Şəhidlərimizin əziz xatirəsi hər zaman ehtiramla yad ediləcək

Şəhidlərimizin əziz xatirəsi hər zaman ehtiramla yad ediləcək
15:13 16 Yanvar 2015
103 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc 
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsində 20 Yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Tədbir şəhidlərin ruhunun yad edilməsi ilə başlayıb.
AzərTAc-a verilən məlumata görə, komitə sədri Ramiz Həsənov çıxış edərək 1990-cı ilin 20 Yanvarı Azərbaycanın müasir tarixinə ən faciəli günlərdən biri, eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu, bu tarixin hər yerdə ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizənin simvolu kimi qeyd edildiyini deyib. Bildirilib ki, SSRİ rəhbərliyinin Azərbaycana qarşı qərəzli, ermənipərəst siyasətinə, torpaqlarımıza iddia edən Ermənistanın siyasətinin dəstəklənməsinə etiraz olaraq ayağa qalxmış xalqa qarşı sovet ordusunun hərbi birləşmələrinin yeridilməsi Bakıda faciəyə gətirib çıxarıb: “Ölkənin o dövrkü rəhbərlərinin cəsarətsizliyinin əksinə olaraq, həmin vaxt Moskvada yaşayan ümummilli lider Heydər Əliyev həyatını təhlükədə qoyaraq oradakı nümayəndəliyimizə gəlib, qırğını törədənləri pisləyən kəskin bəyanatla çıxış edib. Məhz ulu öndər Heydər Əliyevin Azərbaycan rəhbərliyinə yenidən qayıdışından sonra 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verilib, cinayəti törədənlərin adları ictimaiyyətə çatdırılıb, 20 Yanvar – Ümumxalq Hüzn Günü elan edilib”.
Komitə sədri Prezident İlham Əliyev tərəfindən 20 Yanvar faciəsi zamanı həlak olmuş şəhidlərin ailələrinin, hadisələr zamanı sağlamlıqlarını itirərək əlil olmuş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və dövlət qayğısının artırılması məqsədilə əməli tədbirlər görüldüyünü, bununla bağlı ölkə rəhbəri tərəfindən onlarla fərman və sərəncamın verildiyini diqqətə çatdırıb.
Sonra şəhid ailəsindən olan komitə əməkdaşları çıxış edərək Vətənin azadlığı və suverenliyi uğrunda canından keçmiş şəhidlərin qəhrəmanlıq yolundan danışıblar. Onlar ölkə rəhbərliyi tərəfindən şəhid ailələrinin daim diqqət mərkəzində saxlanıldığını, sosial problemlərinin həllində dövlət dəstəyinin olduğunu söyləyib, hər kəsi ölkəmizin firavanlığı və xoş gələcəyi naminə dövlətçiliyimizin keşiyində durmağa çağırıblar. Azərbaycanın azadlığı və suverenliyi uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsinin hər zaman ehtiramla yad ediləcəyi xüsusi vurğulanıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sehidlerimizin_eziz_xatiresi_her_zaman_ehtiramla_yad_edilecek-825291

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR