Yaddan çıxmış sənətkarlar: “Bulaq” səsli aparıcı - Teatrdan küskün gedən aktrisa

Yaddan çıxmış sənətkarlar: “Bulaq” səsli aparıcı - Teatrdan küskün gedən aktrisa
13:12 6 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Onu Azərbaycan radiosunda "Bulaq" verilişini dinləmiş hər kəs yaxşı xatırlayır. "Bulaq" verilişinin qızıl səsli aparıcısı teatrda da yaddaqalan obrazlar canlandırıb - Nadya, Pəri, Yaxşı, Gülüş, Turac, Sona... saymaqla bitməyən xarakterik rollar.

Milli.Az bildirir ki, Modern.az "Yaddan çıxmış sənətkarlar" layihəsində bu dəfə Xalq artisti, görkəmli aktrisa Məhluqə Sadıqovadan bəhs edir.

Diş texnikliyindən səhnəyə...

Arayış: Məhluqə Ələsgər qızı Sadıqova 28 aprel 1917-ci ildə Şuşa şəhərində doğulub. Beş il buradakı 1 saylı qız məktəbində oxuyub. 1930-cu ildə ailəsi Bakıya köçüb və Məhluqə xanım 6 saylı məktəbdə yeddinci sinfi bitirib. O, 1936-cı ildə Bakı Tibb Texnikumunun diş texniki fakültəsini qurtarıb. Tibb təhsili alanda rəqs və dram dərnəklərində məşğul olub.

Məhluqə Sadıqova 1936-cı il sentyabr ayının 27-də Akademik Milli Dram Teatrının truppasına işə götürülüb. Aktrisa 54 il bu teatrda çalışıb.

Məhluqə xanım Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında üslub və forma, məzmun və mahiyyət, estetik dəyər və psixoloji tutum baxımından bütün janrlarda hazırlanmış tamaşalarda iştirak edib. Aydın və səlis diksiyası, ifadəli səhnə danışığı aktrisanın oynadığı rollara dolğunluq və bütövlük gətirib. O, 40 ildən çox radionun "Bulaq" folklor-etnoqrafik verilişinin aparıcılarından biri olub. Öz oyununda xarakterik ifadə vasitələrinə üstünlük verən Məhluqə Sadıqova "Oqtay Eloğlu", "Solğun çiçəklər", "Almaz", "Sevil", "Dönüş", "1905-ci ildə", "Göy quş", "Skapenin kələkləri", "Pəri cadu", "Vaqif", "Fərhad və Şirin", "Xanlar", "Günahsız müqəssirlər", "Şeyx Sənan", "Qış nağılı", "Vanya dayı", "Şeytanın şagirdi", "Nazirin xanımı", "Lənkəran xanının vəziri", "Qadın faciəsi", "Yalan", "Atayevlər ailəsi", "Şöhrət və ya unudulan adam" və digər səhnə əsərlərində mükəmməl obrazlar yaradıb.
Yaşı ilə əlaqədar "Azdrama"dan uzaqlaşdırılan aktrisa 1992-ci ildə o vaxt yenicə yaradılan Bakı Bələdiyyə Teatrına dəvət alaraq, orada fəaliyyət göstərib.

Məhluqə Sadıqovanın sənətdə göstərdiyi xidmətlər yüksək qiymətləndirilib. O, 1949-cu ildə Əməkdar artist, 1978-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.
 

Aktrisa 2003-cü il avqust ayının 15-də Bakıda vəfat edib.
 


Məhluqə xanımın həyat yoldaşı  - xalq artisti Ələsgər Şərifov da Azərbaycanın tanınan  aktyor və rejissorlarından biri idi. Onların Ceyhun, Yalçın və Natəvan adlı üç övladları dünyaya gəlib. Ceyhun Şərifov bir neçə il AzTV-in idman şərhçisi kimi fəaliyyət göstərib. Yeri gəlmişkən, Ceyhun kinoda da çəkilib, həm də Azərbaycanın məşhur filmlərindən birində - "Ögey ana"da. Həmin filmdə İsmayılın dostu Dadaş Ceyhun Şərifov olub.

Məhluqə xanımın övladlarından böyük oğlu Ceyhun və qızı Natəvan Şərifovların Bakıda, digər oğlu Yalçının isə Amerikada yaşadığı bildirilir. 

"Bulaq" verilişinin qızıl səsli aparıcısı

Səhnəmizə Azərbaycan qadınının sadə və təmkinli danışığını, şirin ləhcəsini gətirən Məhluqə Sadıqova XX əsr milli mədəniyyətimiz tarixində məharətli bədii qiraət ustası kimi də tanınmışdı. Qeyd etdiyimiz kimi, o, 40 ildən çox Azərbaycan radiosunun "Bulaq" folklor-etnoqrafik verilişinin aparıcılarından biri (digər aparıcı Səməndər Rzayev idi) olub. "Bulaq" verilişi 1969-cu ilin oktyabrında açılmışdı. O zaman çox aparıcılar sınanıb saf-çürük olunduqdan sonra Məhluqə Sadıqova və Səməndər Rzayev "Bulaq"ın səsi kimi qəbul edilmişdi.
Hər bazar günü eyni vaxtda  saat 19.30-da efirə çıxan bu veriliş Azərbaycan dinləyicisini öz sehrinə salaraq, onun yaddaşındakı bütöv xalq və qədim millət duyğularını oyadırdı. Efirə yeni dil, yeni danışıq tərzi, əsl xalq ruhunu gətirən "Bulaq" milli şüurun dirçəlişinə öz misilsiz töhfələrini verirdi.
Məhluqə xanım özünün dərin təsir gücünə malik, emosional və bənzərsiz səsi sayəsində tükənməz xəzinə olan xalq yaradıcılığını Azərbaycan dinləyicisinə sevdirməsi ilə yaddaşlarda silinməz iz qoyub.

"Onu Amaliya Pənahova səhnəyə qaytardı"
 

Uzun illər Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Məhluqə Sadıqova ilə çiyin-çiyinə çalışmış Xalq artisti Rafiq Əzimov görkəmli aktrisa haqqında xatirələrini Modern.az-la bölüşüb:
 


"Məhluqə xanım Şuşada anadan olub, atası dünyasının dəyişdikdən sonra maddi çətinlik çəkdikləri üçün Bakıya köçüblər. Bakıda Tibb məktəbində təhsil alıb, diş texnikliyini öyrənib. Tibb məktəbində oxuyanda özfəaliyyət dərnəklərində çox fəal iştirak edib. Məhluqə xanımın çox gözəl səsi vardı. Elə Tibb məktəbində oxuduğu vaxt mərasimlər, şənliklər olardısa, onu seçərdilər ki, həm rəqs etsin, həm də oxusun. Məhz bu istedadı onu müsabiqə yolu ilə Akademik Milli Dram Teatrına gətirib çıxardı. Burada ilk rolu da Mirzə Fətəli Axundzadənin "Aldanmış Kəvakib" povestinin motivləri əsasında Cananın Şahnamə əsərində paxıl qadın obrazı olub. Bu roldan sonra zaman-zaman müxtəlif rejissorlarla işlədi. Deyərdim ki, ən sevdiyim rolu "Solğun çiçəklər" tamaşasındakı "Pəri" obrazı idi. Həmin personajı o çox məharətlə ifa edirdi. Dram teatrınınn səhnəsində 400 dəfədən artıq "Pəri" kimi  səhnəyə çıxıb. Onun həyat yoldaşı Ələsgər Şərifov da bu teatrda uzun illər sənətkar kimi çalışıb. Məhluqə xanımla bir çox tamaşalarda tərəf müqabili olmuşam. Onun üçün janr müxtəlifliyinin fərqi yox idi.  Həm satirik, həm də dramatik obrazları çox mükəmməl canlandırırdı".

Rafiq Əzimov deyir ki, aktrisa Rusiya və Qərb dramaturgiyasındakı obrazları elə məharətlə canlandırırdı ki, danışığı, hərəkətləri seçmək olmazdı ki, o, Şərq qadınıdır:

"Çox nadir hallarda görünər ki, xarakterik aktrisalar bütün obrazları rahatlıqla canlandıra bilsin. 90-cı illərdə bir çox aktyor, aktrisalarımızı Dram Teatrından uzaqlaşdırdılar. İndinin özündə də həmin hadisə bizim qəlbimizdə acılı hadisə kimi qalır. Həmin illərdə bir çox istedadlı, qocaman sənətkarlarımız tetrdan uzaq düşdülər ki, onların arasında Məhluqə xanım da var idi. Lakin sağ olsun Amalya xanımı, 1992-ci il noyabrında Məhluqə Sadıqovanı Bələdiyyə teatrına dəvət etdi. Orada çalışdığı illərdə Məhluqə Sadıqova bir sıra obrazları çox ustalıqla canlandırıb. Bələdiyyə teatrının Türkiyəyə tez-tez səfərləri olurdu. Biz eşidirdik ki, yaşının çoxluğuna baxmayaraq, Məhluqə Sadıqova böyük həvəslə həmin səfərlərdə təşkil olunan tamaşalarda çıxış edir".

"Yeganə aktyor mən idim ki, evlərinə qonaq getmişdim"

"Məhluqə Sadıqovanın həyat yoldaşı Ələsgər Şərifovun 70 yaşı olanda evlərindəki yubiley tədbirinə məni də qonaq çağırdılar. Onu da deyim ki, teatrda işləməklərinə baxmayaraq, heç kimlə gəliş-gedişləri yox idi. Evlərinə ilk dəfə getməyimə rəğmən, həmin yubileydə özümü o qədər rahat hiss elədim ki, sanki öz evimdəyəm. Məhluqə xanım evdə tetrdakından da mehriban, gülərüz idi. Ələsgər müəllimin mənlə arası yaxşı olduğuna görə, teatrdan tək mən dəvətli idim. Bilmirəm elə bəlkə də seçilən qonaq olduğum üçün bütün məclis boyu ər-arvad mənə xüsusi diqqət ayırmışdılar. Ələsgər müəllim Məhluqə xanıma "Məşəd Məhluqə" deyirdi. Cütlük kimi münasibətləri çox əla idi. Onları tanımayan da kənardan baxanda başa düşərdi ki, aralarında səmimi münasibət var".

"Kənardan baxan onu düzgün qiymətləndirə bilməzdi"

Məhluqə Sadıqova ilə Bələdiyyə teatrında çalışmış Əməkdar artist Mahirə Yaqubova da onunla bağlı xatirələrindən danışıb:


""Tənha qadınlar" tamaşasındakı "Dihabəyim" obrazını mənə verdilər. Bu rolu əvvəllər Məhluqə xanım oynamışdı. Tamaşanın məşqlərinə ara-sıra gəlir, otağın qapısından baxıb keçirdi. Mənə elə gəlirdi ki, onun obrazını canlandırdığım üçün məni qısqanır. Çünki  həmin obrazı illərlə Məhluqə xanım çox ustalıqla canlandırmışdı. Tamaşanı səhnədə canlandıranda gördüm ki, o da zaldan məni izləyir. Tamaşa bitdikdən sonra yaxınlaşıb dedi ki, "xəstə idim, lakin gəlməliydim. Elə şeylər oldu ki, məndən yaxşı etdin". O sözündən sonra ürəkləndim, başa düşdüm ki, məni qısqanmır...

Ciddi qadın idi, kənardan baxan onu düzgün qiymətləndirə bilməzdi. Zamanla tanıdıqdan, yaxın olduqdan sonra anladım ki, necə səmimi, mehriban insandır. Oradakı gənclər hamısı ona ana kimi yanaşırdı. Yaşının çoxluğuna rəğmən zarafatını, oturuşunu, duruşunu bilən bir qadın idi. Bəzən gənclər onunla zarafat edirdilər, Məhluqə xanım da əsl xanım kimi bir baxışı, yüngül gülüşü ilə sakit cavab verirdi. Tamaşanın məşqi gedəndə gənclərə yaxınlaşıb mələhətlərini verirdi, düzgün səhnə danışığını, duruşunu öyrədirdi. Yaşı çox idi deyə, Amaliya xanım deyirdi ki, hər gün gəlməsin, yorular. Lakin evdə darıxdığını deyir, hər gün teatra gəlirdi. Amma zal soyuq olduğuna görə də çox otura bilmirdi, evə qayıdırdı".

"Gənc aktyorlar maddi sıxıntı yaşayanda ona müraciət edirdilər"

Mahirə Yaqubova deyir ki, Məhluqə Sadıqova elə səmimi ortam yaratmışdı ki, gənclər onunla istənilən problemlərini rahatlıqla bölüşə bilirdilər:

"Xüsusilə kimi maddi sıxıntısı var idisə, Məhluqə xanıma yaxınlaşıdrı. O da deyirdi ki, "pul mənə çox da lazım olmur". Hətta bəzi hallarda verdiyi borcları da geri almırdı, deyirdi ki, "gəncsən, özündə saxla lazımın olar". Bəzən kənardan özü də müşahidə edirdi ki, kimin vəziyyəti pisdir. Heç ona müraciət etməmiş bir də görürdün ki, yanına çağırıb cibinə pul qoyur".

"Onun səsinə vurulmamaq mümkün deyildi"

Əməkdar artist Azad Şükürov deyir ki, Məhluqə Sadıqovanı Bələdiyyə teatrında işləməzdən əvvəl - "Bulaq" verilişindən tanıyırdı:
 


"Hər şeydən qabaq Səməndər Rzayevlə hazırladıqları "Bulaq" verilişi məni özünə cəlb edib. Teatrda bərabər işləməyə başlamazdan əvvəl də onu tanıyırdım. Tez-tez Dram Teatrına gedib onun oynadığı tamaşaları izləyirdim. Məhluqə Sadıqova ilə Bələdiyyə Teatrında daha yaxın olmuşam. O zaman Məhluqə xanım mənə təklif elədi ki, sənin səsini "Bulaq" verilişində yoxlayaq. Sonralar onunla həmin verilişi bərabər hazırlamaq qərarına gəldik. Teatrda işləyəndə bir səhnədə müxtəlif obrazları canlandırmışıq. Xüsusilə Rauf İçərişəhərlinin "Vətənə igidər gərəkdir" tamaşasında tez-tez səhnəyə çıxırdıq...

Məhluqə xanımın çox gözəl diksiyası var idi. Nitqi ilə tamaşaçını ələ almağı bacarırdı. Dəfələrlə başqa ölkələrdə səfərdə olmuşuq. Səfər müddətində gənclərə ana kimi qayğıkeş yanaşırdı. Bilirdi ki, müəllim işləyirəm, bir dəfə mənə meşindən olan bir çanta da hədiyyə eləmişdi. Sonralar bir xeyli həmin çantanı işlətdim. Bizim aramızda ana-bala münasibəti olub. Dərd-sərini, bəzən etirazlarını ancaq mənə bildirərdi. Əksər hallarda kimsə ondan nəsə xahiş edəndə öncə mənə müraciət edirdi ki, sözünü yerə salmasın".

"Onu İranda da sevirdilər"

Azad Şükürov İranda səfərdə olarkən rastlaşıdığı bir mənzərədən danışıb:

"Bir dəfə işlə əlaqədar Tehrana səfər etmişdim. Orada bir şəxs məni evlərində qonaq etdi. Onlarda olanda gördüm ki, həmin şəxsin kitabxanasının bir küncündə dəstə ilə düzülmüş lent yazıları var. Soruşdum ki, bu nədir? Ev sahibi dedi ki, "Bulaq" verlişinin silsilə yazılarıdır, hərdən darıxanda bunlara qulaq asır. Elə orada da bir xeyli Məhluqə xanımdan söhbət etdik. Məhluqə Sadıqova demək olar ki, bütün Cənubi azərbaycanlıların yaddaşında "Bulaq" verilişindəki səsi ilə qalmışdı...

Heç vaxt onun əynində zövqsüz, dəbdən geri qalan paltar görmədim. Həmişə üstü-başı səlqiəli, makiyajı da yerində olardı. Hər nə qədər dəblə geyinsə də, azərbaycanlı qadınına məxsus bütün davranışları özündə əks etdirirdi. Öz şəxsiyyətini, mədəniyyət xadimi adını heç nəyə görə alçatmazdı. Adi avtobusa minəndə, rayon camaatı ilə ünsiyyətdə olanda o qədər səmimi və içdən olurdu ki, baxanda deməzdin ki, onlardan fərqlənir, özünü yüksəkdən aparır. Yəni hamı ilə eyni davranırdı, heç kimi fərqləndirməzdi". 


"Teatrdan çıxarılanda çox incinmişdi"

Azad Şükürov  Məhluqə Sadıqovanın küskün düşmə səbəbindən də bəhs edib:

""Aktyor səhnədə ölməlidir" deyirlər. Yaşı ilə əlaqədar onu Milli Dram Teatrından çıxaranda çox küskün düşmüşdü. Çünki o teatra sadəcə iş yeri kimi baxmırdı. Onun üçün Milli Dram Teatrı evi, doğma ocağı idi. İşdən çıxarılanda sanki doğmasından zərbə almışdı...

Mən onu heç vaxt xəstə halda görmədim. Hamıdan qabaq gələr, ifa edəcəyi rola uyğun paltar geyinib oturardı. Hamımız təccüb edirdik ki, hər dəfə belə tez gəlməyi, işə bu qədər məsuliyyətli olmağı necə bacarır... Gənclərə də deyirdi ki, işlərini sevsinlər, məsuliyyətlə yanaşsınlar. Tək işlə bağlı yox, elə digər məsələlərdə də gənclərdən məsləhətini əsirgəməzdi. Kimsə siqaret çəkəndə bir də görürdün ki, çağırı bir kənara, tənbeh edir ki, "səhhətinə ziyandır, olmaz". Açığı öz səhhətinə qarşı da məsuliyyətli idi. Soyuqda həmişə qalın geyinərdi ki, xəstə olmasın. Elə bəlkə buna görə də biz onu yaşının çox olmasına baxmayaraq xəstə, pis vəziyyətdə görmədik".

Azad Şükürovun sözlərinə görə, teatrda elə adam tapa bilməzdin ki, Məhluqə xanımı sevməsin:
 

"İşlə əlaqədar tez-tez səfərlərə getməli olurduq. Başqa ölkədə olanda gəncləri xüsusilə diqqətdə saxlayırdı. Tez-tez yoxlayırdı ki, ac qalmayaq, əynimiz qalın olsun. Heç kimə əziyyət verməyi xoşlamırdı. Hətta səfər müddətində çantalarını gənclərin götürməsinə imkan vermirdi ki, yorulmasınlar. Elə canlandırdığı obrazlardakı kimi hamıya ana gözüylə yanaşırdı. Bir də görürdün, "peraşki", şəkərbura, paxlava bişirib gətirirdi. Soruşanda da deyirdi ki, evdə bişiriblər, özünün bişirdiyini dilə gətirməzdi".

"Xeyirə-şərə yarıyan adam idi"


"Bacardığı qədər hər kəsin xeyir-şər məclisində iştirak edirdi. Lakin ortalıqda gəzib rəqs eləmək onluq deyildi. Bir kənardan əl çalıb, fərəhlə gəncləri müşahidə edirdi. Hər nə qədər bizimlə səmimi olsa da, toy-bayramda özünün təmkinli, ağır ədəb-ərkanı ilə seçilirdi...

Adətən yaşlı adamlara artıq çəki mane olur. Lakin Məhluqə xanım özünəbaxımlı olduğu üçün formada qalmışdı. Artıq ömrününü sonuna yaxın eşidirdim ki, təzyiqi qalxır, özünü yaxşı hiss etmir. Vəziyyəti ağır olanda teatra gəlmədi. Bəlkə də istəmirdi ki, kimsə onun xəstəliyini görsün. Yaddaşlarda aktiv, şux bir insan kimi qalmaq istəyirdi. Elə gənclərlə söhbəti zamanı da başa düşməzdin ki, yaşı çoxdur. Danışığı, fikirləri yeni nəsillə üst-üstə düşürdü. Bəlkə də buna görə də gənclər onu bir başqa cür sevirdi...

Bəzən avtobusda yol gedəndə səsi ucadan gəlirdi. Sürücü ona baxmamış deyirdi ki, "Aaa, Məhluqə xanım bu sizsiniz?". Yəni xalq onu səsi ilə tanıyıb sevmişdi. Çünki rayonda yaşanların imkanı olmurdu ki, teatr tamaşalarına gəlsin. Lakin bölgədən aslı olmayaraq bütün xalq radionu dinləyirdi...

Aktrisa kimi teatr sənətini yüksək qiymətləndirirdi. "Heç vaxt teatrı başqa bir sənətə dəyişmərəm" deyirdi. Onun teatra sevgisini təqaüd yaşında belə hər gün işə gəlməyindən də sezmək olardı.
Onu da deyim ki, müharibə vaxtı olduğu üçün o vaxtlar işləmək də çətin idi, tez-tez döyüş bölgəsinə gedirdik. Hətta elə hal olub ki, əsgərlər üçün biz tamaşanı açıq havada, yerə xalça sərərək oynamışıq. Məhluqə xanım əsgərləri, onlarla ünsiyyətdə olmağı çox sevirdi. Bir dəfə də yorulduğunu, cəbhə bölgəsinə getmək istəmədiyini deməzdi. Bir də görürdün ki, dayanıb əsgər şeirləri deyir ordunun qarşısında. Yəni belə mehriban, içdən bir xanım idi Məhluqə Sadıqova".

Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu:

"Məhluqə xanm çox böyük sənətkar, gözəl aktrisa, mükəmməl ev xanımı və yaxşı ana idi.  Mən bunların canlı şahidi olmuşam. Onun qızı Natəvan mənim ən yaxın rəfiqəmdir, oğlu Yalçın Amerikada, o biri oğlu Ceyhun Bakıda yaşayır. Məhluqə xanımın çox gözəl nəvələri var.
Onun bişirdiyi xörəklərin dadı indiyə kimi yadımda qalıb. Çox sevərdim onunla söhbət etməyi. "Azdrama"nın bütün premyeralarına onunla birgə gedərdim! Biz belə dahilərimizi təbliğ etməliyik".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/culture/791936.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR