Azərbaycan Universitetində 20 Yanvar faciəsinin 25-ci ildönümü silsilə tədbirlərlə qeyd ediləcək

14:43 16 Yanvar 2015
92 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc
Azərbaycan Universitetində 20 Yanvar faciəsinin iyirmi beşinci ildönümü ilə bağlı silsilə tədbirlər keçiriləcək.
Universitetdən AzərTAc-a bildiriblər ki, bu ali məktəbin rektoru Eldar Qəhrəmanov “20 Yanvar faciəsinin 25-ci il dönümünün keçirilməsi ilə bağlı tədbirlər planı”nı təsdiq edib.
Tədbirlər planına əsasən Azərbaycan Universiteti, Gənclərin Elmi Araşdırmalarına Dəstək İctimai Birliyinin (GEAD) təşkilatçılığı və “Səs” qəzetinin informasiya dəstəyi ilə ali məktəb tələbələri arasında “Müstəqilliyimizə gedən yol 20 Yanvardan keçir” adlı inşa müsabiqəsi keçiriləcək. Müsabiqə fevralın 4-dək davam edəcək.
Universitetdə “20 Yanvar faciəsi Heydər Əliyevin siyasi hakimiyyətə yenidən qayıdışına təkan verən hadisə oldu” mövzusunda “dəyirmi masa” keçiriləcək. Yanvarın 17-dək imtahan keçirilən qruplarda 20 Yanvar faciəsi haqqında məlumat veriləcək, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək.
Tədbirlər planında bildirilir ki, Azərbaycan Universitetinin bütün tədris korpuslarının foyelərində 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan xüsusi guşələr yaradılacaq, bu təhsil müəssisəsinin internet resurslarında hadisə ilə bağlı informasiyalar yerləşdiriləcək.
Yanvarın 19-da Azərbaycan Universitetinin müəllim və tələbələri Şəhidlər xiyabanını ziyarət edəcəklər. Daha sonra universitetin akt zalında faciə qurbanlarının xatirəsinə həsr olunan anma mərasimi keçiriləcək.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR