Dövlət başçısı: "Bu gün Azərbaycanın neft-qaz sektoru öz yeni inkişaf dövrünü yaşayır"

Dövlət başçısı: "Bu gün Azərbaycanın neft-qaz sektoru öz yeni inkişaf dövrünü yaşayır"
21:17 20 Sentyabr 2019
32 Digər
Ölkə mətbuatı
A- A+

"Bu gün Azərbaycanda çox əlamətdar bir gündür. Bu gün biz Neftçilər Gününü qeyd edirik. Bütün Azərbaycan neftçilərini peşə bayramı münasibətilə ürəkdən təbrik edirəm, onlara yeni uğurlar, yeni qələbələr arzulayıram. Neftçi peşəsi Azərbaycanda həmişə çox hörmətli peşə olub. Bu gün də belədir, sabah da belə olacaq. Azərbaycan neftçiləri ölkəmizin iqtisadi qüdrətinin artırılması istiqamətində çox böyük işlər görüblər, böyük töhfələr veriblər. Bu gün Azərbaycanın neft-qaz sektoru öz yeni inkişaf dövrünü yaşayır".
“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev sentyabrın 20-də Heydər Əliyev Mərkəzində “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə deyib.
"Bildiyiniz kimi, dünyada sənaye üsulu ilə ilk neft məhz Azərbaycanda hasil edilmişdir. Bu gün şəhərimizin mərkəzində dünyanın ilk neft quyusu bir turizm obyekti kimi fəaliyyət göstərir. O gündən bu günə qədər Azərbaycanda böyük həcmdə neft hasil edilmişdir. Bildiyiniz kimi, dəniz yataqlarından da dünya miqyasında ilk neft Azərbaycanda hasil edilmişdir və bu gün biz Azərbaycan neft sənayesinin yeni mərhələsinin şahidiyik.
Bu gün Azərbaycan nefti müstəqil Azərbaycan dövlətinə xidmət göstərir. Biz hamımız yaxşı xatırlayırıq ki, “Əsrin kontraktı”nın imzalanması ölkəmizin yeni mərhələyə qədəm qoymasına şərait yaratdı. 1990-cı illərin əvvəllərində gənc müstəqil Azərbaycan dövləti çox böyük çətinliklərlə, çağırışlarla üz-üzə qalmışdı. Ovaxtkı hakimiyyətin səriştəsizliyi, yarıtmaz fəaliyyəti, xəyanətkar addımları ölkəmizi uçurum kənarına qoymuşdu. 1991-1993-cü illər ağır faciəli illər kimi tariximizdə qalacaq. Ölkəmizi böhran bürümüşdü - siyasi, iqtisadi böhran, sənaye iflic vəziyyətdə idi. İqtisadi sahədə yaşanan tənəzzül gənc müstəqil ölkənin inkişafı üçün çox böyük maneələr törədirdi.
Azərbaycan xalqı özünə xas müdriklik nümayiş etdirərək 1993-cü ildə ulu öndər Heydər Əliyevə üz tutub, onu hakimiyyətə dəvət etmişdir. O gündən bu günə qədər Azərbaycan sabitlik dövrü yaşayır, Azərbaycan inkişaf yolu ilə gedir. 1993-cü ildən bu günə qədər aparılan islahatlar, görülmüş işlər Azərbaycanı dünya miqyasında uğurla inkişaf edən ölkə kimi tanıdır. O vaxt iqtisadi və siyasi sahədə yaşanan böhran böyük təhlükə mənbəyi idi. Heydər Əliyevin cəsarəti, uzaqgörənliyi, fədakarlığı Azərbaycanı bütün bəlalardan qoruya bilmişdir. Vətəndaş müharibəsinə son qoyuldu, Azərbaycan islahatlar yoluna qədəm qoydu. Müstəqil dövlətin Konstitusiyası qəbul edildi. Qeyri-qanuni silahlı birləşmələr tərk-silah edildi, ölkədə qayda-qanun yaradıldı. Əlbəttə ki, ölkəmizin gələcək inkişafı ilə bağlı ciddi addımlar atılmalı idi və “Əsrin kontraktı”nın imzalanması bu addımlar sırasında xüsusi yer tutur", - dövlət başçısı bildirib.


Xəbərin orijinal ünvanı: https://report.az/daxili-siyaset/dovlet-bascisi-bu-gun-azerbaycanin-neft-qaz-sektoru-oz-yeni-inkisaf-dovrunu-yasayir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR