - ərazi birliyinə, ərazi əmək bölgüsünə, iqtisadi birliyə, istehsalın kompleks inkişafına əməl olunmalıdır. Bu şərtlər də məhz Heydər Əliyevin gəlişi ilə həyata keçirildi.

Azərbaycan üçün həyati əhəmiyyət daşıyan “Əsrin müqaviləsi”ndən sonra yeni daşınma kəmərlərinin çəkilməsilə bu prosesi davam etdirmək vacib idi. Çünki ilkin hesablamalara görə, “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsində çıxarıla bilən neft ehtiyatı 511 milyon ton olsa da, sonralar yeni qiymətləndirmələrə əsasən neft ehtiyatı 1.072 milyard ton həcmində müəyyən edilib. Beləliklə, “Əsrin müqaviləsi”ndən sonra 19 ölkəni təmsil edən 41 neft şirkəti ilə daha 26 saziş imzalandı.

Müqavilənin müddəalarını nəzərdə tutulan müddətdə icra etmək və artan neft hasilatını beynəlxalq bazarlara daşımaq üçün yeni neft kəmərləri tikilib istifadəyə verildi:

- 1997-ci ilin sonlarında neft Bakı-Novorossiysk kəməri ilə Qara dənizə ixrac edilməyə başlandı;

- 1999-cu ildə Qara dənizin digər limanına - Supsaya Bakıdan neft kəməri çəkilib istifadəyə verildi. 1999-cu ilin dekabrında Azərbaycan nefti ilə doldurulmuş ilk tanker dünya bazarlarına çıxarıldı;

- 2002-ci ildə ümummilli lider Heydər Əliyevin davamlı səyləri nəticəsində “Əsrin müqaviləsi”ndə nəzərdə tutulan, lakin çoxlarının əfsanə və ya kağız üzərində kəmər hesab etdiyi əsas neft kəməri Bakı-Tbilisi-Ceyhanın təməli qoyuldu. Qlobal əhəmiyyət kəsb edən kəmər Azərbaycanın enerji dəhlizinə çevrilməsi istiqamətində mühüm addım idi. 2005-ci il mayın 25-də Prezident İlham Əliyevin iştirakı ilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin açılış mərasimi keçirildi, 2006-cı ildə Türkiyənin Ceyhan limanından Azərbaycan neftinin nəqlinə başlanıldı. Bu layihələr nəticəsində xarici investisiyanın Azərbaycana axını sürətləndi. 2017-ci ilə qədər Azərbaycanın dənizdəki neft ehtiyatlarının işlənilməsinə təxminən 33 milyard dollar investisiya qoyulub və “Azəri-Çıraq-Günəşli”dən 3,2 milyard barrel neft hasil edilib. Həmçinin “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan ümumilikdə 30 milyard kubmetr səmt qazı hasil edilərək Azərbaycan hökumətinə verilib.

Ümumilikdə, Azərbaycan neftinin Xəzər dənizindən dünya bazarlarına çıxarılması üçün Yer planetinin ekvatorunun uzunluğunun 1/10-i həddində neft kəmərləri tikilib: Bakı-Novorossiysk (1330 kilometr), Bakı-Supsa (833 kilometr) və Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri (1768 kilometr).

“Əsrin müqaviləsi” həm də yeni transmilli enerji layihələrinin həyata keçirilməsində mühüm rola malikdir. Ümummilli lider Heydər Əliyevin neft strategiyasını uğurla davam etdirən Prezidenti İlham Əliyevin siyasi iradəsi və qətiyyəti sayəsində, Azərbaycanın liderliyi ilə həyata keçirilən yeni layihələr ölkəmizin iqtisadi qüdrətinin və dünya arenasında siyasi çəkisinin böyüməsini təmin etdi.

2017-ci il sentyabrında “Əsrin müqaviləsi”nin müddəti 2050-ci ilə qədər uzadıldı. Sazişin bir hissəsi olaraq SOCAR-ın AÇG-dəki iştirak payı 11,65 faizdən 25 faizə qaldırılacaq və beynəlxalq tərəfdaş şirkətlər Azərbaycan Dövlət Neft Fonduna 3.6 milyard dolar bonus ödəyəcəklər. Növbəti 32 il müddətində AÇG-yə 40 milyard dollardan artıq sərmayə qoyulması potensialı var.

“Azəri-Çıraq-Günəşli” neft yataqları blokunun 2050-ci ilə qədər işlənməsini nəzərdə tutan yeni saziş “XXI əsrin müqaviləsi” hesab olunur. Yeni müqavilə ölkəmizin və şirkətimizin 1994-cü ildən bəri artan maliyyə və texnoloji potensialını əks etdirməklə yanaşı, xarici tərəfdaş şirkətlərin Azərbaycan iqtisadiyyatına olan inamını da göstərir.

Prezident İlham Əliyevin qətiyyəti və siyasi iradəsi nəticəsində Azərbaycanın milli maraqlarına xidmət edən daha bir layihə - Cənub Qaz Dəhlizi həyata keçirildi. Bu layihə Avropanın enerji təhlükəsizliyinin qarantı rolunu oynayır, həmçinin, Azərbaycana iqtisadi qazancla yanaşı, böyük siyasi dividend də gətirir.

Bu layihə 4 seqmentdən ibarətdir – “Şahdəniz – 2”, Cənubi Qafqaz boru kəməri, Trans Anadolu Təbii Qaz Kəməri (TANAP) və Trans Adriatik Boru kəməri (TAP).

- “Şahdəniz” yatağının ehtiyatları 1,4 trilyon kubmetr hesab olunur. Yatağın ilkin fazası “Şahdəniz -1” 2006-cı ildə istifadəyə verilib və ildə 9 milyard kubmetr təbii qaz istehsal edir. “Şahdəniz – 2” isə yatağın əsası hissəsini təşkil edir. İlkin istismar 16 milyard kubmetr nəzərdə tutulur. Bunun 6 milyard kubmetri Türkiyənin daxili istehsalına sərf olunacaq, yerdə qalanı isə Avropaya ötürüləcək. Lakin bu, Azərbaycanın təbii qaz ehtiyatlarının yalnız bir hissəsidir. Ümumilikdə qaz ehtiyatlarımız 2,6 trilyon kubmetr həcmində qiymətlədirilir.

- Cənubi Qafqaz boru kəmərinin (Bakı-Tiflis-Ərzurum) inşası 2006-cı ildə yekunlaşdırılıb. 691 kilometr uzunluğu olan kəmərin 443 kilometri Azərbaycan, 248 kilometri isə Gürcüstanın payına düşür. Səngəçal terminalından başlanğıcını götürən kəmər Türkiyə-Gürcüstan sərhədində tamamlanır.

- TANAP Türkiyə-Gürcüstan sərhədində yerləşən Ərdəhan vilayətindəki Posof mahalının Türkgözü kəndindən başlayaraq Ərdəhan, Qars, Ərzurum, Ərzincan, Bayburt, Gümüşhane, Giresun, Sivas, Yozqat, Kırşehir, Kırıkkale, Ankara, Eskişehir, Bilecik, Kütahya, Bursa, Balıkesir, Çanaqqala, Tekirdağ və Ədirnə olmaq üzrə 20 vilayət, 67 mahal və 600 kənddən keçərək Yunanıstan sərhədində Ədirnənin İpsala mahalında yekunlaşır və bu nöqtədən etibarən TAP-a bağlanacaq. TANAP 10-11 milyard ABŞ dolları dəyərində qiymətləndirilir.

- TAP Cənub Qaz Dəhlizi layihəsində yekun mərhələdir. Türkiyə-Yunanıstan sərhədindən başlayaraq Adriatik dənizinin dibi ilə qazı daşıyacaq kəmər Albaniya ərazisindən keçərək İtaliyaya qədər uzanacaq. 20 milyard kubmetr həcmində nəzərdə tutulan kəmərin yükgötürmə qabiliyyəti sonrakı illərdə artırıla bilər.

Çoxları üçün xəyal olan bu layihə artıq başa çatmaq üzrədir və Azərbaycan liderinin həyata keçirdiyi siyasət qarşıdakı 100 il ərzində xalqımıza xidmət edəcək. Azərbaycan öz qaz ehtiyatlarının Avropa bazarlarına çıxarmaqla kifayət qədər gəlir əldə edəcək. Bu, ölkənin iqtisadi gələcəyinə ən unikal yatırımdır. Digər tərəfdən, layihəyə əlavə mənbələr qoşulacağı təqdirdə tranzit haqqından gəlir götürüləcək.

Layihədən əldə olunacaq siyasi dividendlər də xüsusi diqqət çəkir. İlk növbədə, Avropanın enerji təminatındakı rolu Azərbaycanın imicini xeyli yaxşılaşdıracaq. Digər tərəfdən, Cənubi Qafqazda liderliyini möhkəmləndirən Bakının Avropa üçün əvəzolunmaz olduğu bir daha özünü göstərəcək. Layihədə iştirak edən ölkələrdən tutmuş bütün Avropa regionunda Azərbaycanla hesablaşmaq artıq istəklə yox, məcburi olacaq. Bu isə milli maraqlarımızın müdafiəsi, xüsusilə ərazi bütövlüyümüzün bərpa edilməsi siyasətini gücləndirir.

Göründüyü kimi, ümummilli lider Heydər Əliyevin “Əsrin müqaviləsi” ilə həyata keçirdiyi milli strategiya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və bütün bu layihələrin keçmişdə, bu gün və gələcəkdə bir nəticəsi olub və olacaq: Qarşıdakı 100 il ərzində Azərbaycan xalqına xidmət edəcək və milli iqtisadiyyatın inkişafında mühüm faktor olacaq.

Asif Nərimanlı


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/290677.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR