İlham Əliyevin “Fool’s Mate” gedişi və Paşinyanın “siyasi dəfni”

İlham Əliyevin “Fool’s Mate” gedişi və Paşinyanın “siyasi dəfni”
10:48 12 Oktyabr 2019
112 Digər
Ölkə mətbuatı
A- A+

“Aşqabad batan kimi batdı”: Aşqabadda keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibli iclasında Ermənistanın baş naziri Nikol Paşinyanın üzləşdiyi “siyasi qəza” zərb-məsələ çevrilmiş və hər hansı şəxsin acınacaqlı vəziyyətə düşməsi, yaxud hansısa məkanın darmadağın olması mənasını verən bu deyimlə assosasiya təşkil edir. Azərbaycan lideri işğalçı ölkənin rəhbərini masa ətrafında mat vəziyyətinə saldı.

İlk gedişini “Valday” Beynəlxalq Diskussiya Klubunun Soçidə keçirilən iclasında edən Azərbaycan lideri ikinci gedişini Türkmənistan paytaxtında, MDB dövlət başçılarının toplandığı masa arxasında irəli sürdü və budur, “Fool’s Mate” – iki gedişlə mat. Prezident İlham Əliyev strategiyaya əsaslanan şahmat oyununda nadir hallarda qeydə alınan “Fool’s Mate” gedişini siyasi səhnədə bacarıqla tətbiq etdi.

Aşqabadda toplanan MDB dövlət başçıları birliyin gündəliyini müzakirə edir, qarşılıqlı əməkdaşlıq haqqında fikir mübadiləsi aparır və ayrı-ayrılıqda məsələlərə münasibət bildirirlər. Mövzu faşizm üzərində tarixi qələbənin 75-ci ildönümünün qeyd olunmasına gəlir və Prezident İlham Əliyev çıxışında MDB-də faşizmin qəhrəmanlaşdırılması nümunələrindən danışır, Ermənistanın “nasist qəhrəmanına” abidə ucaltdığını qeyd edir və tarixə qayıdaraq, kimin kim olduğunu, kimin nə vaxt kimə xidmət etdiyini və kimin hələ də faşist mahiyyətindən çıxmadığını masa ətrafında əyləşənlərin timsalında dünyanın diqqətinə çatdırır.

Tarixin yazacağı, geosiyasi cameənin hələ çox müzakirə edəcəyi və işğalçı ölkənin hərbi-siyasi rəhbərliyinin unuda bilməyəcəyi həmin çıxışa yenidən qayıtmaq zərurəti var.

“Biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət Yerevanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib. 2019-cu ilin mayında Rusiya Xarici İşlər Nazirliyi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrı-seçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzə təqdim edib. Həmin məruzədə deyilir: “Ermənistanın keçmiş hakim respublikaçılar partiyası millətçi təmayüllü, Üçüncü Reyx ilə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb”. Bu, Rusiya Xarici İşlər Nazirliyinin mövqeyidir. Rusiya Federasiyasının Müdafiə naziri Sergey Şoyqunun sədrliyi ilə Müdafiə Nazirliyinin baş redaksiya heyəti tərəfindən nəşr edilmiş 12 cildlik “1941-1945-ci illərin Böyük Vətən müharibəsi” ensiklopediyasının “Böyük Vətən müharibəsi illərində gizli müharibə, kəşfiyyat və əks-kəşfiyyat” adlı VI cildində dərc edilmiş “Müharibənin son dövründə hərbi əks-kəşfiyyatın fəaliyyəti” adlı məqalədə deyilir: “Əks-kəşfiyyatçılar 114-cü Dromedar oberqrupu barəsində agentura işi çərçivəsində daşnak ordusunun keçmiş generalı, almanların yanında Njde ləqəbi ilə xidmət etmiş mühacir Ter-Arutyunyanı aşkar edib və həbsə alıblar. Böyük Vətən müharibəsi illərində o, Bolqarıstan ərazisində milliyyətcə erməni olan 30-dan çox agent cəlb edib, onların təxribat hazırlığında və pozucu fəaliyyət üçün Qızıl Ordunun arxa cəbhəsinə atılmasında iştirak edib. SMERŞ qrupunun əməkdaşları olan 17 təxribatçı saxlanılıb, qalanları barədə axtarış elan edilib. Njde həm də Avropanın yəhudi əhalisinə qarşı Holokostda iştirak edib. 1942-ci ildə o, Sovet İttifaqına qarşı döyüşən erməni legionu təşkil edib. Yeri gəlmişkən, Njdenin əsas şüarı belə idi: “Almaniya uğrunda həlak olan Ermənistan uğrunda həlak olur”. Burada şərhə ehtiyac yoxdur. Njde həbs olundu və Vladimir həbsxanasında ömrünü başa vurdu. 2016-cı ildə Ermənistan paytaxtının mərkəzində bu satqın cəllada hündürlüyü 6 metrə yaxın olan heykəl qoyulub. Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli götürməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur”, - Azərbaycan lideri konkret sənədlərə və faktlara əsaslanaraq, işğalçı Ermənistana kim olduğunu diktə edir.

Prezident İlham Əliyev çıxış edərkən, sağında əyləşmiş Nikol Paşinyanın baxışı və üz ifadəsi əslində hər şeyi aydınlaşdırır. Və Azərbaycan liderinin diplomatik zərbəsindən özünə gələ bilməyən Paşinyan “Nasistlərin lideri Njde yox, Hitler olub” kimi absurd özünümüdafiə ilə vəziyyətini daha da ağırlaşdırır.

Zərbə sadə, lakin gözlənilməz idi və İlham Əliyevin Soçidən Aşqabada qədər uzanan strateji “Fool’s Mate” gedişi bu suallara cavab verir:

- Paşinyanın avqustun 5-də işğal altındakı Xankəndidə “Qarabağ Ermənistanındır və nöqtə” bəyanatına Azərbaycan lideri niyə iki ay sonra cavab verdi?

- Tarixi “Qarabağ Azərbaycanındır və nida” cavabı niyə Soçidə verildi?

- Aşqabaddakı MDB iclasında İlham Əliyev hansı hədəfi vurdu?


“Valday”da Paşinyana verilən məşhur “Qarabağ Azərbaycanındır və nida” cavabı müəyyən dairələr tərəfindən “niyə iki ay sonra” müzakirəsinə çevrildi. Məlumdur, bu dairələrin dərdi işğalçı ölkəyə cavabın verilməsi yox, hakimiyyətin ittiham edilməsidir, bu baxımdan, onları bir kənara qoyub, əslində “niyə iki ay sonra”ya diqqət yetirək. İşğalçıya cavabı deyil də, “iki ay sonra”nı ittiham “arqumenti”nə çevirənlərin də bura diqqət yetirməsi məsləhətdir, siyasətçi olmaq istəyirlərsə, ən azından, İlham Əliyevin gedişlərini öyrənməlidirlər...

Paşinyan işğal altındakı torpaqlarda məlum sözləri işlətdi və budur, erməni xalqı populizm yağışı altında onu alqışlayır. Azərbaycan erməni baş nazirin iddialarını anında cavablandıra bilərdi, hər kəs bilir ki, bunu etmək olduqca sadədir. Lakin dərhal cavabın verilməsi Paşinyanın məlun iddiaları ilə əldə etdiyi nəticəni verəcəkdi – SIFIR. Və söz duelindən başqa bir şey olmayacaqdı.

Azərbaycan lideri iki ay gözlədi və siyasi şahmatda çoxlarının bacarmadığı QAMBİT gedişi etdi. (Daha səmərəli mövqe əldə etmək məqsədilə üstünlüyün qurban verilməsi). Paşinyanın populist iddiası ilə Ermənistanın əldə etdiyi sıfır nəticə və İlham Əliyevin düşünülmüş səbri – Qambit gedişi ilə Azərbaycanın əldə etdiyi nəticənin müqayisəli təhlili ortaya belə bir mənzərə çıxartdı:

- Paşinyan Ermənistanın illərdir irəli sürdüyü “Dağlıq Qarabağ müstəqil respublikadır” tezisini inkar etdi; Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını etiraf etmiş oldu;

- Azərbaycan bu ölkənin birinci şəxsinin dilindən Ermənistanın işğalçı olduğuna dair rəsmi etirafı fakt kimi irəli sürdü; Bu faktı beynəlxalq ictimaiyyətin və münaqişənin həllidən məsul olan ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin diqqətinə çatdırdı; Və bundan sonrakı danışıqlar prosesində işğalçının üzərində daim istifadə edə biləcəyi təzyiq imkanı əldə etdi;


Azərbaycan lideri populist “söz duelinə” getmədi, səbrlə “Qarabağ Nidası”nı qoymağa doğru addımladı. Və İlham Əliyevin Paşinyanın iddialı nöqtəsinə soyuqqanlı nidanı niyə Soçidə - “Valday” klubunun iclasında qoymasının səbəbləri də burada aydınlaşır.

Qarşıda iki mühüm hadisə gözlənilirdi: biri, BMT Baş Assambleyasının 74-cü sessiyası, digəri Avrasiya İqtisadi İttifaqının İrəvanda keçiriləcək zirvə toplantısı.

Bu, iki qütbün – Şərqlə Qərbin Ermənistana münasibətini ortaya qoyacaqdı və Azərbaycan lideri siyasi şaxmat taxtasında gedişlərini buna görə müəyyənləşdirəcəkdi.

Ermənistanın baş nazirinin “Amerika arzuları” çin olmadı: Paşinyanı yüksək çinli amerikalı rəsmilərdən heç biri qarşılamadı; Donald Tramp isə onunla yalnız protokol qaydalarına uyğun, yəni məcburi olaraq bir foto çəkdirdi.

ABŞ səfəri fiaskoya uğrayan Paşinyanın yeganə ümidi Avrasiya İqtisadi İttifaqı (Aİİ) idi və Ermənistana səfər edən Rusiya prezidenti Vladimir Putinlə mütləq “qucaqlaşmağı” qarşısına məqsəd qoymuşdu. Lakin o, okeanın o tayında uğradığı fiasko ilə öz ölkəsində də qarşılaşdı. Rusiya prezidenti israrlı təkidlərdən sonra erməni baş nazirlə qısa görüş keçirdi, Paşinyan isə əl çəkmirdi və Putini hava limanına qədər izlədi. Ermənistan mediası yazır ki, hava limanında Rusiya prezidentinə çatan Nikol Paşinyan sərxoş vəziyyətdə idi, Putini qucaqlamağa çalışan erməni baş nazirin düşdüyü vəziyyət də acınacaqlı idi.

Və siyasi prosesləri incələməkdə qrossmeyster olan Azərbaycan lideri tarixi nidanı məhz Soçidə qoymaqla ABŞ-da “şillə yemiş” Ermənistana zərbəni döydüyü qapıda – Rusiyada endirdi. Bu, “Fool’s Mate” strategiyasında ilk gediş idi. İkinci və sonuncu gediş Aşqabadda ediləcəkdi.

Prezident İlham Əliyevin MDB Dövlət Başçıları Şurasının iclasında postsovet ölkələrinin ortaq tarixi və həssas nöqtəsindən çıxış etməsi usta qrossmeysterin rəqibi mat vəziyyətinə salması idi. Çünki Aİİ-nin İrəvandakı iclasında biabırçı vəziyyətlə üzləşən Paşinyan Rusiyanın döydüyü qapısının açılması üçün əlindən gələni edir və MDB iclası bunun üçün yeni və yeganə fürsət idi. Azərbaycan lideri ikinci gedişi ilə işğalçı ölkənin yeganə fürsətini də alt-üst etdi və Rusiyaya, o cümlədən, digər MDB dövlətlərinin rəhbərlərinə faşizm üzərində qələbənin 75 illiyinin qeyd edilməsinə hazırlığın aparılmasına rəğmən, masada əyləşən Ermənistanın hələ də faşistləri qəhrəmanlaşdırdığını, ortaq tarixə hörmət etməyən faşist təfəkkürlü ölkənin əməkdaşlıq platformasında yerinin olmadığını ustalıqla nümayiş etdirdi. Və çıxışında Rusiya Xarici İşlər və Müdafiə nazirliklərinin sənədlərinə istinad da bu gedişin real nəticəsinə hesablanmışdı.

Və budur, İlham Əliyevin qarşısında Nikol Paşinyanın dili topuq vurur, bundan sonra onu hətta Putinə bağışladığı kitab belə qurtara bilməyəcək...

Asif Nərimanlı


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_tehlil/292847.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR