Basketbol üzrə Azərbaycan çempionatına start verilib

Basketbol üzrə Azərbaycan çempionatına start verilib
23:47 10 Oktyabr 2019
59 Digər
Ölkə mətbuatı
A- A+

"Sərhədçi" İdman Olimpiya Mərkəzində basketbol üzrə kişilər arasında XXVII Azərbaycan Super Liqası start götürüb.
"Report"un məlumatına görə, açılış matçında "Zirvə Astara" və "Gəncə" komandaları üz-üzə gəlib. Görüşü minədək tamaşaçı ilə yanaşı, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri, olimpiya çempionu Fərid Mansurov, Azərbaycan Basketbol Federasiyasının prezidenti Nadir Nəsibov və "Zirvə" Beynəlxalq İdman Klublarının prezidenti Tofiq Heydərov da izləyib.
Görüş heyətində 3 legioneri olan "Gəncə"nin üstünlüyü ilə başlayıb. Lakin tezliklə təşəbbüsü ələ alan "Zirvə Astara" təcrübəli basketbolçuları Zaur Paşayev, Azər Sarıyev və Ender Poladxanlının dəqiq atışları sayəsində ilk periodda böyük fərq yaxalayıb - 27:9. Növbəti periodlarda da üstünlüyünü əldən verməyən Astara komandası 77:56 hesablı qələbəyə nail olub.
Qeyd edək ki, region klublarının da qatıldığı Azərbaycan Super Liqasında 8 komanda mübarizə aparır. "Zirvə Astara" və "Gəncə"dən başqa "Atletik”, "Atom", "Sərkərdə", "Sıçrayış", "80-lər" və "Xırdalan" da çempionatda çıxış edəcək. Oktyabrın 12-də Azərbaycan Dövlət Texniki Universitetində keçiriləcək ilk turun digər görüşlərində "Sərkərdə" "Atom"la, "Xırdalan" "Atletik"lə, "Sıçrayış" "80-lər"lə üz-üzə gələcək.
Ötən illərlə müqayisədə çempionatda yeni reqlament tətbiq olunub. Komandalar dairəvi sistemlə 3 dövrədə üz-üzə gələcək, daha sonra hər bir iştirakçının qatılacağı pley-off başlayacaq. Əsas mərhələdə 1-ci olan 8-ci ilə, 2-ci 7-ci ilə, 3-cü 6-cı ilə və 4-cü 5-ci ilə mübarizə aparacaq. 1/4 finalın qalibləri mükafatlar uğrunda mübarizəni davam etdirəcəklər. Çempionun adı mayın sonu və ya iyunun əvvəlində bilinəcək.













Xəbərin orijinal ünvanı: https://report.az/komanda/basketbol-uzre-azerbaycan-cempionatina-start-verilib

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR