Dəvətnaməni "Dəhşətnamə"yə çevirən toy xərclərindən necə qurtulaq?

Dəvətnaməni "Dəhşətnamə"yə çevirən toy xərclərindən necə qurtulaq?
07:37 30 Sentyabr 2019
108 Ölkə
Ölkə mətbuatı
A- A+

Özbəkistan Ali Məclisinin Senatı ölkədə toy və yas mərasimlərinin keçirilməsi qaydaları haqqında nizamnaməni qəbul edib. Yeni qaydalara əsasən, vətəndaşlar bir gündən artıq toy edə bilməzlər. Qonaqların sayı maksimum 200 nəfər olmalıdır. Toyu hər iki tərəf birgə etdikdə isə bu hədd 300-ə çata bilər. Toy karvanında yalnız 3 maşın ola bilər. Lisenziyası olmayan maşınlardan istifadə etmək qadağandır. Nikaha daxil olanlar toy haqqında əvvəldən yerli hakimiyyət orqanlarına xəbər verməlidirlər. Toy axşam saat 23:00-da başa çatmalıdır. Milli ənənələrə zidd olan şoular, toydan əvvəl və sonra keçirilən, əlavə xərc tələb edən mərasimlər də qadağan edilir.

Bizdə də evlənən gənclər kifayət qədər xərc çəkirlər. Restoranından tutmuş fotosessiyasına qədər bir çox hazırlıqlar görürlər.

Bəs belə bir qanunun ölkəmizdə də qəbul olunması necə olar?

Milli.Az bildirir ki, mövzu ilə bağlı Azadinform-a Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə münasibət bildirib: "Azərbaycanda toy adətlərinin dəyişdirilməsinə ehtiyac var. Hazırda toy biznesindən ancaq şadlıq evləri qazanır. Toy etmək o qədər bahalı mərasimə çevrilib ki, bəzi gənclər subay qalmağa üstünlük verirlər. Elə adamlar tanıyıram ki, toydan sonra şadlıq evinə 15-20 min manat pul ödəyib. Təbii ki, həmin pul qonaqların cibindən çıxıb. Elə şadlıq sarayları var ki, 1 stulun qiyməti 150-200 manatdır. Bir dəfə efirdə də dedim, o pula - 200 manata Bərdədə 2 quzu almaq olar. Mən bir gündə 2 quzu yeyən adama oxşayıram? Restoran sahibi məndən niyə 2 quzunun pulunu almalıdır? Deyirlər ki, masanın üstünə 60 cür nemət düzürük. Bunun adı israfçılıqdır. Axşam 6-dan gecə 12-yə kimi dayanmadan yeyib-içmək olar? Əcnəbilər bizim toylarda iştirak edəndə elə bilirlər ki, azərbaycanlılar aclıqdan çıxıblar. Zövqsüz musiqilər, səs-küy isə toylarımız üçün xarakterik olan başqa bir problemdir. Əvvəllər toya istirahət etməyə gedirdik. İndi toydan gələndə iki gün adamın başı ağrıyır. Bu gün elə acınacaqlı vəziyyətdir ki, insanlar dəvətnaməyə, "dəhşətnamə" deyirlər. Bəzən mənə elə gəlir ki, bəzi insanlar toya gedəndə o qədər deyinirlər ki, bu səbəbdən də ailə quran gənclərin çoxu xoşbəxt ola bilmir".

Sosioloq Əhməd Mansurov isə qeyd edib ki, belə bir qanunun bizdə də olması çox yaxşı olar: "İlk növbədə israfçılığın qarşısını ala bilər. Ailə quran gənclərin əvvəlki kimi dəbdəbəyə yox, daha çox gələcəkdəki ailə münasibətlərinə, ailə dəyərlərinə önəm vermələri yaxşı olardı. Bu baxımdan belə bir qanun qəbul olunarsa olduqca mütərəqqi bir addım olmuş olar. Maddiyyat ucbatından, iqtisadi problemlərin təsirindən toy adət-ənənələrinin məcburiliyi formalaşıb. Toyla bağlı cəmiyyətdə kök salmış qaydaların olmasına görə, gənclər ailə qura bilmir, nikah yaşı uzanır. Müəyyən ayrı-seçkiliklə üzləşməmək üçün bir-biri ilə bəhsə girir, maddi vəziyyətləri yaxşı olmayanlar üçün isə daha da çətin olur. Digər şəxslər isə daha dəbdəbəli toy şənlikləri keçirir. Amma sözsüz ki, burada israf olunmuş pullar ortada olur. Yəni bu cür dəbdəbəli toylara sərf olunan pulu hansısa bir xeyriyyə işinə istifadə etmək, və yaxud ehtiyacı olan şəxslərə vermək olar. Toy adət-ənənələri qayda-qanunsuz idarə olunur. Buna təsir edə biləcək nümunələrin, qanunların qəbul olunması isə cəmiyyətdə müsbət dəyişikliyə səbəb ola bilər. Yəni bu məsələlər dəfələrlə müzakirə olunur, amma bununla bağlı qanunun olmaması səbəbilə xoşagəlməz hallar hələ də müşahidə olunur. Bu haqda Qanun bizdə də qəbul olunsaydı, yaxşı olardı. Çünki həqiqətən də tənzimlənməyən və şişirdilmiş toy adət-ənənələrindən əziyyət çəkən və gecikən gənclər var".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/society/789416.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR