“İnkişaf və dünya” İctimai Birliyi ötən ilə yekun vurub və 2015-ci ilin planını təsdiqləyib

14:43 16 Yanvar 2015
106 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc
“İnkişaf və dünya” İctimai Birliyi (İB) ötən ilə yekun vurub və 2015-ci ilin planını təsdiqləyib.
İB-nin sədri Namazəli Mustafayev AzərTAc-a bildirib ki, bu məsələlər “İnkişaf və dünya” İB-nin idarə heyətinin üzvləri ilə yanaşı fəxri qonaqların da iştirak etdikləri iclasında müzakirə edilib.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Kitabxanasının yeni binasında keçirilən iclasda İB-nin sədri Namazəli Mustafayev çıxış edərək bu böyük, müasir və mədəni mərkəzin yaradılmasında göstərdiyi qayğı və xüsusi diqqətinə görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib.
İclas iştirakçıları Azərbaycanın ilk poliqrafçı alimi Şəddad Cəfərovu anadan olmasının 75 illik yubileyi münasibətilə təbrik ediblər. Hacı Rafiq, Mirvari Tahirli və Namazəli Mustafayev yubilyara xoş arzularını ifadə ediblər.
2014-cü ildə görülmüş işlər haqqında danışan N.Mustafayev kütləvi informasiya vasitələri ilə yaradılan əməkdaşlıq münasibətləri, müxtəlif təşkilatlarla ikitərəfli elmi-mədəni əlaqələrin genişləndirilməsi, gələcək layihələrin həyata keçirilməsi üçün hazırlıq işlərinin görülməsi haqqında məlumat verib. İctimai birliyin “Bakı Elm Festivalı – 2014”də iştirakı ötən ilin xüsusi əhəmiyyətli hadisəsi adlandırılıb. Festival çərçivəsində keçirilən sərgidə istedadlı rəssamlar Cəbrayıl Əliyev, Nərgiz Bayramova, Çingiz Rəcəbli, Pərvin Mustafayeva Azərbaycan xalq nağıllarına sistem illüstrasiyalarla çıxış ediblər. Festivalda gənc rəssamlar AMEA-nın müxtəlif elmi müəssisələrinin sərgi pavilyonlarında tematik kitab nəşrləri, eləcə də Azərbaycanın bir sıra məşhur alimləri ilə tanış olublar.
İdarə heyətinin iclasında ictimai birliyin 2014-cü ildə fəaliyyətinə yekun vurulub və 2015-ci il üçün iş planı təsdiq edilib. Sonda N.Mustafayev ictimai birliyin fəaliyyətini dəstəklədiyinə və yaradılan gözəl iş şəraitinə görə AMEA-nın rəhbərliyinə təşəkkürünü bildirib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Inkisaf_ve_dunya_Ictimai_Birliyi_oten_ile_yekun_vurub_ve_2015_ci_ilin_planini_tesdiqleyib-825275

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR