Namiq Həsənov: "Martın 1-ni gözləyin"

Namiq Həsənov: "Martın 1-ni gözləyin"
14:17 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Bakının ictimai nəqliyyatında kart-ödəniş sisteminin tətbiqi türkiyəli mütəxəssislərlə birlikdə həyata keçirilir və martın 1-dək bu prosesi yekunlaşdırmağı planlaşdırırıq.

Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənov bu sözləri AzərTAc-a müsahibəsində deyib. O qeyd edib ki, paytaxtın sərnişin nəqliyyatında İstanbul təcrübəsi tətbiq olunacaq və artıq satışa çıxarılan yüz minlərlə kart satılıb.

İctimai nəqliyyatda kart-ödəniş sisteminin tətbiqinin ləng getməsinin bir sıra obyektiv və subyektiv səbəbləri olduğunu bildirən N.Həsənov bildirib ki, validatorların Türkiyədən gətirilərək avtobuslara quraşdırılması vaxt tələb edir. Digər tərəfdən istismar müddəti başa çatan avtobuslar xətdən çıxarılır və yeni avtobuslara validatorların quraşdırılması da prosesi uzadır: “Bu sistemin tətbiqi 2013-2014-cü illərdə nəzərdə tutulmuşdu. Bəzi texniki məsələlərə görə, xüsusən də Türkiyədən validatorların gətirilməsi və quraşdırılmasında ləngimələr olduğu üçün proses bir qədər gecikdi. Ona görə də planlaşdırırıq ki, kart-ödəniş sisteminin tətbiqini martın 1-dək yekunlaşdıraq”.

Sərnişin avtobuslarında istifadə olunacaq kartın digər ictimai nəqliyyata inteqrasiya məsələlərinin də gündəmdə olduğunu vurğulayan N.Həsənov deyib: ““Yol kart” bank məhsuludur. Bu kartı bank sifariş verir. Milyonlarla kart olmalıdır ki, sərnişinlər ondan istifadə edə bilsin. Həmçinin başqa kartlardan, məsələn “master kart” və “visa kart”lardan da istifadənin mümkünlüyü nəzərdən keçirilir. Ola bilsin ki, “universal kart” məsələsi də gündəmə gəlsin. Ümumiyyətlə, biz istəyirik ki, gələcəkdə bu kartdan metroda da istifadə olunsun və bununla bağlı Bakı Metropoliteni ilə də müzakirələr aparılır. Əgər belə olsa, bu, sərnişinlər üçün də çox rahat olar. Bütün bu müzakirələr isə vaxt alır. Proses tətbiq edildikcə, yeni nüanslar meydana çıxır. Ona görə də ləngimə yaranır. Ancaq Nəqliyyat Nazirliyi sərnişin nəqliyyatında kart-ödəniş sisteminin tətbiqində qətidir”.

Milli.Az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR