Prezident İlham Əliyev: "Faşizm üzərində ümumi Qələbəmizə Azərbaycan layiqli töhfə verib"

Prezident İlham Əliyev: "Faşizm üzərində ümumi Qələbəmizə Azərbaycan layiqli töhfə verib"
21:12 11 Oktyabr 2019
45 Ölkə
Ölkə mətbuatı
A- A+

Faşizm üzərində ümumi Qələbəmizə Azərbaycan layiqli töhfə verib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Prezident İlham Əliyev oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabad şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxış edərkən deyib.

Prezident İlham Əliyev qeyd edib ki, bugünkü Zirvə Görüşünün gündəliyindəki məsələlərdən biri Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi ilə əlaqədar dövlət başçılarının Birlik ölkələrinin xalqlarına və dünya ictimaiyyətinə müraciətidir:

"Ən dağıdıcı, qanlı müharibənin ön və arxa cəbhələrində xalqlarımız gələcək nəsillər üçün nümunə olan qəhrəmanlıq və igidlik göstəriblər. Faşizm üzərində ümumi Qələbəmizə Azərbaycan layiqli töhfə verib. Azərbaycanın 600 mindən çox oğlu və qızı Böyük Vətən müharibəsi cəbhələrində döyüşüb, onların yarısı ümumi Qələbəmiz uğrunda canlarından keçib. Müharibə illərində göstərdikləri igidliyə görə Azərbaycanın 130-dan çox nümayəndəsi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycan bütün ölkəni yanacaqla təmin edib. Cəbhə üçün çox zəruri olan neftin 70 faizdən çoxu, benzinin 80 faizi, motor yağlarının 90 faizi Azərbaycanın payına düşürdü. Bunlar olmasaydı, sovet ordusu düşmənə qalib gələ bilməzdi. Hərbi kinoxronikada məşhur kadrlar var: Hitlerə verilən tortun üzərində alman dilində "Xəzər dənizi" sözləri yazılmış bir oyuq, həmin oyuqda "Bakı" adlı qara rəngli maye şokolad var. Hitler şokoladı qaşıqla götürür və tortun üstünə süzür, sonra svastika şəklində şokoladı götürüb "Bakı" sözü yazılan yerə qoyur. Bu kadr faşistlərin Azərbaycanın neft yataqlarını, həmçinin hamımızın bildiyi kimi, Şimali Qafqazın neft yataqlarını tutmaq planlarını vurğulayır. Əgər faşistlər Bakını tutmağa müvəffəq olsaydılar, sovet ordusu Qələbə üçün çox zəruri olan yanacaqsız qalardı, Bakı şəhəri isə havaya sovrulardı. Çünki belə fövqəladə vəziyyətdə sovet hökuməti neft quyularının düşmən əlinə keçməməsi üçün onların hamısını minalamışdı. Yəni, bu halda qurbanların sayı bəlkə yüz minlərlə olardı".

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/793574.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR