İnsan ağlın dominantlığını təmin etməlidir

İnsan ağlın dominantlığını təmin etməlidir
19:12 13 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

İnsanın nəfsani qüvvələrini kontrol etməsi - zəruri mövzulardandır. Bunun üçün gərək həmin qüvvələr arasındakı mötədilliyi bərqərar edə bilsin. Bəs bunu necə etmək olar? (Tebyan)

Milli.Az deyerler.org-a istinadən bildirir ki, insan bu dünyaya qədəm basandan və özünü dərk edəndən sonra başa düşür ki, onda elə bir nəcib qüvvə vardır ki, onu hərəkətə gətirir və təfəkkür etməsinə səbəb olur. Həmin bu qüvvə - ruh qüvvəsidir. Fəlsəfə kitabları bu qüvvəni dörd hissəyə bölür:

1. Aqilə qüvvəsi.

Aqilə qüvvəsi ruhani bir qüvvədir ki, fitri olaraq daima kamala doğru meyl edər. Bu qüvvə həqiqətləri dərk etməyə yardım edər. Elm, münazirə, təharət bu qüvvəyə aiddir. Bu qüvvənin faydası budur ki, insanı yaxşı işlərə əmr edir. Çirkin sifətlərdən saxlayır. Əgər bu qüvvədən düzgün şəkildə və mötədil bəhrələnərlərsə, hikmət fəziləti meydana gələr. Lakin əgər onda ifrat olunarsa, səfsətəyə səbəb olar. Bu cür insan hər bir halda hətta yəqin elmlərdə belə şəkk edər. Öz şəkkində təkid edər və qalar. Əgər həmin qüvvəyə qarşı təfrit edərsə, cəhalətə düçar olar.

2. Vahimə qüvvəsi.

Aqilə qüvvəsinin qarşısında vahimə qüvvəsi qərar tutar. Onu şeytani qüvvə kimi də adlandırırlar. Bu qüvvə insanı hiyləyə, fırıldağa tərəf meyl etdirər. Ağılın təsiri altına düşməz və insanı dünyaya bağlayar.

3. Qəzəb qüvvəsi.

Bu qüvvə kinin, düşmənçiliyin səbəbkarıdır. İnsanı başqalarına əziyyət verməyə dəvət edir. Bu qüvvənin məsuliyyəti ziyanı insandan dəf etməkdir. Bu qüvvənin faydası odur ki, həddini aşmağa qoymaz, şeytani hissləri sındırar. Əgər bu qüvvədən yerində istifadə olunarsa, ifrat və təfrit edilməzsə, bu zaman həmin qüvvədən şücaət fəziləti meydana gələr. Əgər ifrat olunarsa, coşmaq kimi rəzil sifət meydana gələr. Əgər onda təfrit olunarsa, qorxaqlıq meydana gələr.

4. Şəhvət qüvvəsi.

Bu qüvvə heyvani hisslərə qulluq edər. Eyni zamanda insanın səadəti bu qüvvədən asılıdır. Əgər bu qüvvədən mötədil şəkildə istifadə olunarsa, insanı səadətə tərəf aparar. Həmçinin gərək ağıl qüvvəsinin təsir altından çıxmasın. Çünki bu zaman insanı xoşbəxt deyil, bədbəxt edə bilər. Bu qüvvənin faydası budur ki, bədən həyatını qoruyar və davam etdirər. Nəfsə kamal qazandırar. Əgər ondan düzgün şəkildə istifadə olunarsa və ifrat və təfrit edilməzsə, iffət kimi fəzilət meydana gələr.

Beləliklə deyə bilərik ki, hər bir nəfs qüvvəsinin mötədil, ifrat və təfrit halı vardır. Hər bir qüvvənin vasitəsilə digərinin yüyənini tutub saxlamaq olar. Bu qüvvələr arasında mötədilliyi yaratmaq üçün gərək hər birini ağılın və dinin təsiri altına salaq. Bunun üçün nə etməli?

1. Yaxşı insanlarla yoldaş olmaq, pis insanlarla oturub-durmaqdan çəkinmək.

2. Hər bir qüvvədən fəzilət sifətlərini əldə etmək üçün istifadə etmək və bu yolda səy göstərmək. O zamana qədər ki, fəzilətləri əldə edər.

3. Hər bir işi görən zaman təfəkkür etmək və heç bir işi nəticəsinə diqqət etmədən yerinə yetirməmək. Rəzil sifətlərə üz tutan zaman özünü danlamaq.

4. Qəzəb və şəhvəti təhrik edən hər bir şeyi eşitmək və görməkdən çəkinmək.

5. Öz eyblərini axtarış edərək üzə çıxartmaq və sonra da onların kökünü kəsməyə çalışmaq.

Molla Məhdi Nəraqi yazır: "Bu qüvvələrin hər birinin faydası vardır. Bu qüvvələrin insanda cəm olması mələklərlə alimlərin it, donuz və şeytanla bir yerə yığışmasına bənzəyir. Hər birinin arasında kəşməkəş olar. Hər kim qalib gələr, başqalarına hakim olar. Mələk və alim - aqilə qüvəsidir. İt - qəzəb qüvvəsidir. Donuz - şəhvət qüvvəsidir. Vahimə də şeytani qüvvədir. Nəfs daima bu qüvvələrin münaqişə etdiyi yerdir, o zamana qədər ki, biri qalib gələr. Əgər ağıl hər birinə hakim olarsa, onları elə öz siyasəti altına salar ki, onun işarə etdiyindən qeyrisinə əməl etməzlər. Hər biri mötədil şəkildə olar. Əgər onlara qələbə çala bilməsə, onlar həmin qüvvəyə hakim olarlar. Onu öz xidmətlərinə götürərlər".

Ona görə də əgər insan nəfs qüvvələrinin mötədil olmasını istəyirsə, gərək hər birini ağılın və dinin itaətinə gətirsin.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/interest/792335.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR