"Tüpürüm sənin MK-na da, qəzetinə də!.." - FOTO

"Tüpürüm sənin MK-na da, qəzetinə də!.." - FOTO
14:12 16 Yanvar 2015
406 Digər
Ölkə mətbuatı
A- A+

“Qara Yanvar dialoqu”nu oxuyarkən bu həqiqəti bir daha xatırlayırsan
“20 Yanvar 1990-cı il Azərbaycanın tarixində ən faciəli gündür. Ancaq eyni zamanda o gecə, o gün Azərbaycan xalqı öz qəhrəmanlığını, rəşadətini və şəhidlik zirvəsinə qalxa bilməsini bütün dünyaya nümayiş etdirdi”.

Heydər ƏLİYEV

“Azadlıq, müstəqillik uğrunda, vətən uğrunda özlərini qurban verən şəhidlərimizin hamısının xatirəsini həmişə qəlbimizdə yaşatmalıyıq. Hesab edirəm ki, bugünkü müstəqil, qüdrətli Azərbaycan xalqımızın ən böyük sərvətidir”.

İlham ƏLİYEV

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın paytaxtı Bakı şəhərinə fövqəladə vəziyyət elan edilmədən keçmiş sovet qoşun hissələri yeridildi. Onlar eləcə də respublikanın bir neçə digər bölgəsinə daxil olmuşdu. Ordunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakıya göndərilmiş nümayəndələri şəhərdə ağlasığmaz vəhşiliklər törədir, qəddarlıq, qeyri-insani hərəkətlər edirdilər. Azğınlıq o yerə çatmışdı ki, gözləri uşaq, qadın və qocaları da seçmirdi. SSRİ və Azərbaycan konstitusiyalarının prinsipləri, bunlarla bahəm bütün insanlıq qanunları pozulmuşdu. Hətta təcili yardım maşınlarını da hədəfə çevirir, həkimləri və tibb bacılarını, milis işçilərini atəşə tuturdular. Bu, əvvəlcədən düşünülmüş, hazırlanmış bir təcavüzkarlıq idi. Məqsəd isə Azərbaycan xalqının azadlıq istəyini boğmaq, müstəqillik arzusunu puç etmək, mübarizə əzmini qırmaq idi.

20 Yanvar ərəfəsindəki dövrdə Azərbaycanın rəhbərliyi xalqla hakimiyyət arasında dərin uçurum yaratmışdı. Artıq bir neçə ay idi paytaxtda, digər şəhər və bölgələrdə izdihamlı mitinqlər keçirilir, respublika rəhbərliyinin istefası tələb olunurdu. Belə ki, rəhbərlik yaranmış qarşıdurmanın siyasi yollarla tənzimlənməsi üçün heç bir iş görməmişdi. Ona görə də Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinə, ələlxüsus MK-nın birinci katibi Əbdürrəhman Vəzirova kəskin etirazlar səslənirdi. O, öz xalqına qarşı gizli planlar qurmaqda, xəyanətdə günahlandırılırdı. Geniş xalq kütləsinin qəzəbinə eləcə də Sov.İKP MK-nın, şəxsən Mixail Qorbaçovun qərəzli, düşmən mövqeyi də səbəb olmuşdu.

“1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 29 mart tarixli qərarında deyildiyi kimi: “Qoşunların Bakıya yeridilməsi kommunist rejimini saxlamaq, milli azadlıq hərəkatını boğmaq məqsədinə xidmət etmişdir. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi bürosunun 1990-cı il yanvarın 14-də keçirilmiş iclasında fövqəladə rejimin tətbiq edilməsi ilə əlaqədar irəli sürülmüş təkliflər hakimiyyəti itirmək qorxusu ilə bağlı olmuşdur... Hüquqi əsası olmadan Bakıda fövqəladə vəziyyət elan edilməsi, silahlı qüvvələrin şəhərə soxulub heç bir müqavimətlə üzləşmədən ağır texnika və məhvedici silahlar vasitəsilə dinc əhaliyə qəddarcasına divan tutması Azərbaycan xalqına qarşı cinayət olmuşdur. Bu cəza tədbiri şüurlu surətdə planlaşdırılmış və vəhşicəsinə həyata keçirilmişdir.

Əsas məqsəd Azərbaycanda xalq hərəkatına zərbə vurmaq, mövcud olan rejimin dağıdılmasına yol verməmək və istiqlaliyyət uğrunda mübarizə aparan qüvvələri məhv etmək olmuşdur”.

O qanlı Yanvar hadisələrindən 25 il keçir. Zaman ötsə də, faciənin dəhşətlərini unutmur, həmin hadisələr vaxtı şəhidlik zirvəsinə yüksələnlərin əziz xatirəsini qəlbimizdə yaşadırıq. Yaşlı nəsil öz gözü ilə gördüklərini xatırlayıb dönə-dönə həmin əzablı hissləri yenidən yaşayır. Gənc nəsil bizi - ata-analarını, nənə-babalarını dinləyir, qələmə alınan xatirələrdən, yazılan kitablardan, çəkilən filmlərdən həqiqəti öyrənir. Elə buna görə də o vaxtdan bəri Şəhidlər xiyabanı özünün al qərənfil libasını dəyişmir. Bu güllər şəhidlərin əziz xatirəsinə bəslədiyimiz solmaz sevginin rəmzinə çevrilib.

Şəhid olanların xatirəsi nə qədər əzizdirsə, qanlı qırğın törədənlərə nifrət ondan da dərindir. İnsanlıq nahaq qanların baiskarlarını hələ çox lənətləyəcək, tarix onları çox ittiham edəcək. Tarixin ittihamı isə çox ağır olur...

1990-cı ilin faciəli Yanvar günləri anbaan xatirimizdədir. Onda xalqımızın çörəkdən, sudan çox informasiyaya ehtiyacı var idi. Azərbaycan televiziyasının enerji bloku partladılmışdı, radio işləmirdi, qəzetlər çıxmırdı. O müdhiş gecədən sonra da küçələrdə güllə səsləri eşidilir, əsgər maşınları şütüyür, Moskva radiosu isə hadisəni öz mənafeyinə uyğunlaşdırıb yalan xəbərlər yayırdı. Guya Bakıda ekstremistlər sovet əsgər və zabitlərini qətlə yetiriblər.

Dünya ictimaiyyətinə əsl həqiqəti çatdırmaq, yayılan böhtan xəbərləri təkzib etmək lazım idi. Respublikanın hər tərəfində camaat baş verənlər haqqında doğru-dürüst məlumat gözləyirdi.

İnsanları necə, hansı yolla məlumatlandırmalı? Fövqəladə vəziyyət şəraitində nəinki qəzet buraxmaq, şəhərə çıxmaq belə təhlükəli idi. Lakin öz vətəndaşlıq vəzifəsini yerinə yetirən, peşə borcuna sadiq qalan jurnalistlərimiz bəlkə də mümkün olmayan bir işin öhdəsindən bacarıqla gəldilər. Əlbəttə, o günlərdə bir nömrəli qəzet sayılan “Kommunist”in çıxması qeyri-mümkün idi. Beləliklə, taleyin hökmü ilə 20 Yanvar faciəsi barədə ilk söz demək məsuliyyəti məhz “Səhər”in - artıq xeyli müddət idi “Kommunist”ə əlavə kimi nəşr olunan “Səhər” qəzetinin öhdəsinə düşdü.

Şəhidlərin dəfn günündə “Səhər” dərdli xalqın yarasına sanki məlhəm oldu. Həmin matəm nömrəsi 2 milyon tirajla nəşr olunaraq əhaliyə pulsuz paylandı. Qəzetdə “Vətən bu gün ağı deyir...” adlı 11 jurnalistin qələmindən çıxmış kollektiv reportaj dərc olunmuşdu. Həmin müəlliflər qrupuna Rəfail Nağıyev, Məzahir Süleymanzadə və Şakir Yaqubov rəhbərlik etmişdilər.

Qəzetin əməkdaşı kimi “Səhər”in o nömrəsinin necə hazırlanmasını mən də heç vaxt unuda bilmirəm. Həmkarlarımın tapşırıqlarını alıb şəhərə dağılışdığını görəndə əlimdə qeyd dəftərçəsi və qələm həyəcanla Məzahir Süleymanzadənin iş otağına daxil oldum. Məzahir müəllimlə qısa dialoqumuz illər keçsə də, dönə-dönə qulaqlarımda səslənir:
- Bəs mən?!.
- Nə vaxt görsən ki, o azğınlaşmış ordu bizim hamımızı - bu redaksiyada işləyən kişilərin hamısını güllələyib, yazan və qəzeti çıxaran yoxdur, onda əlindəki o bloknotunu və karandaşını götürüb şəhərə sən düşərsən...

Kövrək məqamlar yaşanırdı: o günlərdə hamı elə bil bir-birinin doğması idi, hamı bir-birinin dərdinə şərik çıxır, daha doğrusu, birgə matəm saxlayır, bir-birini qorumağa çalışırdı.

Qanlı Yanvar hadisələrinin 25 illiyini hüzn və qürurla qeyd etdiyimiz bu günlərdə əziz həmkarlarımızın, ulu öndər Heydər Əliyevin qiymətləndirdiyi kimi, “jurnalistika qəhrəmanlığı”nı bir daha xatırladıq. “Səhər”i araya-ərsəyə gətirən jurnalistlər qrupuna rəhbərlik edən üç nəfərdən biri - Rəfail müəllim xeyli vaxtdır dünyasını dəyişib. Qəlbimizdə Məzahir Süleymanzadə, Şakir Yaqubovla görüşüb bir daha xəyalən 25 il əvvələ qayıtmaq istəyi oyandı.
Və nə xoş hadisə, nə xoş təsadüf! Eşitdik ki, bu günlərdə onların həmmüəllifliyi ilə “Qara Yanvar dialoqu” adlı kitab işıq üzü görüb. Hər biri əməkdar mədəniyyət işçisi, Ali Media Mükafatı laureatı olan müəlliflər yeni kitabı 20 Yanvar faciəsinin 25 illiyinə həsr ediblər. Kitab Azərbaycan Mətbuat Şurası Ahıl Jurnalistlər Məclisinin tövsiyəsi ilə nəşr olunub.

“Qara Yanvar dialoqu” adından da göründüyü kimi, iki qələm sahibinin söhbəti üslubunda yazılıb. Təbii ki, qeydlərimizin əvvəlində haqqında bəhs olunan olayların hamısı burada öz əksini tapıb.

Məzahir Süleymanzadə deyir: “Hər ikimiz kitab da yazmışıq, müsahibələr də vermişik. Amma 25 ildən sonra dönüb bir daha geriyə baxmaq, baş verən hadisələri təhlil etmək, daha çox rəsmi sənədlərə istinadən olub keçənlərə münasibət bildirmək də vətəndaşlıq borcumuzdur. Biz hər ikimiz həmin hadisələrin təkcə şahidi yox, həm də iştirakçısıyıq”.

Şakir Yaqubov da belə düşünür: “20 Yanvardan bəri Bakı qırğını barədə çox yazılıb, çox deyilib. Bu mövzu az qala nüfuz məsələsinə çevrilib, siyasi qazanc mənbəyinə dönüb. Çox istərdim ki, bu söhbətə həmin nəzərlə baxılmasın. Sadəcə, o məşum günlərin şahidi kimi, daha çox şəxsən özümüzə məlum olan faktları oxucuların geniş dairəsinə çatdırmaqdır istəyimiz. Məhşər məqamında kiməsə, nəyəsə bəlkə gərək oldu”.

Kitabda bir daha xatırlanır ki, 1990-cı il 20 Yanvar qırğını barədə birinci sözü ümummilli lider Heydər Əliyev söyləyib. Yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyində ilk cəsarətli fikri ulu öndər dilə gətirib, kəskin bəyanat verib və deyib: “Belə qərar qəbul etmiş adamların hərəkətini siyasi qəbahət sayıram. Bəli, kobud siyasi səhv buraxılmışdır. Onlar, sadəcə olaraq, respublikadakı əsl vəziyyəti qiymətləndirə bilməmiş, Azərbaycan xalqının psixologiyasını anlamamış, əhalinin müxtəlif təbəqələri ilə əlaqələri zəiflətmişlər. Onlar, görünür, bu işlərin belə ağır faciəyə çevriləcəyini əvvəlcədən düşünməmişlər. Bütün bunlar qabaqcadan nəzərə alınmalı və vaxtında vacib, zəruri tədbirlər qəbul edilməli idi. Ordu yeridilmiş, günahsız adamlar həlak olmuşlar”.

Həmsöhbətlər kitab boyu 20 Yanvara gələn qanlı yolun haradan və nə vaxt başlandığını, azərbaycanlıların kütləvi surətdə Ermənistandakı ata-baba yurdlarından qovulmasını, Şuşadakı Topxana meşəsinin harayını, o illərin bir çox digər ictimai-siyasi hadisələrini xatırlayırlar.

Nəhayət, Şakir Yaqubov “Səhər”in sözügedən matəm nömrəsinin hazırlanmasını bütün nüansları ilə, anbaan yada salır: “Bazar ertəsi - yanvarın 22-də ayaqüstü, dəhlizdə keçən yığıncağımızın son sözü bu oldu: bu günə qədər nə etmişiksə, necə yaşamışıqsa, bunların hamısı qalır 1990-cı il yanvarın 20-dən o tayda. İndən belə vicdanımızın əleyhinə getməyə, ürəyimizin hökm etmədiyi kimi yazmağa haqqımız yoxdur...

Yığıncaqdan birbaşa hərə aldığı tapşırığın ardınca yollanır. Qızğın iş gedir. Materiallar üst-üstə qalanır. Azərbaycan SSR Ali Sovetinin dünən, yanvarın 21-də axşam başlanan fövqəladə sessiyası yanvarın 22-də səhərə yaxın işini başa çatdırıb - bu barədə xəbərimiz var; bir qayda olaraq rəsmi materiallar teletaypla, “Azərinform” vasitəsilə daxil olur, ancaq indi sessiyadan bir xətt də material almamışıq. Telefon zənglərimiz heç yana çatmır - nəinki şəhər, bütün Azərbaycan matəm içindədir. Bu yandan isə SİTA ən müxtəlif materiallar verir - Qorbaçovun mərkəzi televiziya ilə çıxışından tutmuş sərhədyanı rayonlardan qərəzli reportajlara qədər... Qorbaçov deyir ki, “Sovet ordusunun və daxili qoşunların əsgərləri və zabitləri SSRİ Konstitusiyasının və qanunun müdafiəsi sahəsində öz borclarını yerinə yetirirlər” və s. Rusdilli xalqlar əleyhinə psixozu dolayısı şiddətləndirən yazılar da gözə dəyir. Hamısının da üstündə danışıqsız icra edilməsi tələb olunan qrif var. Heç nəyə baxmadan ciddi seçim gedir... Qaydaya görə saat 12-dək cari nömrə üçün müəyyən qədər materialı yığmaqdan ötrü mətbəəyə göndərməliyik. Mətbəə isə işləmir. Xəbər çıxır ki, Mətbuat prospektindəki redaksiyaların başçıları “Kommunist” nəşriyyatının direktoru Musa Nəbiyevin yanına yığışıblar - mətbəə fəhlələri ilə işə başlamaq barədə danışıqlar gedir”.

Şakir müəllim bütün detalları xatırlayır. Məsələn, deyir ki, birinci səhifədə verilən iri şəklin yanındakı essevari şəkilsözünü, əslində ağını Əfqan yazıb. Ş.Yaqubovun nömrənin məzmununu açan cümləsindəki “Azərbaycanın azadlığı və istiqlaliyyəti uğrunda” sözlərini Rəfail müəllim bu cür redaktə edib: Azərbaycanın tam suverenliyi və ərazi bütövlüyü uğrunda”. “Həlak olmuş” kəlməsi isə “şəhid olmuş” ifadəsi ilə əvəz edilib. (Bəli, o Qanlı şənbə gecəsinin qurbanlarını ilk dəfə “Səhər” şəhid adlandırıb - F.S.). Şəhidlərin dəfn mərasimindən reportajı Hidayət Elvüsal, Rusvat Bayramov, Bəxtiyar Sadıqov, Tahir Rüstəmov, Araz Qurbanov və Zülfüqar Rüfətoğlu hazırlamışdılar: Hökumət evinin qarşısındakı meydandan Dağüstü parka qədər qəm karvanının keçdiyi yol boyunca hərəsi bir nöqtədə dayanıb, həmin nöqtədəki əhval-ruhiyyəni qələmə almışdı. Redaksiyada oturub ağır dərdi siqaret tüstüsü ilə bol-bol ciyərlərinə, ürəyinə çəkən Vaqif Bəhmənli isə mahir bənna kimi daşı daş üstünə qoyub əzəmətli qala divarı ucaltmışdı: “O gecə bütün Azərbaycan xalqı minillik qəhrəmanlıq, yenilməzlik tarixini təkrar edirdi. Qanlı tarix təkrar olunurdu. Xalq qurban verə-verə oyanırdı, ayağa qalxırdı” - bu sözlər Vaqifin qələmindən süzülmüşdü.

Nömrədə fotojurnalistlər Fərman Bağırovun, Cahangir İbadovun, Ağaəli Məmmədovun, Rafiq Nəbiyevin və Yaşar Xəlilovun böyük çətinliklə çəkdiyi şəkillər yerləşdirilmişdi.

“Səhər”in 25 il ərzində saralmış həmin nömrəsi Bakının şəhidlərin dəfn günündəki mənzərəsini bu günün oxucusuna belə çatdırır: “Bazar ertəsi. Yanvarın 22-si. Bakı yas içindədir. Bu gün iki milyonluq bir şəhərdə bir gülümsər üz görmək mümkün deyil. Azadlıq və həqiqət meydanı qəm, dərd əlindən çat verir. Yüz illər boyu qızların, oğlanların qəm-qüssəsiz qalxdığı Qız qalasının - ismət, namus qalasının köksünə qara bayraq sancılıb. Qız qalası özü boyda daş olub ədalətsizliyin, namərdliyin təpəsinə düşmək istəyir. Qız qalası üz cırır, yaxa yırtır. Neçə-neçə şəhid cənazəsi onun müqəddəs göz yaşlarına bürünür. Bu göz yaşları Şəhid yaralarına məlhəm ola bilmir”.

Dialoqda Xəlil Rza Ulutürkün “Çıxdı “Səhər” qəzeti, səhər boyandı qana” misralarını xatırladan M.Süleymanzadə deyir: “Ümumiyyətlə, 20 Yanvar qırğını və 20 Yanvar şəhidləri haqqında çox yazılıb. Hələ bundan sonra da yazılacaq. Ancaq heç bir yazı “Vətən bu gün ağı deyir...” reportajının yerini verməyəcək”.
Sonra Məzahir müəllim qəzetin həmin nömrəsindən bir parçanı misal gətirərək o günlərin kədər dolu əhval-ruhiyyəsini, hüznünü, hətta qürurunu, eləcə də qəzetçilərin üzləşdiyi çətinlikləri yada salır: “İstəkli oxucular, 20 Yanvar Qanlı şənbə günündə Bakıda şəhid olmuş yurddaşlarımızın son mənzilə yola salınması mərasimindən əməkdaşlarımızın hazırladığı reportaj, dəhşətli faciədən bəhs edən fotoşəkillər yanvarın 22-də bizdən asılı olmayan səbəblərə görə çap edilmədi. Aradan iki soyuq və hüznlü qış günü keçib. Həmin fasiləyə görə materiallara əl gəzdirmək, matəm dəqiqələrinin göynərtili əhval-ruhiyyəsini əks etdirən cümlələri zamanca dəyişdirmək də olardı. Xalqımızın, eləcə də bizim hamımızın şəhidlərlə vidalaşdığımız dəqiqələrdə keçirdiyimiz sarsıntı və həyəcanları, ağrı-acını, sonsuz dərdi olduğu kimi çatdırmaq üçün bir vergülə də toxunmadıq”.

Həmin nömrəsində “Səhər” uzaqgörənliklə yazırdı: “Yox, bu gənclər ölməmişlər və heç zaman ölməyəcəklər. Hər dəfə sən, mən, o, “Şəhidlər xiyabanı”na baxanda onların ölməz ruhu ilə salamlaşacaq və sonsuz minnətdarlıqla təkrar-təkrar deyəcəyik:
- Rahat yatın, əzizlərimiz. Sizin hər damla qanınız Vətən torpağına atılmış igidlik imzasıdır”.
Fədakar müəlliflərinin səyi, zəhməti və bacarığı ilə qəzetin növbəti nömrələri də çıxdı.

Məzahir Süleymanzadə: “Səhər” düz 40 gün 20 Yanvar şəhidlərinə yas tutdu, - deyir. - Ehsanımız yalnız söz olsa da, millətimizi ovundurmağa çalışırdıq. Oğul itirmiş analar, qardaş itirmiş bacılar, ər itirmiş gəlinlər ağı, bayatı deməyi “Səhər”dən öyrəndilər”.

Yeri gəlmişkən qeyd edək ki, 20 Yanvarla bağlı indi dillər əzbəri olan bir çox əsərləri, o cümlədən şair Məmməd Aslanın məşhur “Ağla, qərənfil, ağla” şerini, el ağbirçəyi, professor Əzizə Cəfərzadənin söylədiyi bayatıları - ağıları, İlham-Fərizə sevgisinin təfərrüatlarını da oxuculara ilk dəfə məhz “Səhər” çatdırıb.
Hər yazı, hər nömrə çətinliklə başa gəlirdi. Bir çox hallarda hərbçilər jurnalistlərə hədə-qorxu gəlir, onları təqib edirdilər. “Qara Yanvar dialoqu”nda Şakir Yaqubov deyir: “...Komendantlığın Nəsimi rayon şöbəsindən üçüncü dəfə, axşam saat səkkizin yarısında kor-peşiman qayıtdım. Gecə işi üçün buraxılış vərəqəsi vermədilər bizə. Bir kapitanla ağızlaşaraq: “Nə haqla bizə buraxılış vərəqəsi vermirsiniz? Biz yarım milyon tirajla çıxan qəzetik, MK-nın orqanıyıq” - deyə etirazımı bildirərkən qonşu otaqdan çıxıb bizə yaxınlaşan nataraz polkovnikin acıqlı sözləri indi də qulaqlarımda səslənir: “Hansı qəzetdir o? Milli dildə çıxan qəzet? Tüpürüm sənin MK-na da, qəzetinə də!.. Lazım deyil sənin qəzetin heç kimə! Çıxırsa, qoy “Vışka” çıxsın, “Bakinski raboçi” çıxsın...” Və bir də etirazıma cavab: “İndi səni otuz sutkalığa qoduqluğa atarıq, onda bilərsən ki, sovet zabiti kimdir və onunla ağız-ağıza vermək nə deməkdir!” Onsuz da bəlli idi ki, sovet zabiti kimdir və onunla ağız-ağıza vermək nə deməkdir: gündüz ana torpağa tapşırdığımız şəhidlərin al qanını səkilərdən, yollardan hələ yumamışdılar...”

Nəhayət, deyilənlərə bir məqamı da əlavə etmək istərdik. Həmin dəhşətli gündə və ondan sonrakı ağır dövrdə qəzet buraxan, məqalələr yazan həmkarlarımız artıq yaşa dolublar, hamısının saçına dən düşüb. O vaxt, ölümü, bax beləcə, gözünün altına alıb öz vətəndaşlıq borcunu yerinə yetirəndə, qələmə sarılıb Vətəninin müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizəyə başlayanda isə hamısı cavan idi. Bakının qanlı küçələri ilə addımlayıb redaksiyaya, mətbəəyə, tapşırıq yerinə yetirməyə gedəndə evdən hərəsinin arxasınca iki-üç körpə boylanırdı... Onların özləri isə ölümün gözünə dik baxırdılar!

Bax beləcə, tarix yaxşını da, yamanı da öz yaddaşında möhkəm mühafizə edib saxlayır. Onun pis əməl sahiblərinə qarşı ittihamı böyük olur. Tarixin səhifələrindən yaxşı əməllər barədə xəbər tutan yeni-yeni nəsillər isə bu əməllərin sahiblərinə minnətdar duyğular bəsləyirlər.

"Azərbaycan"






Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/319323.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR