Bəhram Bağırzadə: "Mən bu il tədris ilini beş gün azaltmağı təklif edərdim"

Bəhram Bağırzadə: "Mən bu il tədris ilini beş gün azaltmağı təklif edərdim"
14:42 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Bakı 2015 Avropa Oyunlarının səfiri Bəhram Bağırzadə: “Özümü ruhən hazırlamışdım ki, mənə futbol düşəcək”
Bu günlərdə Bakı 2015 ilk Avropa Oyunları ilə bağlı mətbuat konfransı keçirildi. Beynəlxalq Muğam Mərkəzində baş tutan konfransda Azərbaycanın tanınmış simaları müxtəlif idman növləri üzrə səfir seçildilər. Onların sırasında aktyor, karikaturaçı, naşir, bir neçə kitabın müəllifi Bəhram Bağırzadə də vardı. Onun bəxtinə isə çimərlik futbolu üzrə səfir olmaq düşdü. B.Bağırzadə bəxtinə düşən biletdən olduqca məmnun görünürdü.

Biz də aktyoru təbrik edib, ona suallarımızı ünvanladıq.

"Kaspi"yə müsahibə verən aktyor yaradıcılığı barədə danışarkən artıq bir neçə kitabın müəllifi olduğunu, bu yaxınlarda “Bakı memarlığı 1993-2015” kitabının çıxacağını da bildirdi. Sözügedən kitab Avropa Oyunlarından öncə, mayda tamaşaçılara təqdim olunacaq.

- Bəhram müəllim, 2015-ci il Avropa Oyunlarında səfir qismində çıxış edəcəksiniz. Buna görə həyəcan keçirirsinizmi?

- Şükürlər olsun ki, bunun üzərində işləyən, vəziyyəti qiymətləndirən və düzgün qərarlar qəbul edən komitəmiz var. Amma mən də bir vətəndaş kimi narahat oluram, buna görə bəzi təkliflər verməyi özümə borc bilirəm. Məsələn, Avropa Oyunlarının keçirilməsi zamanı avtomobillərin şəhərə girişini məhdudlaşdırmaq lazımdır ki, yollar qismən boşalsın. Bizim çox hörmətli təhsil nazirimiz Mikayıl Cabbarov tədris ilini 15 iyuna qədər uzatdı. Oyunların açılışı isə 12-də olacaq. Mən bu il tədris ilini beş gün azaltmağı və uşaqların tətilə tez göndərilməsini təklif edərdim ki, şəhərdə az camaat olsun.

- “Çimərlik futbolu”nun sizin qismətinizə düşəcəyini gözləyirdinizmi?

- Hər kəs bilir ki, mən futbol həvəskarıyam. Özümü ruhən hazırlamışdım ki, mənə futbol düşəcək. Dostlarımızla Avropa Oyunları barədə danışanda demişdim ki, çox istəyirəm, mənə futbol səfiri düşsün. Bildiyim sahə olduğu üçün orada özümü rahat hiss edəcəyəm. Özüm də futbol oynamağı sevirəm və onun azarkeşiyəm. Bir səfir kimi mən də onlara öz üsullarımı öyrədəcəyəm (gülür).

- Avropa Oyunlarına qədər çimərlik futbolu üzrə məşq etməyi düşünürsünüzmü?

- Qoy futbolçular məşq etsinlər, mən artıq hazıram (gülür). Əlbəttə ki, zarafat edirəm. Möhtəşəm bir oyun olacağına inanıram. Azərbaycan vətəndaşı kimi, Avropa Oyunlarının vətənimizdə keçiriləcəyinə çox sevinirəm. İnanıram ki, bu yarışdan sonra Azərbaycanı bütün dünya tanıyacaq, xarici turistlərin ölkəmizə axını davam edəcək. Qoy bütün dünya Azərbaycan xalqının yaxşı tərəflərini yaxından görsün. Azərbaycanı dünyaya gözəl şəkildə təqdim etmək üçün mən də bu layihədə iştirak edirəm və bizə oyunların keçiriləcəyi günü səbirsizliklə gözləmək qalır.

- Siz dövrümüzün mahir gülüş ustalarındansınız. Hazırda efirlərdə yayımlanan əyləncə proqramlarını və komediya filmlərini mütəxəssis kimi necə qiymətləndirirsiniz?

- Mən o verilişlərin heç birinə baxmıram. İstəmirəm ki, sərt açıqlama verim, buna görə də veriliş aparıcıları məndən incisinlər. Hazırda çəkilən komediya filmlərinə də qəti şəkildə baxmıram. Birincisi vaxtım, ikincisi isə istəyim yoxdur. Özüm də hazırda ciddi bir film üzərində işləyirəm.

- Özünüzü rejissor sınamaq istərdinizmi?

- İstəyim olsa da, özümü tam olaraq buna hazır hiss etmirəm. Baxmayaraq ki, özüm də rejissorluq ixtisasını bitirmişəm. Düşünürəm ki, zamanı gəldikdə, mən də bir film çəkəcəm. Hər şeyin öz vaxtı var. Fikrimdə yalnız sevgi-məhəbbətə aid ssenarilər var. Sevgi-məhəbbət dedikdə yanlış anlamayın, burada yalnız həqiqi və düzgün məhəbbətdən söhbət gedir. Yəni söhbət yalnız kişi və qadın sevgisindən getmir. Bütünlükdə anaya, ataya, vətənə, övlada, millətə olan sevgidən söhbət gedir. Mənim çəkəcəyim filmdə fantastika, ölüm, atışma, müharibə, düşmənçilik olmayacaq.

- Yəni hesab edirsiniz ki, bu gün məhəbbət mövzusunda çəkilən filmlər qənaətbəxş deyil?

- Xeyr, onu demək istəmədim. Mən yazacağım ssenariyə uyğun düşüncələrimi bildirdim. Gələcəkdə çəkəcəyim filmi bu şəkildə görürəm. Kimin filmi uğur qazanıb, kiminki qazanmayıb, bu onların öz işləridir. Hər bir rejissorun mövzuya fərqli yanaşması olur. Mən isə gələcəkdə qeyd etdiyim tərzdə filmlər çəkmək istəyərdim. Mənim çəkdiyim filmlərdə ölüm, itki deyil, insanları sevgiyə səsləyən mesajlar olmalıdır.

- Nə vaxtsa siyasətə qatılmağı düşünürsünüzmü?

- Heç vaxt. Mənim ən böyük siyasətim yaradıcılığımdır. Bacardığım qədər öz yaradıcılığımda uğur qazanmağa çalışıram. Siyasətlə siyasətçilər, diplomatlar məşğul olsunlar. Mən yaradıcı insanam, ancaq bu o demək deyil ki, siyasətlə heç maraqlanmıram. Ola bilsin ki, mənim gələcək film və tamaşalarımda da siyasi kadrlar olsun. Çünki mən bacardığım işlə məşğul oluram, bacarmadığımla deyil. İnanın ki, məni aparıb hər hansı bir sahəyə müdir təyin etsələr və oradan kifayət qədər qazancım olacağını desələr belə, mən o sahələrdə çalışa bilmərəm. Çünki kənar işlər mənlik deyil, bacarmıram.

- Günü-gündən çoxalan seriallarımızın heç birində sizi görə bilmirik. Bəlkə təklif olunan məbləğlə razılaşmırsınız?

- Bəli, mən heç bir seriala çəkilmirəm. Çünki seriala çəkilməkdən xoşum gəlmir. Davamlı olaraq seriala çəkilmək üçün mənə təkliflər gəlir. Amma heç birini qəbul etmirəm. Həm də seriala çəkilməyə vaxtım olmur. Bir az boş vaxt tapanda da kitab oxuyuram.

- Sizcə, bu gün müasir tamaşaçını güldürmək asandırmı?

- Əslində asandır. Lakin ziyalı, intellektual, elmli-savadlı insanları güldürmək çox çətindir. Sadə insanları güldürməyə nə var ki? Ona görə də mən daha çox əvvəlki çıxışlarımdan həzz alıram. O zaman bizim teatra intellektual tamaşaçılar gəlirdi. Əfsuslar olsun ki, bu gün onlar azlıq təşkil edirlər. Yaşlı nəslin bir qismi dünyasını dəyişib. Yerdə qalan digər ziyalı insanlarımızın bəziləri isə xarici ölkələrə köçüblər.

- Müsahibimiz olduğunuz üçün təşəkkür edirik. Yeni konsert proqramınızda sizə uğurlar arzulayırıq.

- Çox sağ olun. Aprelin 25-26-da Heydər Əliyev Sarayında “KVN-Bakılı Oğlanlar”-ın yeni bir tamaşası olacaq və sizin vasitənizlə hər kəsi ora dəvət edirəm.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/319319.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR