Dünya iqtisadiyyatı bir sıra risklərlə üz-üzədir

Dünya iqtisadiyyatı bir sıra risklərlə üz-üzədir
15:22 16 Oktyabr 2019
75 Digər
Ölkə mətbuatı
A- A+

Ötən həftə ABŞ-ın Federal Ehtiyat Sisteminin (FED) rəhbəri Cerom Pauel gələn aydan maliyyə aktivlərinin alışına başlayacaqlarını açıqladı. Qurum 2008-ci ildə olduğu kimi indi də balansını böyütmək istəyir. 2018-ci ildən etibarən kiçilən balans artıq 4 trilyon dollara yaxınlaşıb. 

Mənbə: Bloomberg
Belə qeyri-ənənəvi tədbirlər sistemdə likvidlik probleminin olduğunu göstərir, lakin problemin qaynağı haqqında hələ də tam məlumat yoxdur. Bunula yanaşı FED rəsmiləri ABŞ iqtisadiyyatında resessiya gözləmədiklərini təkrarlayırlar. Faizləri endirməyə və sistemə likvidlik verməyə səbəb olaraq isə dünya iqtisadiyyatındakı risklərin mövcudluğu göstərilir. ABŞ və Çin arasında bir neçə ildir ki, davam edən ticarət qarşıdurması dünya ticarət həcminin azalmasına gətirib-çıxarıb. Həm ixracat, həm də idxalat göstəriciləri kiçilməyə davam edir. Ümumdünya Ticarət Təşkilatının (WTO) məlumatlarına əsasən ticarət həcmlərinin kiçilməsi qlobal xarakter alıb. 

Mənbə: WTO
Öz növbəsində iqtisadiyyatları ixracatdan asılı olan ölkələrin makro göstəriciləri gözləntiləri doğrultmur. Son rübün nəticələrinə əsasən demək olar ki, Almaniya iqtisadiyyatı kiçilməyə başlayıb.

Mənbə: BBC
Bu ölkənin sənaye istehsalı azalmağa davam edir. Azalma tendensiyası xidmət sektorunda da hiss edilməyə başlayıb. Ən aktiv ixracatçılardan olan Cənubi Koreya iqtisadiyatı da ciddi problemlərlə üzləşməyə başlayıb.
Əlbəttə, problemlərin hamısı ticarət mənşəli deyil. Çin iqtisadiyyatının borc yükü həddindən artıq çoxdur və hazırkı inkişaf tempi borc səviyyəsini dəstəkləmir. IIF-in (Beynəlxalq Maliyyə İnstitutu) hesablamalarına görə, bu ölkənin ümumi borcunun ÜDM-nə nisbəti 303% təşkil edir. “Moody`s” beynəlxalq reytinq agentliyi Çinin “A12 reytinqini təsdiqləsə də, ölkənin borcunun, xüsusilə də regional bankların və dövlət şirkətlərinin borcunun təhlükəli həddə olduğunu qeyd edib. Nisbətən qeyri-şəffaf olan Çin iqtisadyyatında baş verən ciddi bir maliyyə problemi digər ölkələrə də çox sürətlə yayıla və təşvişə səbəb ola bilər.
FED-in ehtiyat etdiyi digər bir risk Honqkonq hadisələridir. Ölkə iqtisadiyyatı artıq resessiyadadır, kapital axını artır və investisiya qoyuluşları azalmağa başlayıb. Qərb və Çin iqtisadiyyatlarının qovşağı olan Honqkonqdakı problemlərin güc yolu ilə həll edilməsi beynəlxalq maliyyə sisteminə ağır zərbə ola bilər.
Argentina, Türkiyə və Misir kimi inkişaf etməkdə olan ölkələr də həm siyasi, həm də iqtisadi cəhətdən qeyri-sabitdirlər. Bu ölkələrin defolt olması qlobal maliyyə bazarlarına və ölkə kreditorlarına olduqca mənfi təsir edə bilər.
Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi (“Brexit”) prosesi də tam başa çatmayıb və təklif edilən çıxış yolları hələ ki, bu və ya digər tərəfi tam qane etmir.
ABŞ iqtisadiyyatı isə tam gücü ilə inkişaf edir. Məşğulluq rekord həddə yüksəkdir. İstehlakçılar gələcəyə ümidlə baxırlar və pul xərcləməyə davam edirlər. Məşğulluq yüksək səviyyədə olduğundan maaşlar da artır və optimizmə səbəb olur. Sentyabr ayında sənaye sektorunda Biznesin Aktivliyi İndeksi gözlənilmədən 50 bənddən aşağı düşsə də, təhlükəli sayılmir. Artıq iqtisadiyyatın lokomotivi xidmət sektorudur və bu sahədə vəziyyət qənaətbəxş sayıla bilər. Bütün bunları nəzərə alaraq FED hesab edir ki, ABŞ iqtisadiyyatı resessiya ilə üzləşməyəcək. Proseslərin nisbətən qeyri-şəffaflığı isə şübhə doğurur. Xüsusilə də bir müddət əvvəl gecəlik repo bazarında faiz dərəcələrinin 10%-ə qalxması banklararası bazarda likvidlik problemdən xəbər versə də, FED bu barədə susur. 
Nəriman Yaqubov

Xəbərin orijinal ünvanı: https://report.az/analitika/dunya-iqtisadiyyati-bir-sira-risklerle-uz-uzedir

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR