"Bu variantda Azərbaycan əhalisi 78 milyon manat uduşlu olur"

"Bu variantda Azərbaycan əhalisi 78 milyon manat uduşlu olur"
14:57 16 Yanvar 2015
108 Digər
Ölkə mətbuatı
A- A+

Bu, Azərbaycan Prezidentinin yürütdüyü siyasətin mahiyyəti və məzmunudur
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının yanvarın 12-də keçirilmiş iclasında neft məhsullarının tarifləri ilə bağlı qəbul olunmuş qərarın Prezident İlham Əliyevin göstərişi ilə ləğv edilməsi ölkə ictimaiyyəti tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandı. Dövlət başçısının növbəti humanist addımı vacib və əhəmiyyətli göstəriş kimi qiymətləndirildi. Prezident bu cür vəziyyətdə bir daha vətəndaşların yanında olduğunu, onların qayğısına qaldığını göstərdi. Eyni zamanda süni bahalaşmanın qarşısını almış oldu.

Bu məsələ ilə bağlı fikirlərini bölüşən siyasətçilər də deyirlər ki, Prezident İlham Əliyevin idarəçilik keyfiyyətləri sırasında diqqəti çəkən ən mühüm məqam ictimai öhdəliklərə, xalq qarşısında verdiyi hər bir vədə yüksək sadiqlik göstərməsi, xalqın sosial rifahının yaxşılaşdırılması, ölkənin iqtisadi cəhətdən möhkəmlənməsi üçün davamlı tədbirlər həyata keçirməsidir.

Milli Məclis Sədrinin müavini Bahar Muradova dedi ki, Prezident İlham Əliyev hər zaman olduğu kimi, bu dəfə də Azərbaycan vətəndaşlarını narahat edən, onların sosial vəziyyətlərinə təsir edən məsələdə həssaslıq və diqqət göstərdi. Vitse-spikerin fikrincə, Prezidentin bu addımı yanacaq istehlakçılarının çətinliklərini, xüsusilə də onunla əlaqədar sahələrdə ortaya çıxa biləcək müəyyən problemləri aradan qaldırdı: “Hesab edirəm ki, cənab Prezident hər zaman olduğu kimi, yürütdüyü daxili siyasətdə onun sosial mahiyyətinin, xüsusilə də ümumilikdə yeridilən siyasətin mərkəzi fiquru kimi Azərbaycan insanının və onun rifahının dayanması mövqeyinə yenə də sadiqlik göstərdi. Bu, Azərbaycan Prezidentinin yürütdüyü siyasətin mahiyyəti və məzmunudur ki, hər şey insan üçündür, onun rahatlığı, rifahı, daha yaxşı təminatı üçündür. Bu faktın özü cənab Prezidentin nə qədər xeyirxah, nə qədər humanist, nə qədər Azərbaycan insanının qayğıları ilə yaşayan dövlət başçısı olduğunu bir daha ortaya qoydu. Bütün vətəndaşlar kimi, mən də öz adımdan dövlət başçısına təşəkkür edirəm!”

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin sədr müavini Aydın Mirzəzadənin sözlərinə görə, Tarif Şurası vaxtilə ləğv edilmiş yol vergisini, sadəcə, yanacağın qiymətinin üstünə gəlməklə benzinin qiymətini kiçik məbləğdə qaldırmışdı. Ancaq bəzi işbazların bundan sui-istifadə edərək qiymətləri müəyyən qədər qaldırması əhval-ruhiyyəsi hiss edildi, bundan siyasi məqsədlər üçün istifadə etmək istəyənlər də tapıldı: “Bu situasiyada cənab Prezident Tarif Şurasının qərarına yenidən baxılması ilə bağlı tapşırıq verdi və qərar ləğv edildi”.

Deputatın sözlərinə görə, bu, bir daha göstərir ki, Azərbaycan dövləti özünün iqtisadi inkişafını qiymət artımı və yaxud yükü əhalinin üzərinə qoymaqla deyil, düzgün və səmərəli iqtisadi siyasət aparmaqla həll edə bilər. Prezident İlham Əliyevin qərarını düzgün sayan deputat hesab edir ki, bu tip məsələlərdə cəmiyyətin əhval-ruhiyyəsinin nəzərə alınması dövlətin vətəndaşlarının qayğıları ilə yaşadığını sübut edir. Prezidentin operativ reaksiyası onun daima cəmiyyətin maraqlarını nəzərə aldığını xəbər verir. Ümumən götürdükdə, hər bir məsələyə Prezidentin reaksiya verməsi, həmin məsələnin daha düzgün həlli üçün yollar göstərməsi Azərbaycanda həm dövlətçiliyin, həm də iqtisadi inkişafın düzgün istiqamətdə getdiyini göstərir.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Tarif Şurasının qəbul etdiyi qərarı Azərbaycan üçün ən məqbul variant hesab edir: “Əgər yol vergisinin ləğv edilməsi müqabilində benzinin qiymətinin artırılmasından bu ilin büdcəsinə cəmi 78 milyon manat vəsait daxil olması nəzərdə tutulurdusa, belə kiçik məbləğdən ötrü narazılığa nə ehtiyac vardı? Yeni variantda büdcə heç nə itirmir, yəni yeni variantda da büdcə həmin məbləği götürəcək, amma məsələ bundadır ki, Prezidentin təklif etdiyi variant daha ədalətlidir. Çünki qeyd etdiyimiz kimi, bu variantda həm büdcə uduzmur, həm də əhali 78 milyon manat uduşlu olur. Ona görə də yeni variantı daha məqbul və ədalətli hesab edirəm”.

Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Orucun sözlərinə görə, burada məsələ heç də yanacağın qiymətinin hansı miqdarda qaldırılmasından və buna ölkə rəhbərinin reaksiya verməsindən getmir: “Təbii ki, bu rəqəm fərqli də ola bilərdi. İlk növbədə hər bir tədbir hökumətin hansısa strukturunun məsələyə yanaşması və xüsusilə də qiymətləri dövlət tərəfindən tənzimlənən sahələr üzrə atılan addımlar iqtisadi cəhətdən ciddi əsaslandırılmış olmalıdır”.

Z.Orucun fkrincə, yanacağın qiymətinin dəyişdirilməsi digər zəncirvari reaksiyalara səbəb ola bilərdi. Ümumiyyətlə, bu, iqtisadiyyatda özünün mənfi effektini doğurardı. Ancaq dövlət başçısının humanist addımı ilə bütün məsələlər əvvəlki kimi tənzimlənmiş oldu.

"Azərbaycan"

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR