Müsavatın ələ keçirilməsi planı və böyük tablodakı hədəf – TƏHLİL

Müsavatın ələ keçirilməsi planı və böyük tablodakı hədəf – TƏHLİL
10:33 2 Oktyabr 2019
97 Digər
Ölkə mətbuatı
A- A+

Müsavat Partiyası IX qurultayını oktyabrın 12-nə təyin etməsindən sonra siyasi ehtiraslar qızışıb. Artıq partiya daxilində qarşıdurma açıq müstəviyə keçib və gözləntilərə görə, 2014-cü il ssenarisi – Qubad İbadoğlu və tərəfdarları A.Hacılının başqan seçilməsinə etiraz olaraq partiyanı tərk etdilər – yenidən təkrarlana bilər. Arif Hacılının ikinci dönəm üçün “qollarını çırmalaması” Müsavatın növbəti qalmaqala “hamilə” olduğunu göstərir.

Hazırda başqanlığa üç namizəd var: Arif Hacılı, Yadigar Sadıqlı və Tofiq Yaqublu.

2014-cü ilin 27 sentyabrında keçirilən VIII qurultayın nəticələrindən razı olmayanlar Qubad İbadoğlunun rəhbərliyi altında partiyadan ayrılaraq, ADR-i yaratdı. Arif Hacılı ciddi “qan itirən” partiyanı toparlamaq üçün üç gün sonra – 30 sentyabrda həmin vaxt həbsdə olan Yadigar Sadıqlı və Tofiq Yaqublunu özünə müavin təyin etdi. Bu, həm də onun başqanlıq iddiasında olan bu iki şəxsi xüsusi jestlə özünə bağlamaq gedişi idi. Lakin hər şey T.Yaqublu və Y.Sadıqlının həbsdən çıxması ilə yenidən başladı.

Tofiq Yaqublu həbsdən çıxandan sonra Milli Şuradakı fəaliyyətini dayandırmadı, Müsavatda ciddi qalmaqala səbəb olan bu hadisə 2018-ci ilin fevralında Arif Hacılının onu müavinlikdən çıxarması ilə nəticələndi. Yaqublu Müsavat Divanının üzvü olaraq qalsa da, müavinlikdən çıxarılması onun partiyadakı imtiyazlarını azaltdı. Beləliklə, Arif Hacılı Yaqublunun onun postuna yaratdığı təhlükənin miqyasını müəyyən qədər kiçiltmiş oldu.

Eyni təzyiq hücumu ilə Yadigar Sadıqlı da qarşılaşdı. Xüsusilə partiya daxilində onun haqqında müəyyən neqativ informasiyalar tirajlandı. Bu ilin fevralında Divanın iclasında Sadıqlının saxta xasiyyətnamə imzaladığı müzakirə olundu, bu haqda sənədlər partiyanın qapalı qruplarında paylaşıldı. Qarşı tərəf cavab olaraq, partiya rəhbərliyini “mühacir biznesində” ittiham etdi. Aprel ayında isə Y.Sadıqlı lokal mübarizənin sərhədlərini genişləndirərək, sərt açıqlamalar verdi. Bəyan etdi ki, “Müsavat Partiyası üzvlərinin qapalı qrupunda başqan Arif Hacılının xeyir-duası ilə məni satqın, öyrədilmiş, Müsavatı parçalayan elan etmək uğrunda yarış gedir. Kimlərin etdiyini soruşmayın, əksəriyyətini heç tanımazsınız, profillərində hakimiyyət əleyhinə söz tapmazsınız”.

A.Hacılının komandası qapalı qrupda baş verənləri ictimaiyyətləşdirdiyinə görə Sadıqlını açıq mətnlə satqın elan etdi. Bu söz savaşının səbəbi Sadıqlının həbsdən sonra başqanlıq iddiasında olması idi. Özü danışır ki, “birdən namizəd olar” ehtimalı ilə, preventiv olaraq partiya strukturlarında haqqımda neqativ yüklü şayiələr buraxmağa başladılar. Əlbəttə iddiamdan sonra bunlar xeyli çoxaldı və “əsəb müharibəsi” şəklini aldı.

Faktiki olaraq, Müsavatda qurultaydan öncə “əsəb müharibəsi” davam edir və hər bir namizədin öz rıçaqları var.

Arif Hacılı: 5 illik başqanlıq dövrü Müsavatı nüfuzdan salsa da, təsir imkanlarına görə hələ də üstünlük ondadır. Xüsusilə rayon təşkilatlarına hələ İsa Qəmbərin dövründən hakim olması qurultay nümayəndələrinin seçilməsi zamanı tərəfdarlarının həlledici rol oynayacağı ehtimalını gücləndirir. Partiyanın rəhbər orqanlarında, eləcə də Divanda çoxluq da Hacılının xeyrinədir və o, bu imkanlardan istifadə edərək, rəqiblərinə qarşı daxili kampaniyanı hələ öncədən qura bilib.

Yadigar Sadıqlı: üç namizəd arasında ən loyal görünən odur, özü də bəyan edir ki, seçilməsə sıravi müsavatçı kimi fəaliyyətini davam etdirəcək. Lakin partiya daxilində Sadıqlının “dostlar” adlandırdığı aktiv kəsim də mövcuddur və o, bu kəsimlə nəticələrə təsir etməyə çalışacaq.

Tofiq Yaqublu: ən müəmmalı və təhlükəli namizəd hesab olunur. Buna səbəb onun hələ də Milli Şuranın üzvü olaraq qalması və namizədliyinin təmsil olunduğu şura və AXCP sədri Əli Kərimli tərəfindən dəstəklənməsidir. Əslində, Yaqublu müəmması da buradan boylanır və hadisələrin inkişafında Müsavatın Milli Şuranın çətiri altına keçməsi planları hiss olunmaqdadır.

Bu prosesdə ən maraqlı məqam qurultayın vaxtının açıqlanmasından sonra ABŞ-da yaşayn Ramis Yunusun Arif Hacılıya namizədliyini irəli sürməmək çağırışı etməsidir.

R.Yunus deyir ki, İsa Qəmbərin başqanlıqdan getməsindən sonra Müsavatın cəmiyyətdəki nüfuzu və mövqeyi xeyli zəifləyib. Buna görə də o, Arif Hacılını namizədliyini verməməyə və Tofiq Yaqublunun xeyrinə geri çəkilməyə dəvət edib. İlk baxışdan, burada təəccüblü heç nə yoxdur, xüsusilə Azərbaycan müxalifətindəki siyasi partiyaların daxili qovğalar təcrübəsi prosesləri normal qarşılamağa imkan verir. R.Yunus da Müsavatın üzvüdür və o, hazırki başqanın fəaliyyətini bəyənmir.

Lakin R.Yunusun bu çağırışı Milli Şuranın sədri Cəmil Həsənli ilə ABŞ-da görüşdən sonra irəli sürməsi proseslərə fərqli bucaqdan baxmağı zəruri edir və hadisələrin inkişaf xətti Müsavatın yenidən Milli Şuranın çətiri altına girməsi, yaxud Əli Kərimlinin “kurasiyası”na keçməsi ehtimalını önə çıxarır. Üç məqam xüsusilə diqqət çəkir:

- Ramis Yunus bu çağırışı Cəmil Həsənli və ADR hərəkatının rəhbəri Qubad İbadoğlu ilə görüşdən sonra səsləndirdi;
- Mətndə Arif Hacılını “digər namizədlərin” yox, Tofiq Yaqublunun xeyrinə geri çəkilməyə dəvət etdi;
- İstefa çağırışı açıq məktubla edildi;


Cəmil Həsənlinin elmi fəaliyyət adı ilə səfər etdiyi ABŞ-a əslində Əli Kərimlinin tövsiyəsi ilə getdiyi haqda məlumatlar var. Onun okeanın o tayında keçirdiyi görüşlər və apardığı siyasi müzakirələr də elmi fəaliyyətin səfərin məqsədini pərdələmək məqsədi daşıdığını göstərir. Görüşdə hakimiyyətə gəlmək üçün daxili siyasi qüvvələrin birləşdirilməsi məsələsi müzakirə olunub. Proseslərin təhlili göstərir ki, xaricdən Azərbaycana qarşı yeni siyasi hücumun ilkin addımları hazırlanır. Burada xarici qüvvələrin öz maraqları var, daxili qüvvələr isə bu maraqları ilkin mərhələdə dividentlər əldə etmək, sonrakı mərhələdə hakimiyyətə gəlmək üçün “yeni fürsət” hesab edir. Əksəriyyəti Azərbaycanda şəriət rejimi qurmaq istəyən ekstremistlərin adlarının salındığı yeni “siysi məhbus” oyunu bu prosesdə açar detalıdır. (Oxu: Azərbaycana qarşı çoxcəbhəli hücum və “osminoq”un Bakıya uzanan qolları). Prosesin xarici vasitəçiliyini edən Ramis Yunus (həmçinin, Avropadakı Yunuslar), daxili icraçılığını üstlənən isə Milli Şura – Əli Kərimlidir. Və görünən budur ki, prosesə Müsavatın da daxil edilməsi niyyətləri var. Hərçənd, Müsavatın AXCP ilə yollarını ayırmasına səbəb olan Milli Şuradakı sonuncu qarşıdurmadan sonra bu mümkünsüz görünür. Hər birinin öz iddialı ambisiyası olan bu “mehriban düşmən”lərin bir çatı altında uzunmüddətli birliyi də mümkünsüzdür, xüsusilə Əli Kərimli “müxalifət liderliyi” adını artıq heç kimlə paylaşmaq istəmir. Bu baxımdan, Müsavatın ələ keçirilməsi ən doğru seçim olaraq görünür.

Və burada Tofiq Yaqublu faktoru önə çıxır. Yaqublu Müsavatda başqan müavinliyini Milli Şura üzvlüyünə qurban verən birisi kimi tanınır. Arif Hacılı və komandasını qəbul etmir və bu qiyamçı mövqe partiyada post-Qəmbər dövründən narazı olanların bir qisminin simpatiyasını qazanmasına səbəb olub. Bütün bunların fonunda onun AXCP ilə siyasi qohumluluğu da var: qızı Nigar Yaqublu Əli Kərimlinin müavini Seymur Həzi ilə ailə qurub. Kluarlarda bu evlilikdən yarızarafat-yarıciddi “iki partiyanın qohumluluğu” kimi bəhs olunur. “İki partiyanın qohumluluğu” və Tofiq Yaqublunun Əli Kərimliyə olan simpatiyası onun başqanlığı altındakı Müsavatın AXCP-nin nəzarətinə keçməsi üçün əla fürsət olardı.

Ssenari iyul ayında dövriyyəyə salındı. 5 illik ayrılıqdan sonra – Müsavat 2014-cü ilin 7 yanvar tarixində Milli Şuradan çıxdı – AXCP və Müsavat arasında “suların durulduğu” müşahidə olunurdu. Səbəb AXC-nin 30 illik yubileyi olsa da, Əli Kərimli bu yubileydən istifadə edərək, İsa Qəmbərin aktiv siyasətdən uzaqlaşmış görüntüsünü yaratmağa çalışdı, buna paralel olaraq, özünün “müxalifətin şəriksiz lideri” obrazını ortaya atdı. Yubiley tədbirlərinin keçirildiyi vaxtda Gültəkin Hacıbəylinin “Azərbaycan hakimiyyətinin parlamentdə heç bir halda görmək istəmədiyi yalnız iki şəxs var – Əli Kərimli (müxalifətin şəriksiz lideri olduğu üçün) və İsa Qəmbər (2003-cü ilin kompleksindən çıxa bilmədikləri üçün)” təbliğatı buna hesablanmışdı. Əli Kərimli ilk cəhddə belə görüntü ilə İsa Qəmbəri “oyundan kənar vəziyyətə” salmaq gedişi etdi, ardınca Müsavat rəhbərliyinə Tofiq Yaqublunun gətirilməsi istiqamətində hərəkətə başladılar. (Oxu: Yeni yaxınlaşma oyunu: Əli Kərimli İsa Qəmbəri belə “dəfn edir”).

Mesajın Ramis Yunusdan gəlməsi təsadüfi deyil: təklifin legitimliyi üçün onun Müsavat Partiyasının üzvü tərəfindən verilməsi lazım idi; Təklifin okeanın o tayından gəlməsi Müsavatda “Tofiq Yaqublunu ABŞ da istəyir” illüziyasının yaranmasını təmin edəcək; R.Yunus partiyada İsa Qəmbərin Qərbdəki nümayəndəsi kimi qəbul olunur və onun Arif Hacılıya qarşı olması “post-Qəmbər dövründə Qərb nümayəndəliyi sıradan çıxıb” fikrini gücləndirəcək və balansı Yaqublunun xeyrinə dəyişəcək;

Əli Kərimli Cəmil Həsənli ilə məhz bu planı Ramis Yunusa göndərib. Üçüncünün çağırışı açıq məktubla etməsi də qeyd etdiyimiz nəticələrin əldə olunmasına və Arif Hacılını fakt qarşısında qoymağa hesablanıb.

Müsavat Partiyasının üzvü, Elçibəy hakimiyyəti dövründə Nazirlər Kabinetinin işlər idarəsinin müdir müavini vəzifəsindən çıxarılanda məhz İsa Qəmbərin göstərişi ilə Milli Məclisin işlər idarəsinin müdiri vəzifəsinə təyin edilən, uzun illər “başqanın ABŞ-dakı nümayəndəsi” adını daşıyan Ramis Yunus niyə Əli Kərimli ilə anlaşır?

Bu sualın cavabı Müsavat ətrafında cərəyan edən proseslərin təkcə daxili siyasi cameədə “əsas güc” olmaq davası ilə yekunlaşmadığını, böyük tabloda ölkənin sərhədlərini aşan planların olduğunu göstərir.

İlk görünən budur ki, Ramis Yunus İsa Qəmbərin başqanlıqdan uzaqlaşmasından sonra əhəmiyyətini itirən “ABŞ nümayəndəliyi postunu” Əli Kərimlinin vasitəsilə dirildir. Hərçənd, bu böyük tablodakı detallardan biridir. Ümumi mənzərədə mənbəyi xarici qüvvələrə qədər gedib çıxan Azərbaycan müxalifətində radikal cəbhənin gücləndirilməsi planı görünür və hədəf zaman-zaman gündəmə gələn siyasi hakimiyyətə təzyiq rıçağının yenidən formalaşdırılmasıdır. Bu missiyanın icraçılığını üzərinə götürən Əli Kərimli mövcud vəziyyətdə heç nəyə yaramır, bu baxımdan, o, Müsavatı ələ keçirməklə mövqelərini gücləndirmək niyyətindədir. Ramis Yunus bu planın tətbiqində vasitəçi, Tofiq Yaqublu açar rolunu oynayır.

Bütün bu proseslərdə ABŞ-dakı məlum görüşdə iştirak edən Qubad İbadoğlu detalı da diqqətdən yayınmır. ADR bu oyunun harasındadır?

Burada Q.İbadoğlunun ABŞ-dan qayıtdıqdan sonra siyasi qüvvələrlə təkbətək görüşü yada düşür: O, başda Əli Kərimli olmaqla, Əli İnsanov, İlqar Məmmədov, Arif Hacılı və digərləri ilə təmas qurmuşdu. Onun okeanın o tayından ölkəyə yeni missiya ilə qayıtdığı ehtimalları mövcud idi və görünür bu missiyanın ilkin mərhələsi müxalifətdə radikal cəbhənin gücləndirilməsidir.

Müsavatın ələ keçirilməsi prosesində isə ADR ehtiyat variant rolunda çıxış edir. Ssenari baş tutmasa və Tofiq Yaqublu başqan seçilməsə, o zaman, Müsavatdakı tərəfdarları ilə birlikdə məhz ADR-ə transfer edəcək, beləliklə, həm Müsavat daha da zəifləyəcək, həm formalaşdırılması nəzərdə tutulan yeni cəbhəyə əlavə qüvvələr cəlb olunacaq, həm də AXCP-nin “ana müxalifət” iddialarının yolu daha da açılacaq. Sual yaranır, Yaqublu tərəfdarlarını niyə üzvü olduğu Milli Şuraya deyil, ADR-ə transfer edəcək?! Cavab sadədir, Müsavat üzvləri təcrübəyə əsasən Əli Kərimlinin nəzarətindəki Milli Şuranı istəmirlər və “başqanlıq planı” baş tutmasa, onlara Milli Şuraya getmək təklifi ediləndə, partiyada qalmağa üstünlük verəcəklər. ADR isə Arif Hacılıdan narazı olanların sığınacağı imicini qazanıb və bura keçid təbii qarşılanır. Burada iki mərhələli keçid ehtimalı güclüdür: əvvəlcə ADR-ə, sonra Milli Şuraya.

Lakin Milli Şuraya keçid ayrılıqda yox, ADR-lə birlikdə baş tutacaq. Hadisələrin inkişafı, okeanın o tayından gələn missiya və Qubad İbadoğlunun son dövrlər diqqətçəkən mövqeyi onun ADR-i Milli Şuraya daxil edəcəyi proqnozlarını gücləndirir. Yaqublunun “başqanlıq planı” baş tutarsa, o zaman, Müsavat Partiyası rəsmi şəkildə yenidən Milli Şuraya qayıdacaq və Arif Hacılının incik saldığı, ADR-də toplaşan köhnə müsavatçılarla Milli Şurada böyük barışıq olacaq.

Hərçənd, “başqanlıq planı”nın baş tutacağı çətin görünür: birincisi, İsa Qəmbər faktoru var və de-fakto lider Arif Hacılının dəstəkləyir; ikincisi, A.Hacılının təsir rıçaqları olduqca güclüdür və nəyin bahasına olursa olsun postunu əldən verməyəcəyi şübhəsizdir;

Bunu Müsavatı ələ keçirmək istəyən Əli Kərimli də yaxşı anlayır, lakin o, “troya atına” oynamaqda davam edir. Çünki IX qurultayın da VIII qurultay kimi Müsavatda yeni köçün başlanğıcı olacağı perspektivi aydın görünür. Və hər iki halda Müsavatın “qan itirəcəyi” istisna deyil...

Asif Nərimanlı


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/291886.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR