400 min ailənin sənədsiz ev problemi: yeni fərman verilə bilər - ARAŞDIRMA

400 min ailənin sənədsiz ev problemi: yeni fərman verilə bilər - ARAŞDIRMA
13:44 16 Yanvar 2015
646 Sosial
Ölkə mətbuatı
A- A+

 

 

Prezident İlham Əliyev bir neçə gün öncə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın təsdiq edilməsi barədə fərman imzaladı.

Vətəndaşların çoxdan gözlədiyi bu fərman illərdir tikdiyi mənzillərində sənədsiz yaşayan ailələrin problemlərini tam həll edə biləcəkmi? Lent.az-ın əldə etdiyi məlumata görə, ölkə üzrə 500 minə yaxın sənədsiz ev var. Bu evlərdə yaşayan sakinlərin heç bir hüquqi qeydiyyatı, yaşayış üçün lazımı sənədləri yoxdur. Sənədsiz ev problemi bəzi hallarda müvafiq dövlət qurumları ilə vətəndaşlar arasında münasibətlərin gərginləşməsinə, hətta qarşıdurmaların yaranmasına səbəb olur.

 

Vətəndaşları daha çox narahat edən məsələlərdən biri də təhlükəli ərazilərdə, bələdiyyə torpaqlarında (bələdiyyələr tərəfindən verilən torpaqlar) tikilən evlərlə bağlıdır.

 

“Sənədsiz evlərlə bağlı əlavə fərman verilə bilər”

 

Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Tahir Rzayev Lent.az-a açıqlamasında deyib ki, hansı torpaq sahələrinin və əmlakın dövlət reyestrində qeydiyyatından keçəcəyi fərmanda aydın göstərilib: “Magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, suların mühafizə zonalarında - yəni təhlükəli yerlərdə yerləşən əmlak istisnadır. Bunlardan başqa, bütün torpaq sahələrinə dövlət qeydiyyat aktı verilə bilər. Eləcə də yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri, yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları, şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqlara da dövlət qeydiyyat aktının verilməsi nəzərdə tutulub”.

T. Rzayev deyib ki, təhlükəli yerlərdə yerləşən evlərlə bağlı Nazirlər Kabinetinə tapşırıq verilib. NK 3 ay müddətinə bu problemin həllinə dair təkliflər hazırlayıb, prezidentə təqdim edəcək: “Əgər qeyd olunan torpaqlar çoxdursa, o zaman həmin ərazilərdə yerləşən elektrik xətlərinin yeri dəyişdirilə bilər. Yaxud həmin ərazilərdən sakinlər köçürülərsə, onlara kompensasiya verilə bilər. Həmçinin, vətəndaşlar digər ərazilərdə torpaqla təmin oluna, onlara müəyyən köməklik edilə bilər. Nazirlər Kabineti tərəfindən dövlət başçısına müvafiq təkliflər təqdim olunduqdan sonra, əlavə sərəncamın verilməsi istisna deyil. Sənədsiz evlər bələdiyyələrin, icra orqanlarının gözü qarşısında tikilib. Gərək o evlər tikiləndə müvafiq qurumlar buna imkan verməyəydilər. Bu məsələni deputat kimi dəfələrlə qaldırmışam. Vətəndaşlar da həyatlarını təhlükəyə ataraq, təhlükəli ərazilərdə evlər tikməməli idi. Amma vətəndaşlar bəzən məcburiyyətdən bu cür addım atır, bunun gələcək təhlükəsini dərk etmir. Bəzən bələdiyyələrin müəyyən maklerlər vasitəsi ilə torpaqları satması hallarına da rast gəlinir”.

Komitə üzvü bildirib ki, sənədsiz evlərə Bakı ilə yanaşı, rayonlarda da rast gəlinir. Yəni, qanunsuz tikililər tək Bakının deyil, bütün regionların problemidir. Sənədsiz evlərə dair prezident fərmanının icrasına artıq başlanılıb. Bu ilin axırına qədər əksər evlər hüquqi sənədlə təmin ediləcək.

 

Qanunsuz satılan bələdiyyə torpaqlarının problemi...

 

Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini Elşad Məmmədov isə Lent.az-a bildirib ki, prezidentin fərmanı ilə təsdiq edilmiş siyahıya malik olan vətəndaşlar istənilən vaxt Reyestr Xidmətinə müraciət edə bilərlər: “Fərmanın nə qədər vətəndaşı əhatə etməsinə gəlincə, bunu demək çətindir. Sovet dövründən etibarən 2004-cü ilə qədər dövlət qurumları tərəfindən müxtəlif sənədlər verilib. O qəbildən olan vətəndaşların sayı 100 minlərlədir. Fərman verilən günə qədər də vətəndaşlar tərəfindən bu səpkili müraciətlər olub. Lakin sənədlərin konkret siyahısı olmadığı üçün vətəndaşlar müəyyən problemlər yaşayırdılar, əmlak hüquqlarını qeydiyyata aldıra bilmirdilər. Buna görə də dövlət başçısı tərəfindən müvafiq fərman imzalandı”.

Xidmətin rəis müavini qeyd edib ki, hansı bələdiyyələr qanunvericiliyin tələbinə uyğun şəkildə torpaq satışı həyata keçiribsə, orada heç bir problem yoxdur. Qanuna əməl etmədən satılan bələdiyyə torpaqları ilə əlaqədar problem yarana bilər. Çünki bütün dünyada qanunsuz tikilən evlərlə bağlı problemin birmənalı həllini tapması kimi bir təcrübə yoxdur.

 

“Fərman 10 minlərlə evin sənədləşməsinə imkan yaradacaq”

 

İqtisadçı-ekspert Vüqar Bayramov Lent.az-a bildirib ki, fərmana əsasən, sözügedən qanun qüvvəyə minənədək inşa edilmiş əmlakların dövlət qeydiyyatı ilə bağlı konkret mexanizmlər müəyyənləşdirilib: “Bu isə o deməkdir ki, 2004-cü ilin 29 iyununa qədər (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının qanunu qüvvəyə minənədək) alınan və ya inşa edilən əmlaklar fərmanla müəyyənləşdirilən sənədlər ilə dövlət qeydiyyatına alınmalıdır. Bu zaman sadəcə həmin əmlakın magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində yerləşməməsi vacibdir. Fərman “təhlükəli zonalarda” yerləşən tikintilərin qeydiyyatını nəzərdə tutmur”.

Ekspert deyib ki, sənədə görə, Nazirlər Kabineti kolxozların və sovxozların idarə heyətlərinin qərarları ilə yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün ayrılmış həyətyanı torpaq sahələrinin aqibəti ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir. Belə ki, kolxozların və sovxozların idarə heyətlərinin qərarları ilə yaşayış evlərinin və bağ evlərinin tikintisi üçün ayrılmış həyətyanı torpaq sahələrinin statusu Nazirlər Kabinetinin təklif etdiyi və ölkə Prezidentinin təsdiq edəcəyi yeni qaydalar əsasında aparılacaq.

Sənəddə əhəmiyyətli məqamlardan biri Əmlak Məsələləri Dövlət Komitəsi, birtipli layihələr əsasında inşa olunmuş dövlət və ya ictimai mənzil fonduna aid çoxmənzilli binalarda yaşayış sahələri üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı məqsədi ilə texniki inventarlaşdırma işləri aparılan zaman mənzilin və ya otağın sahəsinin faktiki göstəriciləri ilə qeydiyyat sənədlərindəki, eləcə də order və kirayə müqavilələrindəki göstəricilərin fərqli olması ilə bağlıdır. Belə hal aşkar olunduqda daşınmaz əmlakın dövlət reyestrində hüquqların qeydiyyatının sahənin faktiki göstəriciləri əsasında aparılması təmin edilməlidir. Bu zaman əlavə tikililər nəzərə alınmayacaq. Bu o deməkdir ki, əgər sənəddə otağın sahəsi 20 kv. metr, amma reallıqda 25 kv. metrdirsə, o zaman reyestrdə real ölçülər qeydiyyatdan keçəcək.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərə isə yerli sovetlərin icraiyyə komitələrinin təsərrüfat şöbələri tərəfindən verilən torpaq qeydləri, yerli sovetlərin icraiyyə komitələrinin texniki inventarlaşdırma büroları tərəfindən verilən torpaq qeydləri, şəhər və rayon xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən verilən torpaqdan istifadə hüququna dair dövlət aktı, kənd yaşayış məntəqələrinin və qəsəbələrin torpaqlarından torpaq sahələrinin ayrılması barədə kənd və qəsəbə zəhmətkeş deputatları sovetlərinin qərarları, tikinti hüququ barədə notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dək bağlanmış müqavilələr, şəxsi mülkiyyət hüququ ilə yaşayış evlərinin tikintisi üçün torpaq sahələrinin verilməsi haqqında notariat qaydasında təsdiq edilmiş 1948-ci il avqustun 26-dan sonra bağlanılmış müqavilələr, yaşayış evinə tikinti hüququnun təsdiq edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş 1948-ci il avqustun 26-dək qəbul edilmiş qərarları, yaşayış evinin (mənzilin) şəxsin mülkiyyətinə verilməsi barədə rayon xalq deputatları sovetləri icraiyyə komitələrinin qərarları və həmin qərarlarda nəzərdə tutulduğu hallarda şəxsin əldə etdiyi yaşayış evinin (mənzilin) dəyərinin ödənilməsi barədə sənəd, ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında notariat qaydasında təsdiq edilmiş müqavilə (dövlət notariat kontorları olmayan yaşayış məntəqələrində müvafiq rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən təsdiq edilmiş müqavilə), ər-arvad arasında yaşayış evinin (sahəsinin) bölünməsi haqqında yoldaşlıq məhkəməsinin qərarı, Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə, habelə Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək olan dövrdə qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlər daxildir.

Deməli, əgər vətəndaşın evi 2004-cü ilin iyunun sonunadək inşa edilibsə və hələ də sənədi yoxdursa, o zaman vətəndaşda olan və fərmanda qeyd edilən sənədlərlə onu rəsmiləşdirə, dövlət qeydiyyatına daxil etdirə bilər. Bu isə o deməkdir ki, fərman 10 minlərlə evin sənədləşməsinə imkan yaradacaq.

Əmlak Məsələləri Dövlət Komitəsinə vətəndaşlar tərəfindən müraciət edilərsə, Komitə təkliflər hazırlayaraq, prezidentə təqdim edə bilər. Yəni siyahıya dəyişiklik edilə bilər”.

 

2004-cü ildən sonra tikilən sənədsiz evlərin taleyi hələ də qaranlıqdır

Bakıətrafı kəndlərdə və Abşeronun qəsəbələrində sənədsiz ev bumu son illərdə başlayıb. Rayonlardan iş dalınca Bakıya axın edən vətəndaşlar daimi qalmaq və məskunlaşmaq üçün daha çox bu əraziləri məskən seçiblər. Yəni, sənədsiz ev problemi bu ailələri də narahat edən əsas məqamdır.

 

Ekspert isə bildirib ki, Fərmanda 2004-cü ildən sonra tikilən sənədsiz (qanunsuz) evlərin taleyi ilə bağlı heç bir müddəa nəzərdə tutulmayıb: “Bu evlərin sayı çox, təxminən 400 mindir. 2004-cü ilə qədər tikilən evlərin taleyi həll edildikdən sonra son illərdə tikilən sənədsiz evlərin də məsələsinə baxıla bilər. Nazirlər Kabineti 3 ay müddətində təkliflərini hazırlayaraq, prezidentə təqdim edəcək. Yəni müvafiq hüquqi sənədin 3-4 ay müddətində öz həllini tapması mümkündür. Lakin bu cür evlərlə bağlı problemin həlli 4 ilə yaxın vaxt tələb edir”.

 

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR