Prezidentlərin telefon danışıqlarını kimlər və necə dinləyir -

Dünyada ən çox dinlənilən telefon söhbətlərini ölkə başçıları edirmiş

Prezident Trampın Ukrayna prezidenti Zelenski ilə telefon danışığı ABŞ siyasi gündəminin əsas mövzusu olaraq qalır. Məsələ ondadır ki, Konqresdə çoxluqda olan demokratlar ABŞ prezidentini telefon danışığı zamanı qanunları pozaraq Ukrayna prezidentinə təzyiq etməkdə günahlandıraraq ona qarşı impiçment prosesi başladıb.

İddialara görə, iyul ayında Zelenski ilə telefon danışıqları zamanı Tramp ondan sabiq vitse-prezident, hazırda demokratların prezidentliyə namizədlik iddiasını ortaya qoymuş Co Baydenin oğluna cinayət işi açmasını istəyib. daha sonra bu danışıq kəşfiyyatçılar tərəfindən müvafiq qurumlara təqdim edilib, məsələ oradan da Konqresə gedib çıxıb.

Prezident Tramp isə bu ittihamları rədd edir. O, qanunları pozmadığını bildirir. Lakin bütün bu mübahisələr daha bir aktual mövzunu gündəmə gətirib. ABŞ prezidentinin telefon danışığını onun özündən və danışdığı şəxsdən başqa daha kim(lər) dinləyir? Maraqlıdır ki, Tramp və Zelenskinin telefon danışığı daha əvvəl “gizli danışıq” qrafasına alınsa da, daha sonra “çox gizli danışıq” qrafasına alınıb. Bu isə danışıqları daha az adamın dinləyə biləcəyi deməkdir.

BBC ABŞ prezidentlərinin telefon danışıqlarının necə həyata keçirildiyi və kimlərin dinləyə bildiyini yazıb. Məqalədə qeyd olunur ki, Ağ Evin ənənələrinə əsasən prezident xarici ölkə rəhbəri ilə telefonla danışmazdan əvvəl telefon danışığının mövzusu ilə bağlı bütün detallar prezidentə bildirmək üçün hazır olan müxtəlif sahələrə cavabdeh rəsmilərin brifinq təşkil etməsi lazımdır.

Telefon danışığı bir qayda olaraq Ağ Evin “Oval” ofisində həyata keçirilir və bu zaman otaqda prezidentdən başda Milli Təhlükəsizlik Şurasının ən azı iki üzvü olmalıdır. Eyni zamanda Ağ Evin xüsusi qorunan başqa bir otağında isə aparat işçiləri telefon danışığını dinləyib qeydlər götürür. Bu qeydlər “telefon danışığı qeydləri” və ya qısaca olaraq “memcon” adlandırılır.

Ağ Evlə yanaşı prezident rəsmi avtomobildə və prezident təyyarəsində də telefonla danışa bilər. İstənilən halda Milli Təhlükəsizlik Müşaviri telefon danışığı zamanı prezidentin yanında olmalıdır. Prezidentin telefon danışıqları daha sonra kompüter proqramı vasitəsilə “transkriptə” çevrilir. Eyni zamanda Milli Təhlükəsizlik əməkdaşlarının qeydləri transkriptlə tutuşdurulur. Və hamısı traskriptə çevrilir.

Araşdırmaya əsasən ABŞ prezidentinin ukraynalı həmkarı ilə telefon danışığını təxminən 10 nəfər dinləyib. Milli Təhlükəsizlik Şurası İcra Katibliyində çalışan məmurlar danışıqlardan sonra danışığı siniflənmə səviyyəsini müəyyən edir. Əgər danışıqlarda milli təhlükəsizlik və ya şəxslərin həyatına təhlükəyə salacaq məlumatlar olarsa, o zaman bu danışıqlar “gizli” olaraq sinifləndirilir və təhlükəsiz yerdə saxlanılır.

Əgər transkript “çox gizli” kimi sinifləndirilirsə, bu o deməkdir ki, bu məlumata ancaq Mərkəzi Kəşfiyyat İdarəsi əməkdaşları kimi ən yüksək səviyyəli şəxslər baxa bilər. Ancaq sadəcə “gizli” kodlu məlumatlar o qədər də ciddi qorunmur, müəyyən şəxslərin əli çatandır.

Göründüyü kimi, prezidentlərin telefon danışığı o qədər də gizli qalmır. Yalnız bir tərəfdən, yəni sadəcə ABŞ hökumətində prezidentlə yanaşı daha 10 nəfər müxtəlif ranqlı dövlət məmuru bu danışıqları dinləyir, qeydlər götürür. Əgər eyni prosedur qarşı tərəfdə, yəni danışıqlar aparılan ölkədə həyata keçirilibsə, o zaman bu danışıqları dinləyənlərin sayı daha da arta bilər.

Məsələ ondadır ki, ölkə prezidentləri həm də rəqib, hətta bəzən dost ölkələr tərəfindən gizli şəkildə dinlənilir. Məsələn, bir neçə həftə əvvəl Amerika mediası təhlükəsizlik orqanlarına istinadən İsrail kəşfiyyatının ABŞ prezidentini dinlədiyi haqda xəbər yaydı. Xəbərdə qeyd olunurdu ki, İsrail kəşfiyyat son iki ildə Ağ Ev və digər strateji qurumların yaxınlığında quraşdırdığı kəşfiyyat dinləmə quröuları vasitəsilə ABŞ prezidenti Donald Tramp və komandasını dinləyib.

“StingRay” adlandırılan cihaz quraşdırıldığı ərazidə ətrafda olan bütün mobil telefonların sahiblərini müəyyən edə və danışıqları qeydə ala bilir. Maraqlıdır ki, Tramp İsraillə çox yaxın idi və hətta bu məlumata inanmadığını demişdi. Lakin göründüyü kimi, kəşfiyyatçılar heç kimə inanmır, hətta müttəfiqlərini belə dinləyirlər.

Yeri gəlmişkən, daha bir “dost dinləməsi” qalmaqalı 5 il əvvəl qeydə alınmışdı. Həmin vaxt məlum olmuşdu ki, ABŞ kəşfiyyatı Almaniyanın baş naziri Angela Merkelin telefonlarını dinləyirmiş. Almaniya mətbuatı yazırdı ki, ABŞ Milli Kəşfiyyat Agentliyi Merkelin istifadə etdiyi və tam etibarlı telefonlardan hesab olunan “Blackberry Q-10" telefonunu dinləyirmiş. Özü də məlum olmuşdu ki, Almaniyanın dostu ABŞ-ın kəşfiyyat orqanları Merkeli nə az, nə çox, düz 10 il dinləyib.

Bu və bu səpkili onlarla iddialara əsaslanıb demək olar ki, dövlət başçılarının telefon danışıqlarını onların özündən başqa onlarla insan dinləyir. Bunların bir qismi leqal, yəni qanuni şəkildə dinləyənlər, bir qismi isə gizli şəkildə dinləyən dost və düşmən ölkələrin xüsusi xidmətləridir. Bu mənada dünyada ən etibarsız telefon söhbətlərini prezidentlərin etdiyini demək olar. Çünki onların danışıqlarını az qala 100 insan dinləyə bilir.

(musavat.com)


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR