AÇG uğura aparan yolun 25-ci ilini qeyd edir

AÇG uğura aparan yolun 25-ci ilini qeyd edir
14:12 20 Sentyabr 2019
52 Digər
Ölkə mətbuatı
A- A+

“Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsi tərəfdaşları bu gün 20 sentyabr 1994-cü il tarixində Azərbaycan hökuməti ilə altı ölkəni təmsil edən 11 xarici neft şirkəti arasında imzalanmış AÇG üzrə Hasilatın pay bölgüsü haqqında Sazişin 25-ci ildönümünü qeyd edir.
“Report” xəbər verir ki, “Əsrin Müqaviləsi” kimi tanınmış bu sazişin müddəti 2017-ci ilin sentyabr ayında 2049-cu ilin sonunadək uzadılıb.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, bu gün müstəqil Azərbaycanın tarixində xüsusi strateji rol oynamış “Azəri, Çıraq və Dərinsulu Günəşli” yataqlarında Hasilatın Pay Bölgüsü üzrə Saziş”in - “Əsrin müqaviləsi”nin 25-ci ildönümü qeyd olunur: “Tarix üçün bir an qədər qısa olan, lakin hər günü fədakar əmək atmosferində keçmiş bu 25 ildə qazanılan uğurlar, həyata keçirilən layihələr möhtəşəmliyi ilə insanda qürur hissi yaradır. Son 25 ildə ölkəmizdə illik neft hasilatı 4 dəfədən çox artıb və ölkə iqtisadiyyatının bütün sahələrində böyük canlanma yaranıb.
Xəzərin Azərbaycan sektorundakı dərinsulu yataqların işlənilməsi üçün ölkəyə zəruri texnologiyalar, müasir istehsal üsulları gətirilmiş, bütün sahələr üzrə innovativ metodlar tətbiq edilib. Ölkəyə təqribən 265 mlrd. ABŞ dolları, o cümlədən, neft-qaz sənayesinə 101 mlrd. ABŞ dolları həcmində investisiya qoyulub. AÇG-nin işlənilməsinə yatırılmış sərmayənin miqdarı isə 36 mlrd. ABŞ dollarını keçib”.
BP şirkətinin Azərbaycan, GürcüstanTürkiyə üzrə regional prezidenti Qəri Counz bildirib ki, AÇG-nin 25-ci ildönümü Azərbaycanın neft və qaz sənayesinin yeni tarixində olduqca əlamətdar bir hadisədir. “Bu, SOCAR, BP və AÇG müqaviləsinin bütün digər tərəfdaşları üçün tarixi bir gündür.
1994-cü ildən bəri bu müqavilə çərçivəsində əldə olunanlar möhtəşəmdir. Azərbaycanı yenidən dünyanın əsas enerji təchizatçılarından birinə çevirməklə ölkə iqtisadiyyatına təkan verən nəhəng dəyişikliklər məhz bu sazişlə başlanıb. Bu nailiyyətlərin bir səbəbi də AÇG çərçivəsində qurulan çox uğurlu əməkdaşlıqdır. Bunun üçün biz Prezident Əliyevə, onun hökumətinə və SOCAR-a borcluyuq. Biz birlikdə əməkdaşlığın nəyə qadir olduğunu göstərdik”.
AÇG-nin 25 illik uğurunun bəzi faktları:
1997-ci ilin noyabr ayında ilk hasilat başlanandan 2019-cu ilin ikinci rübünün sonunadək AÇG-dən 488 mln. ton (3,6 mlrd.bareldən artıq) neft hasil edilib.
Bakı-Tbilisi-Ceyhan boru xətti vasitəsilə təqribən 3,3 mlrd. barel AÇG nefti dünya bazarlarına daşınıb.
2006-cı ildən bəri, AÇG nefti ilə yüklənmiş 4,300 tanker Ceyhan terminalından yola salınıb.
Hasilatın başlanğıcından 2019-cu ilin ikinci rübünün sonunadək 44 mlrd. kubmetrdən artıq AÇG səmt qazı Azərbaycana təhvil verilib.
AÇG layihəsinin əsaslı xərcləri 2019-cu ilin ikinci rübünün sonunadək 36 mlrd. dollar təşkil edib.
1994-cü ildə AÇG layihəsi başlanandan 2019-cu ilin ikinci rübünün sonunadək layihə tərəfdaşları Azərbaycanda sosial layihələrə 84 mln. dollar xərcləyiblər.
2017-ci il sentyabr ayının 14-də AÇG sazişi 2049-cu ilin sonunadək uzadılıb.
Müqavilənin uzadılmasının ardınca, 2019-cu il aprel ayının 19-da AÇG-nin işlənməsinin növbəti addımı olan 6 milyard dollarlıq yeni layihəyə – “Mərkəzi-Şərqi Azəri” (ACE) layihəsinə sanksiyalaşdırıldı. Bu layihə hazırda tikinti mərhələsindədir və layihədən ilk neft 2023-cü ildə gözlənilir.
AÇG layihəsi çərçivəsində bir platforma - Çıraq platforması, yenidən qurulub, yeddi təzə platforma tikilib, dünyanın ən böyük neft və qaz terminallarından biri inşa edilib, Xəzər dənizinin dibində mürəkkəb sualtı boru xətləri şəbəkəsi yaradılıb.
2019-cu ilin ikinci rübünün sonunda AÇG-də 124 hasilat quyusu, 44 suvurma və 7 qaz injektor quyusu vardı.
AÇG-nin çox yüksək texniki təhlükəsizlik nailiyyətləri var, ətraf mühitə məsuliyyətlə yanaşan bir layihə kimi AÇG çərçivəsində 140 Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi və 266 dəniz, quru və sahilyanı ərazilər üzrə monitorinq tədqiqatları aparılıb.  


Xəbərin orijinal ünvanı: https://report.az/energetika/acg-ugura-aparan-yolun-25-ci-ilini-qeyd-edir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR