Bakıya axan “qara pul seli”ndən o yararlanır

Bakıya axan “qara pul seli”ndən o yararlanır
16:12 15 Oktyabr 2019
75 Ölkə
Ölkə mətbuatı
A- A+

"Pulu Bakıda ya Aqil Məhərrəmli götürürdü, ya da Ruslan Nəsirli. Olub ki, Babək Həsənov da götürüb. Qənimət Zahidə 2000-2500 dollar vəsait göndərirdik. Bakıya - Əli Kərimliyə göndərilən vəsait isə 20-30 min dollar olurdu. Sonra Əli Kərimli mənə "Whatsapp"-da yazırdı ki, "sağ ol, bəy, çatdı".

Bunu AXC hakimiyyəti dövründə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı işləmiş Saleh Rüstəmli istintaqa verdiyi ifadədə söyləyib. Onun sözlərinə görə, uzun müddət AXCP sədri Əli Kərimliyə Rusiyadan böyük məbləğdə pullar yollayıb.

Saleh Məhərrəm oğlu Rüstəmov, Vidadi Valeh oğlu Rüstəmli, Aqil Əli oğlu Məhərrəmov, Babək Qəzənfər oğlu Həsənov və Ruslan Şamil oğlu Nəsirov Azərbaycanda siyasi təşkilatların qanunsuz yollarla maliyyələşdirilməsində suçlanırlar.

Olayların şahidi Natik Kamalov bəyan etmişdi ki, ticarət məqsədi ilə mütəmadi olaraq Rusiyaya gedib-gəlir, ayrı-ayrı şəxslərin Moskvadan Azərbaycana pul göndərilməsi məsələsini həll edir. 2016-cı ilin sonlarında Moskvada olanda Saleh Rüstəmov ona Bakıya 4 min ABŞ dolları göndərmək istədiyini, pulu Bakıda qardaşı oğlu Vidadi Rüstəmlinin götürəcəyini deyib. Pulu ondan götürdükdən sonra Vidadi Rüstəmlinin əlaqə vasitəsini qohumu Tural Mehdixanova göndərib. Vidadi Turalla Bakıda görüşərək 4 min ABŞ dollarını ondan götürüb. Bundan sonra dəfələrlə qeyd olunan qaydada Saleh Rüstəmov Moskvadan Bakıya bəzən 3 min, bəzən isə 4 min ABŞ dolları göndərib. 2017-ci ilin ortalarında isə Saleh Rüstəmov onun vasitəsi ilə bir dəfəyə 175 min ABŞ dolları pul göndərib, həmin pulu da Vidadi Rüstəmli Bakıda Turaldan götürüb.

Bu pullar sadəcə, Moskvadan, bir adamın, yəni Saleh Rüstəmlinin toplayaraq AXCP sədri və bloqer Əli Kərimliyə yolladığı vəsaitdir.

Ayda 25-30 min dollar göndərdiyini söyləyir. Halbuki, istintaq zamanı danılmaz faktlar və sübutlarla qarşısında qalandan sonra etiraf edib ki, "bəzən" 175 min dollar da göndərirmiş.

Əli Kərimlinin maliyyə mənbələri az deyil. Mümkün qədər çox pul əldə etmək üçün o, hətta müavini, sağlıq durumu normal olmayan Gözəl Bayramlıdan da yararlanmaqdan çəkinməyib.

G.Bayramlı Gürcüstana 41 dəfə (!)  yollanaraq oradan hər dəfə geriyə, 10 min dollarla qayıdıb. Pullar da təbii ki, Əli Kərimliyə təhvil verilib.

Daşınan məbləğin 10 min dollar olmasının bəsit səbəbi var: sərhəddə gömrükçülər məhz bu məbləğdə valyutanı keçirməyə icazə verirlər. Qanunvericilik belə deyir.

Əli Kərimlinin haralardan, kimlər vasitəsilə nə qədər pullar əldə etməsi indi məni maraqlandırmır.

Maraqlı olan budur ki, bu bloqerə hələ də inanan, onu "gerçəkdən" də tək AXCP-nin yox, ümumiyyətlə, müxalifətin "lider"i hesab edənlər Ə.Kərimlinin yaşamını görmürlər?

Sıravi cəbhəçilər mitinqlərə və piketlərə çıxaraq şüarlar söyləyəndə Ə.Kərimli onları həmişə gülümsəyərək seyr edir.

Sonra da "Azərbaycanda yoxsulluq, işsizlik dözülməz həddə çatıb" absurdunu uca səslə, saitləri uzadaraq deyəndə Əli Kərimli vəcdə gəlir.

Əcəba, nədən həmin anda cəbhəçi bəy və xanımlardan biri irəli çıxıb soruşmur ki, əgər vəziyyət doğrudan da belə pisdirsə, dözülməzdirsə və məşəqqətlidirsə, onda Əli Kərimlinin övladları xarici ölkələrdə hansı vəsait hesabına yaşayırlar? Onun övladlarının anası hansı maddi imkanlar hesabına əvvəllər Bakı-London və London-Bakı istiqamətindəki intensiv trafiki indi Bakı-Nyu-York və tərs yöndə təkrarlayır?

Əli Kərimli bahalı avtomobilini, villasını, lüks mənzilini, cangüdənlərini sadəcə, AXCP üzvlərinin topladıqları üzvlük pulları hesabına əldə edib?

Belədirsə, ortada trivial mənimsəmə faktları var və onlar araşdırılmalıdır.

Yox, belə deyilsə, onda Əli Kərimli ya iş adamıdır, ya da məşhur alim. Əks təqdirdə onun yaşam vəsaitinin və gəlirlərinin mənbəyi mütləq şəkildə qanunsuz alınır.

Adam heç o gəlirlərin mənbələrindən danışmayıb. Danışmaq da istəmir, hər dəfə azacıq şübhə yaranan kimi "Özünsən!" tipli "müdafiə" pozasına keçir, siyasi mübarizə və demokratiya prinsiplərindən növbəti nitqinə start verir.

Xatırladım ki, Əli Kərimlinin dəbdəbəli yaşam sürdüyünü onun ən yaxın adamlarından biri, 27 ildən bəri müxalifət düşərgəsində yer alan şəxs -  Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Nəzarət-Təftiş Komissiyasının (NTK) sədri Aydın Əliyev Facebook-dakı səhifəsi vasitəsilə partiyadaşlarına müraciət etmişdi.

A.Əliyevin dediyinə görə, partiyadaxili, xaricdən gələn qrant və s. pul məsələlərini ancaq öz nəzarətində saxlayan, özünün, ailəsinin və xaricdə yaşayan oğlunun ərəb şeyxləri kimi yaşamasına sərf edən Əli Kərimlini onun kimi düzgün, əqidəli adam qane etməyib: "30 illik siyasi fəaliyyətimdən sonra başa düşmüşəm ki, mən və mənim kimi yüzlərlə cəbhəçi Əli Kərimli tərəfindən aldadılmışıq. O, bizim hər birimizdən öz şəxsi mənafeyi üçün istifadə edib. Sözdə demokratiya uğrunda mübarizə aparıldığını desə də, əslində, partiyada sərt diktatura rejimi qurub. Fərqli düşünənləri, onun anti-demokratik hərəkətlərinə etiraz edənləri ən çirkin üsullarla ləkələyib, böhtanlara məruz qoyub, partiyadan uzaqlaşdırıb".

AXCP sədri, həm də bloqer şablon təfəkkür yiyəsi olduğundan anlamır və anlamaq istəmir ki, ABŞ-da yaşayan Sevinc Osmanqızı YouTube-dakı kanalını faktiki olaraq Əli Kərimlinin təbliğat ruporuna çevirə bilər: Vidadi İsgəndərli, Rafael Piriyev, Tural Sadıqlı, Məhəmməd Mirzəli, Orduxan Teyimurxan və başqaları Əli Kərimlini bəh-bəhlə tərifləyə bilər - amma bütün bu qəfil sevgi həmin lümpenlərin, siyasəti plebey səviyyəsinə salmış adamların maraqlarıdır, vəssəlam.

Onlar yalnız öz mənafelərini güdürlər və həmin başabəla bloqerlərdən yararlandığını düşünən Əli Kərimlidən, əslində, kukla kimi istifadə edirlər.

Həmin söyüş mexanizmləri, sosial şəbəkə müxalifəti Azərbaycandakı indiki sekulyar, şüarlarında "Ləbbeyk!" kəlməsinin yer almadığı, seçkilərdən və siyasi mübarizədən bəhs edən müxalifətin düşmənidir.

Bir daha təkrar edirəm: Əli Kərimli hesab edirsə ki, bəhs etdiyim şüar qüsurlarının vasitəsilə hakimiyyətə zərbə vurur - yanılır. O, xaricdəki xüsusi xidmət orqanlarına qulluq edənlər vasitəsilə, əslində, Azərbaycandakı müxalifətin axırına çıxır.

Çox sadə, konkret və anlaşılan sözlər.

Sıravi cəbhəçilər bu kəlmələrdən sonra da vəziyyətin nə yerdə olduğunu, Əli Kərimlinin onları aldatdığını, sosial şəbəkələrdə idarə etdiyi trol yığnağı vasitəsilə saxta populyarlıq görüntüsü yaratmağa çalışdığını görmürlərmi?

O bəylər və xanımlar, qardaşlar və bacılar ailələrini normal dolandırmağın yollarını arayanda Əli Kərimli cangüdənləri ilə meydanları dolaşır - bunu da sezmirlər?

Dərk etmirlər ki, çoxsaylı qeyri-hökumət təşkilatları ilə yanaşı, kuryerlər vasitəsilə maliyyələşən Əli Kərimli gerçəkdən də, dəbdəbəli həyat sürür?

Bəs nə zaman görəcək, dərk edəcək və anlayacaqlar?

Gec oldu axı, çox gec...

Elçin Alıoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/794527.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR