ABŞ heyəti "Barış Pınarı" üçün bu gün Türkiyəyə gəlir - Əgər razılıq əldə olunmasa...

ABŞ vitze-prezidenti Mayk Pence Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi "Barış Pınarı" hərəkatı ilə bağlı görüşlər keçirmək üçün bu gün Ankaraya gələcək.

Metbuat.az türk mediasına istinadən xəbər verir ki, bu ziyarət olduqca kritik bir zamanda həyata keçir. ABŞ-da prezident Donald Tramp höküməti Suriyada əsgərlərini geri çəkərək "Barış Pınarı" hərəkatının gedişatına şərait yaratdığı üçün tənqidlərə məruz qalır.

Eyni zamanda, Pencenin Türkiyəyə doğru yola çıxdığı saatlarda Donald Trampın Rəcəb Tayyib Ərdoğana "Gəl razılaşaq" ifadələrini istifadə etdiyi məktub mediaya sızıb. Trampın bu məktubu Türkiyənin hərəkatına yaşıl işıq yandırdığına dair tənqidlərə cavab olaraq Konqres üzvləri ilə paylaşdığı bildirilir. Trampın bu qərarla İŞİD ilə mübarizədə ən böyük müttəfiqi olan Suriya Demokratik Qüvvələrinə "xəyanət etdiyi" deyilir.

Konqresdə həm öz partiyası Respublikaçıların, həm də Demokratların tənqidlərinə məruz qalan Tramp höküməti bu həftə içərisində Türkiyəyə qarşı bir sıra sanksiyaları açıqladı və Penceni görüşlər keçirmək üçün göndərdi.

Pencenin rəhbərlik etdiyi heyətdə ABŞ Xarici İşlər naziri Mayk Pompeo, Beynəlxalq Təhlükəsizlik katibi Robert Obrayn və Suriya özəl təmsilçisi Ceyms Cefrey yer alıb. Pencenin bu gün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcəyi gözlənilir.

Səfərin əsas məqsədi nədir?

Görüşlərdə əsas gündəm maddəsi Türkiyəni atəşkəs elan etməyə razı salmaq olacaq. Donald Tramp Türkiyəyə bir an əvvəl atəşkəs elan etməyə səsləyib. Həmçinin Tramp Türkiyə ilə Suriya Demokratik Qüvvələri arasında vasitəçilik etmək təklifi edib. Mayk Pence də özünün "Tvitter" hesabından Ankaraya verdiyi mesajda bildirib:

"Prezident Trampın təlimatı ilə dərhal atəşkəs elan etmə və bölgədə sülh ilə istiqrarı yenidən bərpa etmək üçün müzakirələrə başlamaq çağırışı edəcəyik".

Bu həftə içində mediaya məlumat verən bir ABŞ dövlət məmuru əsas niyyətlərinin atəşkəs elan edilməsini təmin etmək olduğunu vurğulayıb və ABŞ-ın Suriyaya dair strategiyasını belə açıqlayıb:

"Niyyətimiz ilk olaraq atəşkəslə Suriyada olan fərqli çıxarlar arasında bir razılıq əldə etməkdir. Daha sonra isə təkcə ortağımız SDQ və hələ də bölgədə olan öz əsgərlərimiz deyil, Türk ordusu və Rusiya, Suriya ordusunun da olduğu yerdə qalmasını təmin etməkdir. Ən sonda isə Türkiyənin təhlükəsizlik qayğılarını həll edəcək, Suriyada yaşayanların ehtiyaclarını qarşılayacaq bir plan ortaya qoymaqdır".

Türkiyə ABŞ-ın çağırışlarına necə cavab verdi?

Türkiyə bugünə qədər həm atəşkəs çağırışlarını, həm də Trampın vasitəçilik təklifini konkret bir şəkildə rədd etdi.

Bu həftə içində Bakıdan Türkiyəyə qayıdan Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, atəşkəs olmayacaq. O, Tramp ilə telefon danışığı zamanı Türkiyənin məsələ ilə bağlı təklifinin müzakirə edilməsi üçün heyət göndərilməsini istədiyini deyib:

"Biz atəşkəs elan edə bilmərik. Bu bölgəni terrorçulardan təmizləməyə çalışırıq. Boşaldana qədər atəşkəs elan etməyimiz mümkün deyil. Çünki, biz buranı təhlükəsiz bölgə elan etmişik. Təklifimiz budur ki, elə bu gecə bütün terrorçular silahlarını, hər şeylərini qoyub, qurduqları tələləri məhv edib müəyyən etdiyimiz təhlükəsiz bölgədən çıxsınlar. Bu dediyimiz edilsə, onsuzda "Barış Pınarı" hərəkatı öz-özünə sona çatmış olacaq. Əsl dərdi bölgədəki sivil xalqın zərər görməməsi olan hər kəsin dərhal bu təklifə müsbət cavab verməsi lazımdır".

Həmçinin Ərdoğan "Türkiyənin terror qruplaşmaları ilə eyni masaya oturmadığını" deyərək Trampın vasitəçilik təklifini də qəbul etmədiyi açıqlayıb.

Razılıq əldə olunmasa nə baş verəcək?

Pencenin keçirdiyi görüşlərdən bir nəticə çıxmayacağı halda Türkiyənin hərəkatı davam etdirəcəyi gözlənilir. Belə olacağı təqdirdə bütün diqqətlər 22 oktyabrda Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putin arasında Soçidə keçiriləcək görüşdə olacaq.

ABŞ-ın isə atəşkəs elan edilməməsi halında sanksiyaları sərtləşdirəcəyi ehtimal olunur. ABŞ Xəzinə naziri Stiv Mnuçin atəşkəs elan edilməməsi halında sanksiyaların sərtləşdiriləcəyinə dair açıqlamalar verib. O, yeni sanksiyaların bəzi nazir, nazirlik və qurumları da əhatə edəcəyini qeyd edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR