BANM ilə “Bahar Enerji Əməliyyat Şirkəti” arasında Anlaşma Memorandumu imzalanıb

BANM ilə “Bahar Enerji Əməliyyat Şirkəti” arasında Anlaşma Memorandumu imzalanıb
12:27 17 Oktyabr 2019
108 Digər
Ölkə mətbuatı
A- A+

Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov “Bahar Enerji Əməliyyat Şirkəti”nin prezidenti Con Harkinslə görüşüb.
Ali Məktəbdən "Report"a verilən məlumata görə, Con Harkinsi təyinatı münasibəti ilə təbrik edən Elmar Qasımov BANM, təlim-tədris prosesi, həyata keçirilən işlər, əldə olunan uğurlar barədə qonağa ətraflı məlumat verib.
Rektor ölkənin ən intellektual və qəbul imtahanlarında yüksək nəticələr göstərən gənclərinin Bakı Ali Neft Məktəbini seçdiyini vurğulayaraq, bu il Prezident təqaüdünə layiq görülmüş 102 nəfərdən 23-nün məhz Bakı Ali Neft Məktəbinin tələbəsi olduğunu diqqətə çatdırıb. 
BANM-də müasir beynəlxalq tədris sisteminə uyğun ingilisdilli peşəkar mühəndis kadrlarının hazırlandığını bildirən E.Qasımov Ali Məktəbin beynəlxalq səviyyəli yerli və transmilli şirkətlərlə sıx əməkdaşlıq etdiyini də qeyd edib. Rektor Ali Məktəbin məzunlarının partnyor şirkətlərdə istehsalat təcrübəsi keçdiyini, eləcə də, işlə təmin olunduğunu vurğulayıb. O eyni zamanda, gələcəkdə “Bahar Enerji Əməliyyat Şirkəti”ndə çalışan bir neçə mütəxəssisin BANM-in məzunlarından olacağına ümidvar olduğunu deyib.
Con Harkins bildirib ki, “Bahar Enerji Əməliyyat Şirkəti”in 800 işçisindən 12 nəfəri peşəkar mühəndisdir. O, eyni zamanda, qeyd edib ki, 5 il əvvəl şirkətdə 12 xarici əməkdaş çalışırdısa, bu gün onların sayı cəmi 3 nəfər təşkil edir: "Çünki, əcnəbilərin tutduğu yüksək vəzifələri indi yerli mütəxəssislər icra edir. Sizin dünya standartlarına uyğun kampus və çox funksional laboratoriyalarınız tələbələrə real bizneslə tanış olmaq imkanı yaradır. Mən özüm də mühəndisəm. Mühəndislər üçün istehsalat təcrübəsinin önəmini anlayıram. Bu baxımdan, Bakı Ali Neft Məktəbinin tələbələrini strukturumuzla daha yaxından tanış etmək istəyirik. Bu, bizə yüksək potensiallı tələbələrlə tanış olmaq və onları zərurət yaranarsa, işlə təmin etmək imkanı yaradacaq”.
Sonda qarşılıqlı əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Memorandum BANM tələbələrinin “Bahar Enerji Əməliyyat Şirkəti”ndə təcrübə, şirkətin mütəxəsislərinin isə Ali Məktəbin tələbələri üçün master klasslar keçməsini, eyni zamanda əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsini nəzərdə tutur.
“Bahar Enerji Əməliyyat Şirkəti” “Bahar” və “Qum dəniz” yataqlarında əməliyyat aparan ABŞ-ın “Greenfields Petroleum” şirkətinin törəməsidir.
Xatırladaq ki, 22 dekabr 2009-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti və “Bahar Enerji Əməliyyat Şirkəti” arasında sözügedən yataqların kəşfiyyatı, bərpası və işlənməsi üçün hasilatın bölünməsi haqqında razılaşma imzalanıb. 


Xəbərin orijinal ünvanı: https://report.az/elm-ve-tehsil/baki-ali-neft-mektebi-ile-bahar-enerji-emeliyyat-sirketi-arasinda-a

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR