Məişət canilərinin azadlıq vədləri... - Evdə sadist, çöldə "mələk" qəhrəmanlar

Məişət canilərinin azadlıq vədləri... - Evdə sadist, çöldə "mələk" qəhrəmanlar
17:53 19 Sentyabr 2019
80 Digər
Ölkə mətbuatı
A- A+

Bir qızı öz atasından imtina etməyə məcbur edən səbəblər dəhşətlidir. Bir atanın öz qızına, həyat yoldaşına qarşı sadist davranışları da dəhşətlidir. Ölkədə onlarla belə ailələr var, yəqin ki, azalmağa doğru getsə də, bundan sonra da olacaq və heç bir cəmiyyət bundan sığortalanmayıb. Amma ən dəhşətlisi qızının dizini, həyat yoldaşının barmaqlarını sındıran, əsl məişət canisi olan atanın cəmiyyətə ailə dəyərlərindən danışması, insan haqları, qadın azadlığı haqda alovlu nitqlər söyləməsi, “bizə dəstək verin, hakimiyyətə gəlib Azərbaycanda demokratik, azad cəmiyyət quracağıq” şüarlarına bürünməsidir. Ən dəhşətlisi odur ki, bu adamlar bizə hər gün “sizi xilas edəcəyik” deyir, evlərinin qapısından içəri daxil olan kimi maskalarını çıxarırlar... Və o maskanın altından əsl simaları boylanır.

Selcan Yağmurun illərdir çəkdiyi əziyyəti nəhayət açıqlaması və atası, AXCP sədrinin müavini Fuad Qəhrəmanlının ona, bacısına və anasına qarşı etdikləri sözün gerçək mənasında faciədir, lakin bu, təkcə bir ailənin faciəsi deyil, təkcə bir atanın ictimaiyyət arasında mələk, evinin içində cani olması deyil, bu, belələrinin hakimiyyətə iddia edərək, Azərbaycanda qurmaq istədikləri faciəli gələcəyin xəbərçisidir, məhz buna görə söhbət təkcə Yağmurun yox, cəmiyyətin taleyindən gedir. Axı bir adam necə qadın azadlığından danışıb, mövcud hakimiyyəti ittiham edəndən sonra gündəlik işini başa çatdırmış kimi evinin qapısından içəri daxil ola və qadınlara hücum edə bilər?! Edə bilərmi?!

Əli Kərimlinin sağında dayanan Fuad Qəhrəmanlı edir, gündəlik işi kimi “qadın azadlığından, insan haqlarından” danışır, evinə gedəndə isə işi başa çatmış kimi maskasını çıxarır. Onu sağ qolu edən Əli Kərimli isə bütün bu faciəni görə-görə, bilə-bilə zülmə məruz qalan xanımlara “susun”, “dözün” deyir və simalarının ifşa olunmaması, siyasi imiclərinə zədə gəlməməsi üçün bir ana və iki qızına cəhənnəm əzabı verilməsini gizlədir. Amma sadist atanın qızı bu cəhənnəmə dözmədi.

- Tribunalarda insan haqlarından danışan, hətta qadın haqları mövzusunda belə aman verməyən Fuad Qəhrəmanlının da evində qızının dizini, arvadının barmaqlarını sındırmış, şiddətin də xüsusi sadist növünü tətbiq edən bir cani olduğunu demək, mənə elə gəlir ki, sosial borcdur, mənim şəxsi ailəvi problemim yox.

- Anamın boşanma çabalarının (ki, bunun şiddətdən kənar ayrıca iyrənc səbəbləri var, sadəcə bu səbəblər insanın şəxsi məsələsidir, mənim mövzuma heç bir aidiyyəti yoxdur) qarşısını müəyyən əlaqələri sayəsində, yüz cür təhdidlə, şantajla alması; azadlıqdan danışan adamın evində, qəribə bir şəkildə təsvir etməyə gücüm yetməyən bir cəhənnəm mühitinin olması; şiddətin ağıl almaz və kreativ dozu; anamın və bacımın bədənindən zamanla silinmiş izlər və bütün bunların üzərinə, “mənimlə şəkil yayın “Facebook”da” deyə gələn tamam ayrı kateqoriyadaki zorakılıq dalğası... - bunlar bir siyasətçinin ailəsi barədə bilinməli olan şeylərdir.


Qəhrəmanlı atası olsa da o, haqlıdır, çünki söhbət sıradan birindən yox, hakimiyyətə iddia edən partiyanın ikinci şəxsindən gedirsə, cəmiyyət gələcəkdə onu gözləyən potensial təhlükədən xəbərdar olmalıdır. Onu da bilməlidir ki, bütün bunlara görə təkcə F.Qəhrəmanlı yox, həm də bunu gizlədən, baş verənlərin açıqlanmaması üçün ailəyə psixoloji təzyiqlər edən Əli Kərimli və ətrafındakılar da mənəvi məsuliyyət daşıyır.

Selcan Yağmur yazır: “Əli Kərimli anama başa salıb ki, kişilər belə olur, dözmək, gələcəyi düşünmək lazımdır, uşaqlarınız var, “onsuz da 40 yaşından sonra boşanıb nə edəcəksiniz ki?”. Bəs siz Əli Kərimlinin “qonşu arvad” rolunda bu qədər bacarıqlı olduğunu bilirdiniz? Adam az qalırdı desin ki, “az çörəyini verir? Sus otur da”. Belə gördüm ki, bu cəbhə bütünü ilə ikiüzlü, iyrənc bir yerdir. Əli Kərimli evdə necə bir vəhşilik etdiyini hərfi hərfinə bildiyi adamı, sağ yanında saxlayır, - bunu başa düşdüm, kadr yoxdur - amma adam canini yox, qurbanı qınayır ki, “siz düz etmirsiniz”. Qalan üzvlər də, anama “yaxşı at özünə qamçı vurdurmaz” deyir, sonra da yığışıb hakimiyyətin insanları əzməyindən, ədalətdən danışırlar; hələ bütün bunları bilən adamlar “niyə uşaqlar “Yağmur” soyadını istifadə edir” deyə gileylənir, müavinlərinin qəzəbini itiləyib, “hamı deyir ki o evdə Fuadı saymırlar” başlıqlı motivasiya çıxışı edərək, növbəti zorakılıq dalğası üçün Qəhrəmanlını evimizə göndərir, həyatımızı bir gün daha qorxu filminə çevirirlər. Adam bu qədər necə iyrənc olar axı? Siz bir partiyada necə bir araya gəlibsiniz?”.

Və Selcan yağmur ona və ailəsinə yaşatdığı bu cəhənnəm əzabına görə atasından imtina etdiyini açıqlayır. Haqlıdır, “eyni qana sahib olduğuna görə” niyə belə adama dözməlidir?!

Bəs biz cəmiyyət olaraq, belə adamların adımızdan danışmalarına, insanlara özlərində olmayanlar haqda moizələr oxumalarına, yalanlar və yalan üzərində qurulmuş vədlərlə özlərini gündəmə pərçimləmələrinə, bu xalqın adından çıxış etmək cəhdində bulunmalarına niyə dözməliyik?!

“Qadın azadlığı”ndan danışıb, sonra öz evində qadınlara cəhənnəm əzabı yaşadanlar sabah hakimiyyətə gələrsə, nələr olacağını heç düşündünüzmü?!

Bir ailədə qadınlara qarşı sadist davranışları görən, buna haqq qazandıran, sırf siyasi imicinin ifşa olunmaması üçün sadizmə göz yuman Əli Kərimli bu ölkəni idarə edərsə, Qəhrəmanlının ailəsində qurduğu cəhənnəm səhnəsini bütün ölkədə nümayiş etdirməyəcəklərinə kim zəmanət verə bilər?!


Öz evlərində kiçik diktatorlar olan bu adamlar haqqında bəhs etdikləri demokratiya, insan haqları və azadlıq vədləri ilə bizi aldatmaq istəyirlər. Unutmayın, bu gün Selcana cəhənnəm əzabı yaşadanların bu ölkəyə verə biləcəklərini ən böyük şey məişət caniliyini bütün cəmiyyətə tətbiq etmək olacaq...

Asif Nərimanlı


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/290713.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR