Ehtiraslı rus gözəli, aldadılmış zabit, məhv olan donanma - Tarixin sandığından

Ehtiraslı rus gözəli, aldadılmış zabit, məhv olan donanma - Tarixin sandığından
14:12 6 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Birinci Dünya müharibəsi illərində Baltika sularında, necə deyərlər, taleyüklü döyüşlər baş verməyib. Buna baxmayaraq, RusiyaAlmaniyanın hərbi-dəniz donanmaları düşmən mövqeləri üzərindən Domoklun qılıncı kimi asılır, piyada qoşunlarının bütün ciddi əməliyyatlarını dəstəkləyirdi.

Təbii ki, tərəflər rəqiblərinin planları, silah-sursatı və sair bu kimi informasiyalarla maraqlanır; hər iki tərəf özünə aid olan məlumatı gizləməyə, onun qarşı tərəfə sızdırılmasını əngəlləməyə çalışırdı. Heç təsadüfi deyil ki, belə bir vəziyyətdə regionun bütün liman şəhərləri Rusiya və Almaniyanın kəşfiyyatçıları, əks-kəşfiyyat nümayəndələri ilə dolu idi.

Hərbi əməliyyatdan sonra sahilə çıxan dənizçi agent üçün asan yem idi, xüsusilə də, əgər həmin agent qadındırsa. Özünü sərbəst hiss edən, sayıqlığını itirən zabitlər və matroslar restoran masası arxasında, yaxud, isti, rahat yataqda nəyi desən, danışar.

Rusiyanın hərbi-dəniz kəşfiyyatı Baltik dənizi boyu almanların uğurlu hücumunu qabaqcadan təxmin edərək, düşmən əlinə keçə biləcək bütün liman və yaşayış məntəqələrində agent şəbəkəsi yaradırdı.

Düşmən arxasında qalan belə agentlərdən biri Klara İzelqof adı altında fəaliyyət göstərən Anna Ravelskaya idi və bu qadın kayzer Almaniyasının hərbi-dəniz donanmasına çox ağır zərbələr endirilməsində əhəmiyyətli rol oynayırdı.

Anna Ravelskayanın keçmişi barədə dəqiq məlumat yoxdur. Dolayı faktlardan təxmin etmək olar ki, o, Baltikyanı diyarlarda bir neçə malikanəsi olan imkanlı rus ailəsindən çıxmış, yaxşı təhsil görmüş, ən azından gimnaziya bitirmişdi və bir neçə dildə sərbəst danışırdı. Bu qadın həm də çox vətənpərvər idi, Rusiyanın yolunda hər şeyindən, hətta, başından belə keçməyə hazır idi.

Müasirləri onun ecazkar, incə və sağlam bir qadın olduğunu deyirdilər.

1915-ci ilin yazında Anna Ravelskaya Libava limanında dənizçilərin çox gəldiyi qənnadı dükanlarının birinə kelner, yəni xidmətçi kimi işə düzəlir. İşə təzə başlayanda, konkret bir məkanda "naturallaşmalı" olan bütün agentlər kimi, ona verilən tapşırıqlar da asan idi - qəhvəxanada cani-dildən işləyib, yerli xalqın həyat tərzinə uyğunlaşmaq və... gözləmək. Almanların mümkün gəlişini gözləmək. Anna kimsədə şübhə doğurmurdu, çünki tanış olduğu adamlarla yalnız özünün dörd yaşlı "qızından" danışırdı. Onu necə sevdiyini, həyatının ən böyük mənası olduğunu deyirdi. Düzdür, onun qızını heç kim heç vaxt görməmişdi deyə, bunun həqiqət, yoxsa, uydurma olduğunu da bilən yox idi.

Almanların hücumu uğurlu oldu və kayzer qoşunları Libavanı da tutdular. İstilaçıların ən böyük fiquru kayzerin qardaşı, şahzadə Prussiyalı Henrix idi və o, qross-admiral rütbəsində Baltik dənizindəki alman donanmasına komandanlıq edirdi. Onun dalınca donanmanın əksər yüksək çinli zabitləri də Libavaya toplaşdı və zabitlərin çoxu Şarlottenştrassedəki qəhvəxananın daimi ziyarətçisinə çevrildi.

Anna Ravelskaya isə alman zabitlərilə görüşə çoxdan hazır idi. Cazibədar qadının pərəstişkarları arasında fon Klaus adlı gənc leytenant da vardı. Sevgidən danışmaq vaxtı yetişdiyini hiss edib, ürəyini Klara adı ilə tanıdığı xanıma açanda, cavan oğlan onun simasında özünə son dərəcə həssas həmfikir tapdı - Klaus çox sərt bir zəmanə olduğunu, həyatdan mümkün qədər çox zövq almaqdan başqa, çarə olmadığını deyəndə, Klara da razılıq əlaməti olaraq, həvəslə başını tərpədib, ona züy tuturdu. Daha çox yaxınlaşmağa ürək etməyən cavan oğlanı bir az da qızışdırmaq üçün Anna ona, bu yaxınlarda rus donanmasının bir leytenantı ilə sevişdiyini söylədi.

Az sonra isə bu tevton cəngavərinin ehtirasını bir az da coşdurmaq üçün sevgilisi ilə necə sevişdiyini bütün açıq-saçıqlığı ilə danışaraq, oğlanın ağlını başından alaraq, məqsədinə çatdı...

Klara ilə fon Klausun münasibətləri çox məhrəmanə olsa da, zabit onu tanımadığı rəqibinə dəli kimi qısqanırdı. O, Klaraya elə aşiq olmuşdu ki, qısqanclığından doğan əzablarından zövq alır, qadından rus leytenantı ilə münasibətlərinin ən intim xırdalıqlarını öyrənməyə çalışırdı. Oğlan eşitdiyi təfərrüatlardan cuşa gəlir, Klaranın lap bu yaxınlarda başqasının ağuşunda çırpındığı barədə düşüncələri isə aldığı həzzi daha da şirinləşdirirdi...

Amma bir dəfə qadın bu söhbətlərdən bezdi.

- Nə vermisən o rusa, ala bilmirsən? Alçağın biri idi; Libavadan qaçanda, mənimlə heç vidalaşmadı da... Heç, əşyalarının dalınca da gəlmədi...

Sonra fon Klaus əsl alman vasvasılığı ilə rus zabitinin əşyaları ilə tanış olaraq, bəzilərini seçib, özünə götürəndə, Klaranın yadına guya qəflətən bir şey düşdü:

- Bilirsən, məndə onun gözəl bir çantası da qalıb - təp-təzə idi. Qoy onu da tapım, mütləq xoşuna gələcək.

Növbəti görüşlərində Klara fon Klausa içi kağız-kuğuzla dolu çantanı verdi. Vasvası Klaus həmin kağızlarla tanış olanda, onu tər basdı. Çantada "1914-1915-ci illərdə Baltik donanmasının mina xəritəsi", planlar və sxemlər vardı.

- Sən bu kağızları görmüsən? - səsindəki titrəyişi gizlətməyə çalışan fon Klaus soruşdu.

- İşim-gücüm yoxdur bəyəm! - Klara hirsləndi. - Mən başqalarının çantasını axtarmıram!

- Yaxşı. Çantanı bəyəndim. Kağızlardan narahat olma, özüm tullayaram...

Onlar bir-birindən razı halda ayrıldılar. Leytenant fon Klausun gətirdiyi planları, xəritələri, sənədləri Almaniya Hərbi-dəniz qüvvələrinin Baş qərargahında diqqətlə ekspertiza etdilər. Heç bir şübhə ola bilməzdi - imperiya donanmasının strateqləri mina sahələrini məhz belə yerləşdirərdilər.

Belə bir uğura inanmaq çətin idi. Lakin fakt göz qabağındadır: admiralların başına toplaşdığı bu masanın üstündə uzun zamandan bəri onlar üçün mümkünsüz qalan bir vəzifənin həlli - Fin körfəzindən Gelsinqforsa, Revelə, hətta Kronştadta çıxaracaq yollar aydın görünürdü.

Rus kreyserləri və sualtı qayıqları açıq dənizə minalanmış sahələrdən keçən dar-dolanbac keçidlərlə çıxırdılar. İndi isə Almaniya imperiyasının məğlubedilməz donanması özünün zəfər yürüşünə eyni yollarla çıxacaqdı!

Donanmalar tarixində görünməmiş keçid üçün cəmi bir il qabaq dənizə buraxılan ən yeni eskadra minadaşıyanlarından ibarət Onuncu flotiliyanı seçdilər. Bu gəmiləri minadaşıyan kreyserlərin o zaman üçün ən yüksək səviyyəsinə aid etmək olardı; sürət və təchizat baxımından isə bu kreyserlər rus esminesi "Novik"ə tuş gəlirdi. Lakin admirallar risk etmək istəmirdilər. Onlar əvvəlcə xəritə üzərində cızdıqları marşrutla iki esmines göndərdilər. Gəmilər bütün tələlərdən uğurla keçib, geri döndü. Bu yürüşünə görə kapitan Vittinq Dəmir Xaç ordeninə layiq görüldü və eyni yolla bütün Onuncu flotiliyaya bələdçilik edəcəyini söylədi...

1916-cı il noyabrın 10-da alman donanmasının on bir ən yaxşı gəmisi gecə Libava limanından çıxdı. Flotiliyanı V-72 esminesinin kapitan körpüsündə qürurla durmuş Vittinq aparırdı. Gəmilər xəritədə göstərilən keçidə daxil oldular. Onun yanında durmuş mütəxəssislər marşruta dəqiq riayət olunmasına nəzarət edirdi. Lakin qəflətən, bir-birinin ardınca partlayışlar başladı. İki eskadra minadaşıyanı suyun dibinə getdi. Bütün sağ qalan matrosları sudan yığan daha bir esmines yükünün ağırlığından Libavaya qayıtmalı oldu. Vittinqin sərəncamında səkkiz gəmi qaldı. Kapitan onları Fin körfəzinə sala bildi. Amma sonra nə edəcəkdi, bilmirdi...

Bu uğursuzluğun qisası kiçik balıqçı şəhəri Paldiskinin başında çatladı. Uğursuz keçiddən dəli olmuş komandanlıq şəhərciyi artilleriya atəşinə tutdu; yüzlərlə dinc sakin mərmilər altında həlak oldu.

Flotiliya geri dönməli oldu. Və bu yerdə, təzəcə keçdikləri marşrutun tamamilə minalandığı bəlli oldu. Ruslar minaları nə vaxt yerləşdirmişdilər - bunu bilən yox idi. Alman esminesləri bir-birinin dalınca minaya düşüb, suyun dibinə gedirdi. Gəmilərdən yalnız üçü canını kiçik xəsarətlərlə qurtarıb, Libavaya qayıda bildi, onların da ekipajını artıq tam sıradan çıxmış hesab etmək olardı. Alman donanması İkinci Dünya müharibəsi illərində itirdiyi bütün esmineslərinin 15 faizini bircə gecədə tələf etdi...

Elə həmin gecə daha bir hadisə baş verdi. Anna Revelskaya "Volçitsa" adlı sualtı qayığında Libavadan qaça bildi.

Anna Revelskayanın xilası maksimal dəqiqliklə planlaşdırılmışdı. Agent evini Onuncu flotiliyanın yürüşə başlamasınadək tərk etsəydi, bütün əməliyyat heç olar, Annanın ələ keçməsi və qətli labüd bir sonluğa çevrilə bilərdi...

Annanı sualtı qayığa alan gənc Saşa Baxtin sonralar sovet hərbi-dəniz donanmasının zabiti, əfsanəvi sualtı qayıq "Pantera"nın komandiri, "Qırmızı Bayraq" ordeninə layiq görülən ilk şəxslərdən biri, Hərbi-dəniz akademiyasının professoru oldu...

Rusiya kəşfiyyatının almanların dezinformasiyasına yönəlmiş, Onuncu flotiliyanın məhvinə səbəb olan bu əməliyyat Birinci Dünya müharibəsində ən uğurlu dezinformasiya əməliyyatı kimi dərsliklərdə yer alıb... Lent.az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/791915.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR