O kənd bizi gözləyir...

O kənd bizi gözləyir...
14:32 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Cəmi bir nəfərin yaşadığı ucqar dağ kəndi. Əslində, bu kənd məsafəcə paytaxtdan o qədər də uzaqda deyil - Şamaxının Acıdərə kəndi rayon mərkəzindən cəmi 25 kilometr aralıda yerləşir. Adı kimi taleyinə, bəxtinə də ağrılar, acılar düşüb, az qala unudulub. Bunu biz demirik. Bu günlərdə Dövlət Statistika Komitəsi belə kəndlərin siyahısını açıqlayıb. O kəndlərin ki, yalnız bir adı qalıb, bir də boşalan yurd yeri. Buna da yurd yeri demək olarsa... Oba köçüb yurdu qalıbsa, o yerlər zaman-zaman unudulubsa, az qala qədimlik, ilkinlik nişanələri itib-batıbsa, onda varisləri necə arayaq, harada axtaraq?! Bir qədər çətin sualdır. Amma cavabsız da deyil. Hələ bir vaxtlar nənəm deyərdi ki, bir kəndin çəpəri uçub dağılanda tapanını bərkitməyə bir oğul tapılmırsa, onda o yurdun qara günləri başlayır...

Şamaxıda Acıdərəni, İsmayıllıda iki ailənin yaşadığı Pirqəmi, Gərzəni, Daharı, Qaxda Bağtalanı o təhlükədən, boşalmaq, yiyəsiz qalmaq bəlasından qoruya bilmədik. Amma vaxtında-vədəsində bu sosial bəlalara əlac olsaydı, o yerlər belə boşalmazdı. Ötən zaman kəsiyindən boylananda biz xeyli gecikdik. İş o həddə gəlib çatdı ki, qədim yurd yerlərində tüstü gələn bacaların sayını itirdik, o yerlər gediş-gəlişə həsrət qaldı...

Bitişik evlər, toylu-düyünlü ellər, obalar bir-birindən oğrun-oğrun ayrıldı. Adamlar yaz axşamlarının nağıl gecələrinə həsrət qaldılar. Sözün-söhbətin dadına-tamına tamarzı günlər yaşadılar. O kəndi-kəsəyi özünə, ilkin görkəminə qaytarmaq üçün bir qədər gecikdilər. Elə bil böyük şəhərlərin cazibəsinə, göz qamaşdıran bər-bəzəyinə aldandılar. O ucqar dağ kəndlərindən tələm-tələsik üzü bəri gələnlər gecəqondu şəhər evlərinə, darısqal yataqxana künclərinə sığındılar, tərtəmiz havanı, təbiətin zümrüd gözəlliklərini şəhərin tıxaclarına, sıxlığına, kirayə evlərə dəyişdilər. O dağlar, baxımsızlıqdan pəncərələri hörümçək toru bağlayan kənd evləri hələ də yol gözləyir. Gözləyir ki, gedənlər nə vaxtsa qayıdacaq. Ən azı ona görə ki, bu yurdun üstündə nə qədər doğma adamların, ataların, anaların qərib-qərib boylanan ruhu dolaşır. O sorğunun vaxtı-vədəsi gələcək, nə vaxtsa qərib yurd yerlərindən varis harayı eşidiləcək. Onda real statistikanı yox, itən yaddaşımızı, bizi mühakimə edəm vicdanımızı günahsız sorğu-suala tutmalıyıq: axı, o kəndləri niyə itirdik, o yerin-yurdun bilinməyən, bəlli olmayan günahı nədir? O yurd yerlərinin bir doyumluq təmiz havası da var, saf suyu da, ecazkar təbiəti də... Bəs nəyi yoxdur? Bu sorğunun bircə cavabı var: təəssübkeş oğulları, təpərli övladları. Qədim yurd yerlərini yenidən dirçəltmək, onlara nəfəs vermək o qədər də çətin deyil. Oğul istəyir ki, suyu sovrulmuş dəyirmanları, cığırı itmiş kəndləri yenidən özünə qaytarsın, o yurdun harayına hay versin. Bu işin ilkin təşəbbüskarı yenə də dövlət oldu. 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafa dair Dövlət Proqramında ucqar kəndlərin abadlaşdırılmasına nə az, nə çox - 7 milyard 625,9 milyon manat vəsait ayrıldı. Dağ kəndlərinin sıradan çıxan yollarını abadlaşdırmaq, o yerlərdə qaz çəkilişini bərpa etmək üçün ayrılan vəsaitin həcmi ildən-ilə artırılır. Azərbaycan ərazisindəki 4257 kəndin hər birində sosial strukturun təzələnməsi üçün büdcədən xeyli ayırmalar olur. Açığını deyək ki, son illər belə ardıcıl tədbirlərdən sonra kəndə qayıdış bir qədər sürətlənib, yeni qəsəbə və kəndlərin yaradılmasına təşəbbüs göstərilib. Statistik hesablamalara görə, bu gün ölkə əhalisinin 47,7 faizi kənd və qəsəbələrdə yaşayır. Kənd yerlərində yeni infrastruktur layihələrinə, abadlıq və quruculuq işlərinə daha çox vəsait ayrılması bir daha sübut edir ki, doğma yurdundan-yuvasından ayrılanlar gün-güzəranı, dolanışığı bəhanə edə bilməzlər. Ona görə ki, bu gün kəndlərdə yeni yaradılan fermer təsərrüfatları, kiçik müəssisələr bir daha sübut edir ki, yaşayış üçün geniş perspektivlər var. Əgər ötən onilliklərlə müqayisə etsək, açıq-aydın görərik ki, hər bir kəndlinin işgüzarlığı, bacarığı sayəsində dolanışığını təmin etmək imkanı var. Nəzərə alsaq ki, bütün bunlara dövlət dəstəyi də ildən-ilə güclənir, onda bəhanələrə lüzum qalmır. Kənd adamlarına güzəştli kreditlərin verilməsi, sosial müavinətlər daim dövlət nəzarətindədir. Öz dolanışığını, güzəranını kənd şəraitində qurmaq istəyənlərə hər cür imkan yaradılıb. Bu gün şəhərlə kəndin yaşayış səviyyəsində fərqi azaltmaq üçün konkret tədbirlər görülür, yeni sosial layihələr hazırlanır. Qalır bir məsələ. O da kənd adamının öz yerinə-yurduna, ata ocağına ürəkdən bağlanması.

Dövlət Statistika Komitəsi daha bir açıqlamasında tamamilə boşalan yurd yerlərinin siyahısını verib. O kəndlər ki adı var, özü yoxdur. Artıq o yerlər o qədər unudulub ki, bir-birinə həyan olan bitişik evlərin uçuq-sökük divarları, nimdaş nişanələri qalıb. Hər dəfə o kəndlərə qayıdanda, yeri-yurdu gəzib-dolaşanda qəribə hisslər keçirirsən. Düşünürsən ki, bir vaxtlar ata-baba yurdu kimi ziyarətgaha çevrilən qədim kəndlər baxımsızlığın, unutqanlığın güdazına gedir. Elə bil o yerlərin yolunu-izini birdəfəlik yadırğayıblar. Bunun bir adı var - unutqanlıq! Balakəndə Göyəmtala, Bərdədə Çərəlilər, Hacıqabulda Meyliman, Qubada İbrahim Hanut, Gədik, Qobustanda Şıxlar kimi kəndlər yalnız adına görə xatırlanır. Neçə illərdir ki, bu yerlərə insan nəfəsi dəymir. Bir sözlə, yaşayışın gur olduğu yerlər zaman-zaman boşalıb. Bu gün o yerlərdə bir nəfər də yaşamır. Belə yerlərin siyahısını xatırlayanda istər-istəməz eyni sorğularla üz-üzə qalırsan. Görəsən, bu kəndlərin, elin-obanın sonuncu sakinləri heç olmasa o doğma yurd yerlərindən ötrü az da olsa qəribsəyirlərmi? Axı, insan nə qədər qocalsa da, lap ucalsa da, nə vaxtsa dönüb geriyə boylanır, onu böyüdən, ərsəyə gətirən adamları, yurdu-yuvanı xatırlayır, o yerlərə dönmək istəyir. Gərək o yerlərə qayıdanda el-oba sorğusundan, haqq-ədalət mühakiməsindən çəkinməyəsən.

Dağıstanın xalq şairi Rəsul Həmzətov xatirələrində yazırdı ki, bir dəfə şair dostlarımı doğulduğum ucqar dağ kəndinə qonaq aparmaq istədim. Amma o kəndin yolları o qədər çətin keçilirdi ki, yolun yarısını maşınla yox, at arabası ilə getməli olduq. Uzun-uzadı yolçuluqdan sonra mənzil başına - doğma kəndimizə çatanda şair dostlarım təəccüblə üzümə baxdılar. O yerlərdə mənzərə əvəzinə uçuq-sökük evlər, balaca daxmalar gözə dəyirdi. Bir də bizi qarşılayan kəndin qocaları idi. Rəsul Həmzətov yazırdı ki, bu mənzərə məni çox sevindirdi. Doğmalarıma, yaxınlarıma baxdıqca kövrəlirdim, uşaqlığım yada düşürdü. Bir də ona görə sevinirdim ki, öz kəndimizə, doğma ocağımıza gəlmişdim. O yerlər nə qədər unudulsa da, baxımsız olsa da, mənim üçün o qədər doğma görünürdü ki...

Yerə-yurda bağlılıq, doğma ocağa sevgi elə mənəvi ucalıqdan başlayır. Yoxsa, dağlar, həsrətlə boylandığımız zirvələr, bu qədər uca, məğrur görünməzdi. Unudulan və boşalan kəndlərin qədim yurd yerlərinin yeni görkəminə qaytarılması, dirçəldilməsi üçün son illər xeyli işlər görülüb.

Dövlət Statistika Komitəsinin məlumatına görə, son illər ölkəmizdə unudulan kəndlərin, yurd yerlərinin dirçəlişinə xeyli sosial vəsait ayrılıb. Hesablamalara görə, bu xərclərin həcmi son onillikdə ən azı 3,4 faiz artıb. Nəzərdə tutulub ki, ən ucqar dağ kəndlərində də yeni layihələr əsasında quruculuq işləri davam etdirilsin. O yerlər öz varislərini, yurd sahiblərini unutmur. Bu şərtlə ki, gedənlərin, o yurdu tərk edənlərin kəndə-kəsəyə qayıtmaq, o yerlərə bağlanmaq istəyi olsun!

"Azərbaycan"


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/319324.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR