Öyrədən və öyrənmək istəyənlərin sərgisi

Öyrədən və öyrənmək istəyənlərin sərgisi
16:02 11 Oktyabr 2019
60 Digər
Ölkə mətbuatı
A- A+

Bakı Ekspo Mərkəzində yenə qələbəlik yaşanır. 
“Report”un xəbərinə görə, il ərzində ölkə əhəmiyyətli bir neçə tədbirin keçirildiyi məkan bu dəfə 13-cü Azərbaycan Beynəlxalq Təhsil “EduExpo” sərgisinə ev sahibliyi edir.
Elə statistik göstəricilər də builki sərgiyə marağın böyük olduğunu deməyə əsas verir. Bu həm iştirakçıların, həm də sərgiyə başçəkənlərin sayında özünü göstərir. 
Proqram və qonaqlar    
Artıq 13-cü dəfədir düzənlənən sərgiyə bu il dünyanın 22 ölkəsini təmsil edən 150-dən çox təhsil strukturu qatılıb. Onların Azərbaycana gəlməsi, öz məhsullarını təqdim etmək üçün yerlə təmin olunması, stendlərini quraşdırmaları üçün bütün şərait yaradılıb. Elə yerli təhsil qurumları, şirkətləri də bu prosesdən kənarda qalmayıblar. 
Sərgi Təhsil Nazirliyi, Azərbaycanda İxracatın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı “Caspian Event Organisers” şirkətidir.
Təhsil Nazirliyi bu il sərgidə təhsil sahəsində innovasiyaların və perspektivli startapların, eləcə də ölkənin təhsil prosesində İT texnologiyalarının tətbiq mexanizmlərinin nümayişi üçün interaktiv platforma olan stendi ilə fəal iştirak edir. Eyni zamanda Almaniya, Belarus, Çex Respublikası, İran, Qazaxıstan, Özbəkistan, Polşa, Rusiya, Türkiyə, Ukrayna və bir sıra digər ölkələr xaricdə təhsil üzrə imkan və şərtlərini sərgiləyirlər. 
Sərgidə məktəbəqədər hazırlıq, orta təhsil, peşə və orta ixtisas təhsili, ali təhsil, magistratura, MBA, aspirantura, doktorantura, xaricdə təhsil və tələbə mübadiləsi üzrə proqramlar, eləcə də dil kursları, yay məktəbləri, treninqlər, dərsliklər və metodiki vəsaitlər, təhsil sahəsində yeni informasiya texnologiyaları, təhsil sektoru üçün avadanlıqlar kimi sektorlar üzrə məlumat və xidmətlər təqdim edilir.
Sərginin ikinci günü yerli və xarici ali təhsil müəssisələrinin, habelə Azərbaycanın aparıcı şirkət nümayəndələrinin iştirakı ilə “B2B” formatlı görüşlər keçirilib. Oktyabrın 12-də isə sərgi çərçivəsində ilk dəfə olaraq Rusiya Yazıçılar İttifaqının üzvü, “Smeşariki” layihəsinin həmmüəllifi və “Fiksiki” layihəsinin bir neçə seriyasının ssenari müəllifi, tanınmış uşaq yazıçısı İ.M.Şevçuk ilə görüş keçiriləcək.
Sərginin sonuncu iş günündə məktəblilər üçün “Fibonaççi”, “Babil qüllələri” və “Octopus” kimi bir sıra intellektual oyunlar təşkil olunacaq.
Oktyabrın 13-də başa çatacaq sərgidə ilk dəfə Avropa İttifaqının “Avropada Təhsil” guşəsi təqdim olunub. 
Nazirin razılığı
Sərginin açılışını isə Təhsil naziri Ceyhun Bayramov edib. O, mərasimə tək gəlməyib. C.Bayramovun ali qonağı Türkiyənin təhsil naziri Ziya Selçuk olub. Z.Selçuk sərgiyə qatılmaq üçün Azərbaycana təşrif buyurub.
Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvləri, təhsil müəssisələrinin rəhbərləri, müxtəlif təhsil xidmətləri göstərən qurumların nümayəndələri və digər qonaqlar açılış mərasimində iştirak ediblər.
C.Bayramov bildirib ki, builki sərgidə ildən-ilə sərgiyə marağın artması məmnunluq yaradır. Nazir hesab edir ki, 13-cü təhsil sərgisinin hədəflərə nail olunması istiqamətində önəmi böyükdür.

C.Bayramovu məmnun edən hal yalnız sərgidə çoxlu sayda təhsil qurumlarının iştirak etməsi, sərginin yüksək səviyyədə təşkil olunması və ona böyük maraq göstərilməsi olmayıb. O, türkiyəli həmkarı Ziya Selçukun sərgidə iştirak etmək üçün Azərbaycana gəlməsindən də, necə deyərlər, dəvəti qəbul etməsindən razı qalıb: “İki ölkə arasında dostluq və qardaşlıq münasibətləri təhsil sahəsində də öz əksini tapmalı, bir millət olan iki dövlətin təhsil mütəxəssisləri arasında sıx əməkdaşlıqlar qurulmalıdır. Sərgi Azərbaycan və Türkiyə arasında olan əməkdaşlığın bir qədər də dərinləşməsi və zənginləşməsinə xidmət edəcək”.
Türkiyənin təhsil naziri Ziya Selçuk təhsil sahəsində qarşılıqlı əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsində bu səfərin mühüm əhəmiyyət kəsb edəcəyinə inandığını söyləyib: “Hazırda iki ölkə arasında təhsil sahəsində çoxsahəli və inkişaf etmiş əlaqələr mövcuddur”.
Avropa İttifaqının ilk addımı 
Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas “Report”a açıqlamasında deyib ki, ilk dəfədir sərgidə belə böyük stendlə təmsil olunurlar: “Biz burada təkcə Avropa İttifaqının proqramlarını yox, həm də gənc azərbaycanlıları Avropada təhsil alamağa dəvət edən və buna imkan yaradan 10-dan çox ölkəni, universitetləri və proqramları təqdim edirik. Hesab edirik ki, təhsil bütün həyatın əsasını təşkil edir. Avropa İttifaqı artıq neçə illərdir Azərbaycanla işləyir, artıq 10 ildir “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində tərəfdaşıq. İndi bunun gələcəkdə necə inkişaf etməli olduğunu müzakirə edirik”.

Avropalı diplomat sərgidən gözləntilərini belə sıralayıb: “Gələcək tələbələrin, yəni Avropada təhsil almaq, bacarıqlara yiyələnmək istəyən gənclərin stendimizə böyük maraq göstərəcəklərini gözləyirik. Bir-birimizi tanımadan necə tərəfdaş ola bilərik?! Avropada bu çox geniş yayılıb. Yəqin ki, hamı təhsil almaq üçün Avropa İttifaqı ölkələrinə getməyin mümkün olduğu ERAMUS+ proqramından xəbərdardır. Artıq 1300-dən çox azərbaycanlı gənc bu proqramdan istifadə edib. Hesab edirəm ki, bu rəqəm sürətli şəkildə artmalıdır. Bunun üçün potensial var”.
Azərbaycan universitetləri nə təklif edirlər? 
“EduExpo 2019” sərgisində Azərbaycanın 44 təhsil müəssisəsi təmsil olunur.
Azərbaycan Dillər Universitetinin (ADU) rektoru Kamal Abdulla qeyd edib ki, şagirdlərin sərgidə ADU barədə məlumat alması universitetin inkişafı və imici üçün vacibdir: “Burada universitet haqqında müəyyən biliklər öz əksini tapıb. Sərgidə stendimizdə bir neçə proqramlarımız, bir çox nəşrlərimiz nümayiş olunur. Universitetimiz qəbul planına görə Azərbaycan cəmiyyətinin rəğbətini qazanan ali məktəblərdən sayıla bilər və bu artan xətlə inkişaf edəcək. Belə sərgilərin də bu işə böyük köməyi dəyir”.

Azərbaycan Dövlət Neft Sənaye Universitetinin (ADNSU) rektoru Mustafa Babanlı isə bildirib ki, təhsil sərgiləri vasitəsilə universitetlərin bir il ərzində nə iş gördükləri nümayiş olunur: “ADNSU bu sərgilərə 5-ci dəfə geniş eksponatlarla qatılır. Bu müddət ərzində qazandığımız nailiyyətləri təqdim edirik. Sərgidə əcnəbi qonaqlarla ünsiyyət qurub, ikili proqramlar üzərində işləyib, müqavilələr imzalayırıq. Odur ki, universitetimiz mübadilə işlərinə önəm verir”.
Sərgidə psixoloji xidmətlər stendi 
Sərgidə ilk dəfə stendlə təmsil olunan Peşəkar Psixologiya Mərkəzinin rəhbəri Nuriyyə Quliyeva deyib ki, məqsədləri mərkəzin göstərdiyi təlim və təhsil xidmətlərini daha geniş auditoriyaya çatdırmaqdır: “Mərkəzimiz 2011-ci ildən uşaq, yeniyetmə və gənclərə xidmət göstərir. Əməkdaşlarımız, əsasən, xarici ölkələrdə təhsil alan, təcrübə keçən peşəkar mütəxəssislərdir. Mərkəzimizdə psixoloji yardım, loqoped xidməti, təhsillə əlaqəli qrup və art terapiyaları var, eləcə də psixoloq mərkəzləri üçün tələbə kadrların hazırlanması həyata keçirilir”.

N.Quliyeva qeyd edib ki, bu sahələrdə nəticənin əldə olunması vaxt amili ilə birbaşa bağlıdır. Daha dəqiq söyləsək, burada zaman ən başlıca şərtdir. Mütəxəssis valideynləri diqqətli olmağa, övladlarında müşahidə etdikləri çətinliklərlə bağlı vaxtında psixoloqa üz tutmağa çağırıb: “Bu həm valideynlərin, həm də mütəxəssislərin işinin daha asan olması üçün lazımdır, amma ən əsası uşaqlara lazımi və keyfiyyətli yardımın göstərilməsi baxımından vacibdir. Hər bir problemlə bağlı seans müddəti fərqlidir. Bu, 3 seansdan 20 seansa kimi davam edə bilər. Uşaqlarda davranış problemlərinin isə 3-6 aya qədər davam etməsi mümkündür. Problemdən asılı olaraq seansların müddəti təyin edilir. Xüsusi qayğıya ehtiyacı olan uşaqlarda reabilitasiya kursu aparılır. Təbii ki, belə pasiyentlərdə müalicə müddəti uzun çəkir. Erkən müdaxilə ilə onları cəmiyyətə qazandırmaq mümkündür”.
Mərkəzdə hər ay bir dəfə ödənişsiz diaqnostikanın aparıldığını deyən mərkəz rəhbəri əlavə edib ki, təhsil sərgisi çərçivəsində tələbələrə endirim kuponları da təqdim olunacaq: “Tələbələr Peşəkar Psixologiya Mərkəzinin xidmətlərindən 50 faiz endirimlə yararlana biləcəklər. Bu, tələbələrə dəstək məqəsdi daşıyır”.
O eyni zamanda sərgidə iştirak üçün Mərkəzə dəstək olan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə təşəkkür edib.



Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/oyreden-ve-oyrenmek-isteyenlerin-sergisi

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR