Dövlət Dəniz Administrasiyasında 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib

Dövlət Dəniz Administrasiyasında 20 Yanvar şəhidlərinin xatirəsi ehtiramla yad edilib
15:48 16 Yanvar 2015
80 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 16 yanvar, AzərTAc 
Yanvarın 16-da Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasında (ARDDA) 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı anma mərasimi keçirilib.
ARDDA-nın mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, əvvəlcə Vətən uğrunda şəhid olan oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov çıxış edərək bildirib ki, XX əsr tarixinə ən amansız cinayətlərdən biri kimi düşmüş 1990-cı ilin 20 Yanvar hadisələrindən artıq 25 il keçir. 20 Yanvar Azərbaycanın çağdaş tarixinə qanlı və şanlı səhifə kimi daxil olub. Azərbaycanın müstəqilliyi və suverenliyi, torpaqlarımızın bütövlüyü uğrunda ayağa qalxmış əliyalın xalqımız təpədən-dırnağa qədər silahlanmış imperiya qoşunlarının qarşısında əyilmədi, sınmadı. Mərd və igid insanlarımız şəhidlik zirvəsinə yüksələrək qəhrəmanlıq salnaməsi yaratdılar. Beləliklə, Bakıya qoşunların yeridilməsi nəticəsində paytaxtda və respublikanın rayonlarında yüzlərlə insan qətlə yetirildi, yaralandı və qanunsuz həbs olundu. Bu faciə Azərbaycan xalqını qorxutmaq, onun milli oyanışını, torpaq uğrunda mübarizliyini məhv etmək məqsədi daşıyan mənfur planın tərkib hissəsi idi. Xalqımız həmin gün üstünə yeriyən tanklara, avtomat və pulemyot güllələrinə qarşı sinəsini verməyi, öz mənliyini və mətinliyini nümayiş etdirməyi bacardı.
Administrasiyanın rəisi qeyd edib ki, o ağır günlərdə xalqımızın ümummilli lideri Heydər Əliyev özünün və ailə üzvlərinin həyatını təhlükədə qoyaraq, yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlmiş və terror aktını qətiyyətlə lənətləmişdi.
Ulu Öndərimizin yenidən siyasi hakimiyyətə gəlişindən sonra 1993-cü ildə 20 Yanvar faciəsinin səbəblərinin araşdırılması və onu törədənlərin məsuliyyətə cəlb olunması istiqamətində mühüm addımlar atılmış, bu qanlı faciəyə dövlət səviyyəsində hüquqi-siyasi qiymət verilmişdir.
Qüdrət Qurbanov ümummilli lider Heydər Əliyevin siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin bütün şəhidlərimizin ailələrinin, o cümlədən 20 Yanvar şəhidləri ailələrinin problemlərinin həlli istiqamətində həyata keçirdiyi məqsədyönlü tədbirlərdən də ətraflı bəhs edib. Administrasiya rəhbəri vurğulayıb ki, Azərbaycan bu gün bölgənin ən qüdrətli, nüfuzlu dövlətinə çevrilib və hər an düşmənə layiqli cavab vermək gücünə malikdir.
Anım mərasimində Administrasiyanın rəis müavini Ehtiram Rəhimov, Dəniz Üzgüçülüyü Təhlükəsizliyi Mərkəzinin hüquqşünası Nigar Abdullayeva, beynəlxalq əlaqələr və konvensiyalar sektorunun baş məsləhətçisi Ramil Qasımov, gəmi heyəti şöbəsinin böyük məsləhətçisi Sahib Məmmədov və başqaları Mixail Qorbaçov başda olmaqla, o vaxtkı imperiya rəhbərlərinin Azərbaycan xalqına qarşı törətdiyi qanlı hadisələri lənətlədilər. Bildirildi ki, 20 Yanvar faciəsi Ümumxalq Hüzn Günü olmaqla yanaşı, həm də tariximizin şərəfli və qəhrəmanlıq səhifələrindəndir.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dovlet_Deniz_Administrasiyasinda_20_Yanvar_sehidlerinin_xatiresi_ehtiramla_yad_edilib-825301

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR