“Məşriqlilər”in anti-İslam siyasəti, Mailyan eşqi və Azərbaycana hücumu

“Məşriqlilər”in anti-İslam siyasəti, Mailyan eşqi və Azərbaycana hücumu
13:38 5 Oktyabr 2019
104 Digər
Ölkə mətbuatı
A- A+

Molla İbrahimxəlil Kimyəgar ondan gümüş istəyənlərə dedi: “İksir butədən çıxıb tamam olan zamana qədər ki, bir saatdır başlanıb, itmamına iki saat qalıb, gərəkdir ki, meymunu yadınıza salmayasınız və meymun şəklini xatirinizə gətirməyəsiniz”.

Gümüş eşqinə düşənlər cavab verdilər: “Ağa, tamam dağların heyvanatı meymun şəklinə, böyük həmdunələr sifətinə dönüb, uzun quyruqları ilə nəzərimdə basışırlar, üstümüzə hücum gətirirlər”.

(M.F.Axundzadə” Hekayəti Molla İbrahim-Xəlil Kimyagər”).

Məşriqdən Azərbaycana qarşı qondarma iddialarla yeni hücum cəhdləri
məlum və məlun meymunu yada salır və belə görünür ki, Azərbaycanda baş verən bütün mədəni-ictimai proseslər, keçirilən beynəlxalq tədbirlər, hətta mahnı müsabiqələri belə bəzi dairələrin gözündə meymun şəklini alır.

Axundzadənin cahilliyə qarşı bu ironiyası günümüzdə də aktualdır. Əgər kim(lər)sə “Aşura Azərbaycanda Avroviziyanı məhv etdi” yazıb, Azərbaycan hökumətinin hər il “Avroviziya” keçirdiyini iddia edirsə, bu, cahilliyini aqillik kimi göstərməkdən başqa bir şey deyil.

Necə deyərlər, ağlı gödək olanın dili uzun olar. İranın “Məşriq” (Şərq) qəzetinin Azərbaycanla bağlı qəsdli iddialardan ibarət məqaləsi də dilinin uzunluğunun ağlının gödəkliyi qədər olduğunu göstərdi. “Aşura Azərbaycan Respublikasında “Avroviziya”nı məhv etdi” adlı məqalədə iddia olunur ki, “Azərbaycan hökumətinin mədəniyyət siyasətinin “tolerantlıq və multikultralizm” üçün təqdim etdiyi tərif bu anlayışların ideomatik və ümumi mənasından fərqlənir”.

Məqalənin “ağıllı” müəlliflər hesab edirlər ki, Azərbaycanda mövcud tolerantlıq İslam istisna olunmaqla bütün dinlərə şamil olunur və bu “tolerantlıq başqalarının etiqadı qarşısında kor-koranə təəssübkeşlik etməmək və müxalif etiqadı boğmamaqdır” anlayışına ziddir. Uydurduqları bu anlayışı tolerantlığın tərifi kimi sırımağa çalışan “məşriqlilər” bununla öz niyyətlərini də açmış olurlar.

Azərbaycan bütün dünyada tolerantlıq və multikulturalizm məkanı olaraq tanınır, qəbul olunur və bunun real səbəbləri var: İslam aləminin nadir ölkələrindəndir ki, vəhdət namazı qılınır; bütün dinlərin etiqad azadlığı tanınır, dini məkanlar dövlət tərəfindən təmir və inşa edilir; əhalinin əsas kəsiminin inancı olan şiə etiqadının bütün müqəddəs məkanları dövlət tərəfindən qorunur, bərpa edilir və ibadət üçün istifadəyə verilir – dövlətin ali şəxslərinin iştirakı ilə açılmış İmam Hüseyn, Hacı Cavad məscidləri, Naxçıvanda istifadəyə verilən məscid və mədrəsə şiə məbədləri, Prezidentin şəxsi vəsaiti hesabına tikintisinə başlanan “Fatimey-Zəhra” məscidi və s; ölkədə mövcud olan 2246 məscidin əksəriyyəti şiə məscididir.

O ayrı məsələdir ki, Azərbaycanda dinindən, məzhəbindən asılı olmayaraq bütün inanclı kəsimlərin etiqad azadlığı təmin olunduğu kimi, yenə dinindən, məzhəbindən asılı olmayaraq, radikalizmə qarşı ən sərt tədbirlər görülür. Və “məşriqlilərin” yuxusuna haram qatan “meymunun” başı da buradan boylanır. Onlar istəyirlər ki, regionun bəlli dini-klerikal dairələrinin əmrinə amadə olanların Azərbaycanda “şəriət rejimi” qurmaq niyyətlərinə xidmət edilməsinə şərait yaradılsın, dövlət bunu etmirsə, deməli, tolerant deyil. “Məşriq”in təbliğat hücumunun əsas səbəbi də Azərbaycanda unitar quruluşun dəyişdirilməsi planlarının alt-üst edilməsidir.

Elə buna görə də “ötən illər ərzində Qafqaz Müsəlmanları İdarəsi Bakı şəhərinin mərkəzində yerləşən Məşədi Dadaş məscidi, Yeni Günəşli qəsəbəsində yerləşən “Fatimeyı-Zəhra” məscidi və Gəncə şəhərində yerləşən İmamzadə İbrahim ziyarətgahının icmalarını ələ almaq və öz istədiyi səmtə yönləndirmək üçün ciddi-cəhdlə səy göstərmişdir” deyə yazır, bunu anti-tolerant, anti-multikulturalizm adlandırır.

Adıçəkilən məscid və ziyarətgahlar bu gün inanclı kəsimin üzünə açıqdır və dövlətin dəstəyi ilə həmin məkanlar təmir edilərək, daha yaxşı vəziyyətə salınıb. “Məşriqliləri” narahat edən məqam İranın dini-klerikal dairələrinə bağlı ekstremist qüvvələrin siyasi oyunlarının Azərbaycan dövləti və xalqı tərəfindən rədd edilməsi, bu oyunların baş tutmamasıdır. Görünür, əlləri hər yerdən üzülən dairələr Azərbaycanın tolerant və multikulturalizm mühitinə hücum etməklə əvəz çıxmaq istəyirlər.

O da ayrı məsələdir ki, “Məşriq”in Azərbaycanın multikulturalizm siyasətini anlaması müşküldür. Çünki İran İslam Respublikasında dövlət müəssisələrində zərdüştilər, kəldanilər, yəhudilər və ermənilərə kvotalar olduğu halda sünni bəluclar, sünni kürdlər, bəhailər, sünni azərbaycanlılar (kürəsünni icması), ələvi-əliallahi azərbaycanlı və mukrilər (kürdlər) təqib olunur. Azlıq anlayışı yalnız zərdüştilər, kəldanilər, yəhudilər və ermənilərə şamil edilir, digər azlıqların ibadət və dil haqları tanınmır. Əqəliyyət kimi tanınanlar da əslində dözümlülüklə bağlı deyil. Zərdüştiliyə fars şovinizmə görə doğma münasibət bəslənilir, adında İslam sözü olan dövlətin az qala hər məntəqəsində zərdüştiliklə bağlı abidələr qoyulur, İran prezidenti gəbrlərin (parsların) ümumdünya konqreslərində iştirak edir və ya təbrik məktubları göndərir. Həm də rəsmən tanınan əqəliyyətlər vasitəsilə beynəxalq səviyyədə İran xeyrinə lobbiçilik aparılır, erməni və xaldey (kəldani) icmaları ilə yanaşı, vaxtilə “İrangeyt” əməliyyatında olduğu kimi bəzən yəhudi icmasından da bu məqsədlə istifadə edilir. Belə bir ölkədə nəşr olunan dini-klerikal dairələrə bağlı qəzetin Azərbaycandakı tolerantlıq və multikulturalizm mənzərəsini anlamasının çətin olduğu təəccüblü deyil.

Və buna görə məlum məqalədə ölkəmizdə keçirilən mədəni-ictimai tədbirlər, beynəlxalq mahnı müsabiqələri, film sənayesinin inkişafı, mədəni gücümüzün artmasına hesablanmış layihələr “İslam təməllərindən uzaq” adlandırılır, Azərbaycan xalqının dini-mədəni ənənələrinə zidd olduğu iddia olunur. Əsas hədəf kimi də mədəni gücümüzün inkişafına böyük töhfə verən Heydər Əliyev Fondu seçilir. “Fond proqram və təbliğatlarında islam dininin əsaslarına yer verməməklə yanaşı, Azərbaycan Respublikasının xalqını sekulyar dövlətin öz prinsiplərinə ziyanlı hesab etdiyi öz islam və şiə əqidəsindən uzaqlaşdırmaq üçün proqramlar, film, serial, teatr, şeirlər, mahnılar, kitablar və məqalələrin hazırlanmasına çalışır” – məqalədə deyilir.

Bu yanaşma faktiki olaraq, başqa ölkənin mədəni həyatına kobud müdaxilədir və məsələyə “Məşriq”in məntiqi ilə yanaşsaq, o zaman Azərbaycan da İranda dini mərasimlərin keçilməsinə qarşı çıxmalıdır. Bununla yanaşı, İran Mədəniyyət Mərkəzi qapadılmalı, İran film festivalları qadağan olunmalıdır. Çünki məlum mərkəz qadağan edilməsinə zərurət olan mədəni fəaliyyətlə məşğul olur, İran film festivallarında isə radikal dini baxışlar təbliğ olunur. Azərbaycan bunu etmir və görünür, “məşriqlilər” mövcud tolerant şəraitdən istifadə edərək, ağıllarının gödək olduğu qədər uzun olan dillərini işə salır, absurd iddialar irəli sürürlər. Belə absurd iddialardan biri də məhz Heydər Əliyev Fondunun İslam və şiə əqidəsinə qarşı olması haqdakı sərsəmləmələrdir.

Azərbaycanın tolerantlıq və multikulturalizm mühitinin formalaşmasında əhəmiyyətli paya sahib olan Heydər Əliyev Fondunun indiyə qədər təmir və bərpa etdiyi məscidlərin, müqəddəs məkanların sayı yüzlərlərdir. Onlardan bir neçəsinə diqqət yetirək: Mərdəkan qəsəbəsində XVI əsrə aid Pir Həsən ziyarətgahı, Binə qəsəbəsindəki Möhsün Səlim məscidi, Gəncədəki Həzrəti Zeynəb məscidi, Buzovna qəsəbəsindəki Cümə məscidi, Binə qəsəbəsindəki İmam Rza və Mərdəkan qəsəbəsindəki Heydər Cümə məscidləri, bütövlükdə Cənubi Qafqazda və Yaxın Şərqdə ən qədim müsəlman məbədlərindən olan Şamaxı Cümə məscidi və digərləri.

Bu, siyahını kifayət qədər uzatmaq olar, hərçənd, Fond bu işləri hansısa dini-klerikal dairənin maraqlarına uyğun olsun deyə yox, Azərbaycan xalqının etiqad azadlığının qorunması, dini inanclarının normal mühitdə yerinə yetirə bilməsi üçün edir. “Məşriq”in Heydər Əliyev Fondunu hədəf seçməsi də məhz Fondun tolerantlıq mühitinə verdiyi töhfənin nəticəsində bəlli dairələrin maraqlarına uyğun olan radikalizmin cəmiyyətdə kök sala bilməməsidir.

Belə mənzərə “Məşriq”in sahiblərinə və onların ortaqlarına sərf etmir.

“Məşriq”in sahibləri: anti-Azərbaycan mövqeyi ilə məşhur olan qəzetin İranın dini-klerikal dairələrinin ruporu olduğu məlumdur və bu dairələr zaman-zaman Azərbaycanın müstəqil siyasətinə qarşı qəzetin səhifələrini döyüş poliqonuna çevirməkdən, absurd iddia güllələrini sağa-qola səpələməkdən yorulmur. Sonuncu məlum məqalənin dərc olunması və ardınca Təbrizdə baş verən hadisə qəzetin sahiblərini də, niyyətlərini də bir daha ifşa etdi.

“Aşura Azərbaycan Respublikasında Avroviziyanı məhv etdi” sərlövhəli məqalə qəzetdə 17. 09.2019 tarixində dərc olunub və qəzetin “mashreqhnews.ir” saytında yayımlanıb.

Bundan təxminən iki həftə sonra – oktyabrın 3-də Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynovun Təbrizə səfəri çərçivəsində İranın Ali Rəhbərinin Şərqi Azərbaycandakı nümayəndəsi və Təbrizin imam-cüməsi Seyid Məhəmmədəli Al-Haşem ilə görüşü haqda məlumat yayıldı. Görüşdə Al-Haşem iddia edib ki, Məhərrəmlik ayında Bakıda mahnı müsabiqəsi keçirilir və bu yaxşı hal deyil.

Səfirimiz yanlış və müstəqil ölkənin daxili işinə müdaxilə olan bu iddianın layiqli cavabını verib və qeyd edib ki, “Bu il Azərbaycanda yaşayan müsəlmanları, o cümlədən Tehran sakinlərini təəccübləndirən və təəssüfləndirən hadisə baş verib. Tasua və aşura günlərində Tehranda 51-ci erməni oyunlarının açılış mərasimi səsli-küylü musiqi və kollektiv rəqslə, həmçinin atəşfəşanlıqla qeyd olunub. Güman edirik gələcək illərdə məhərrəm mərasimlərində belə hadisələrin şahidi olmayacağıq”.

Azərbaycanda keçirilən mədəni tədbirlərlə bağlı iddialara həsr olunmuş məqalənin “Məşriq”də dərc olunmasından sonra Təbrizin imam-cüməsinin eyni iddiaları rəsmi görüşdə dilə gətirməsi bu hücumun İranın dini-klerikal dairələri tərəfindən məqsədyönlü şəkildə təşkil edildiyini təsdiqiləyir. Məqsəd Azərbaycanın daxili işlərinə qarışmaq və dini-siyasi idealogiyanın yeridilməsi cəhdidir.

Halbuki, Azərbaycana “irad” tutmaq cəsarətini göstərən bu dairələrin İranda Məhərrəmlik zamanı nələrin baş verdiyinə diqqət yetirməsi daha doğru olardı.

İran şiələri matəm saxladığı günlərdə Tehranda ümumerməni oyunları keçirilir və havaya fişənglər atılır, rəqs edilir, səs-küylü musiqilər səslənir, bir sözlə şəhərin küçələrini əsl bayram əhval-ruhiyyəsi bürümüşdü. Bu kef-damağ məclisləri sentyabrın 20-nə qədər davam etdi, həmin vaxt “Məşriq” Azərbaycana dil uzatmağında idi. İranın dini dairələrinin az qala Kəbə ziyarətinə bərabər tutduqları Ərbəin yürüşü ərəfəsi isə prezident Həsən Ruhani işğalçı Ermənistanın baş naziri Nikol Paşinyana Tehranda ziyafət verir, selfilər havada uçuşur, “İran təranələri”nin sədası altında məclislər qurulurdu.

Bu dairələrin məhərrəmlikdən, şiə əqidəsindən, ümumiyyətlə İslamdan dərs keçmək haqları varmı?! Xeyr. Amma Tehranda “İran təranələri” altında sındıranlar keçirdikləri kef məclisindən sonra Azərbaycana qarşı iddia istehsalına başlayırlar və burada “Məşriq”in, ümumiyyətlə bu oyunun ortaqları ortaya çıxır.

Ortaqlar: bu prosesdə İranda və Avropadakı erməni lobbisi, o cümlədən, Qərb fondları ilə gündüz düşmən, axşmaq dost olan dini-klerikal dairələr birgə hərəkət edir. Bunu anlamaq üçün “Məşriq” qəzetinin fəaliyyətinə baxmaq yetərlidir.

Ötən il qəzet Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində yaradılan separatçı rejimin “xarici işlər naziri” Masis Mailyanla geniş müsahibə dərc etdi. Eyni müsahibə rəsmi İRNA agentliyində də yayımlanmışdı, lakin Azərbaycan səfirliyinin etirazından sonra silindi, “Məşriq” isə müsahibəni saxladı. Müsahibədə qondarma nazir “Dağlıq Qarabağ”dan müstəqil respublika kimi danışır, iddia edir ki, “Bizim “Artsax” sərhədlərindən kənarda ərazimiz yoxdur. Bizim əlimizdə olanlar bütünlüklə “Artsax”ın əraziləridir. Bununla belə, bu gün Azərbaycanın nəzarəti altında olan “Artsax” əraziləri var”.

Qəzet Rusiya nəşrlərinin belə etmədiyini edir və separatçı rejimi legitimləşdirir. Təsadüfi deyil ki, Ermənistan mediası bu müsahibənin dərcindən sonra “İran Dağlıq Qarabağın müstəqilliyini tanıyır” informasiyalarını tirajlayırdı. Müsahibənin müəllifi etnoqraf Salar Seyfəddinin İranda ermənilərə məxsus “Hut”tərcümə mərkəzi və İran Beynəlxalq Araşdırmalar Assosiasiyasının Ararat mədəniyyət klubunda təşkil etdikləri konfransda “Dağlıq Qarabağda geosiyasi bərabərliklər və regionun geosiyasi gələcəyi” mövzusunda çıxışında müsahibədə səslənən tezisləri müdafiə etməsi də məqsədin Azərbaycan torpaqlarında ermənilərin yaratdığı separatçı rejimin legitimləşdirilməsi olduğunu təsdiqləyir. Adında İslam sözü olan İranın dini-klerikal dairələrinə və İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) bağlı olan bu qəzetin işğal altındakı ərazilərdəki İslam abidələrini, qədim məscidləri erməni və farsların müştərək tarixi abidələri adlandırması, Qarabağda mədəni-dini abidələrə qarşı törədilən erməni vandallığına susması, hətta dəstək belə verməsi də ayrı bir faktdır. “Məşriq”in və onun sahiblərinin Masis Mailyan sevgisi isə təsadüfi deyil. M.Mailyan hazırda Dağlıq Qarabağda Paşinyan tərəfindən dəstəklənən “prezidentliyə namizəddir”. Vaxtilə Soros Fondu və İsveçrə və İngiltərə fondlarının əsas qrant layihələrinin icarçısı olub. “Böyük şeytan” adlandırdığı Qərblə müharibə aparan İranın Qərb fondlarına bağlı olan belə şəxsi dəstəkləməsi bu ölkədə İslamı siyasi alətə çevirən dairələrin şübhəli əlaqələrindən xəbər verir.

Göründüyü kimi, Azərbaycana qarşı uzadılan dilin kökü uzaqlara qədər gedib çıxır və bu dilin ifraz etdiyi zəhərin nə İslam, nə də şiəlik əqidəsinin təəssübkeşliyinə heç bir aidiyyəti yoxdur. Amma utanmadan, moizələrinə “İki məşriqin və iki məğribin Rəbbinin” adı ilə başlayırlar…

Asif Nərimanlı


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/292223.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR