Azərbaycanda kənd təsərrüfatının inkişafı üçün yeni model tətbiqinə başlanılır

14:52 16 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 16 Yanvar 2015 14:50 ]


Bakı. Aynur Əliyeva - APA-Economics. Azərbaycanda kənd təsərrüfatının inkişaf etdirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması və kənd təsərrüfatı məhsullarının keyfiyyətinin yüksəldilməsi məqsədilə yeni layihələrin icrasına başlanılacaq.

 

Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq şöbəsinin müdiri Qalib Əbdüləliyev “APA-Economics”ə bildirib ki, əsas hədəflərdən biri ailə kəndli təsərrüfatlarının inkişaf etdirilməsindən ibarətdir.

 

Q. Əbdüləliyevin sözlərinə görə, bununla bağlı hazırda nazirlik yeni layihə üzərində işləyir.

 

Şöbə müdiri deyib ki, heyvandarlığın yeni inkişaf modelində xırda pay torpaqlarına malik olan ailə təsərrüfatlarında hazırda saxlanılan az məhsuldar heyvanların yüksək məhsuldar heyvanlarla əvəz edilməsi təklif edilir: “Bununla yanaşı, belə təsərrüfatların stimullaşdırması və eyni zamanda yaxşı, təmiz məhsulun əldə olunması məqsədilə heyvanların tövlə şəraitinin də modern şəkildə qurulması nəzərdə tutulub. Burada əsas məsələlərdən biri damazlıq işidir, yəni kənd təsərrüfatı heyvanlarının genetik potensialının yüksəldilməsi ilə bağlıdır. Bu potensialı ortaya çıxarmaq üçün heyvanlar yaxşı yemlənməli, yaxşı şəraitdə saxlanılmalı və sağlam olmalıdırlar”.

 

İlkin təkliflə görə, ailə kəndli təsərrüfatlarına minimal olaraq 5 baş heyvanın verilməsi məqbul sayılır.  Bir gündə laktasiya dövründə 20-25 litr süd verən 5 yüksək məhsuldar inək saxlanırlarsa, bir gündə təxminən 100 litr süd istehsal olunar.

 

“Həmin ailə təsərrüfatı əldə etdiyi südü 40 qəpiyə satsa, bir gündə ailəyə 40 manat gəlir daxil olacaq. Ailə bunun yarısını mal-qarasına sərf etsə, qalan yarısı da özünə qalacaq. Biz bu prizmadan yanaşırıq. Bütün bunlar ailə təsərrüfatına güzəştli şərtlərlə təqdim olunacaq. Bu, mikrokredit, lizinq və ya başqa bir formada ola bilər. Əsas məqsəd ailə təsərrüfatının o güzəşti hiss etməsidir. Bütün bunlar layihə üzərində iş tam bitdikdən sonra məlum olacaq”, - deyə Q. Əbdüləliyev qeyd edib.

 

Heyvandarlıqda damazlıq işinin inkişafı üçün ölkəyə yüksək məhsuldar heyvan cinslərinin idxal olunduğunu qeyd edən şöbə müdiri bildirib ki, bu o həddə çatıb ki, artıq ölkədə yeni cins heyvanlar nəsli yetişib. “Yəni ümumilikdə belə heyvanların əmələ gəlməsi üçün potensial yaranıb. Bu potensialdan istifadə edərək xırda ailə təsərrüfatlarını inkişaf etdirəcəyik və heyvandarlıqda idarə etməni modernləşdirəcəyik. Bu həm də resurslardan, pay torpaqlarından səmərəli istifadə, yüksək məhsuldarlıq, yüksək məhsul bolluğunun yaranmasına gətirib çıxaracaq. Həmçinin məhsul təmiz şəraitdə əldə olunacaq”, - deyə o qeyd edib.  

 

Qeyd edək ki, bu layihə dünyada özünü doğruldan təcrübələrin respublikaya gətirilməsi, ailə təsərrüfatlarına bu istiqamətdə köməklik etmək və yaxşı nümunələrin ölkədə genişlənməsinə şərait yaratmağı hədəf götürüb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR