Təşəbbüsün gülüş obyekti kimi təqdim edilməsi yersizdir - Habil Qurbanov

Təşəbbüsün gülüş obyekti kimi təqdim edilməsi yersizdir - Habil Qurbanov
19:43 17 Oktyabr 2019
100 Digər
Ölkə mətbuatı
A- A+

“Milli Elmlər Akademiyasının tərkibində fəaliyyət göstərən Azad Həmkarlar İttifaqı olaraq əməkdaşlarımız üçün hər cür şərait yaratmaqda maraqlıyıq. Onların sağlamlığının qayğısına qalınması, asudə vaxtlarının səmərəli və əyləncəli keçirmələri üçün idman sahəsiylə bağlı təşkil etdiyimiz tennis, futbol, şahmat və başqa stolüstü idman oyunları, eyni zamanda, yaradılması nəzərdə tutulan basketbol, voleybol komandalarının təşkil edilməsi və Milli Elmlər Akademiyası tərəfindən təklif verilən digər sosial yönümlü xidmətlər akademiya işçilərinin intellektual hazırlıqlarının formalaşmasına, sağlamlıqlarının qeydinə qalınmasına və başqa məişət qayğılarının həll olunmasına yardım edir”.

Bu sözləri Teleqraf.com-a Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində fəaliyyət göstərən Azad Həmkarlar İttifaqının sədri Habil Qurbanov alimlərdən ibarət musiqi ansamblı yaradılacağı ilə bağlı yayılmış xəbərə münasibət bildirərkən deyib.

Habil Qurbanovun sözlərinə görə, bu təşəbbüsü kütləvi informasiya vasitələrinin gülünc obyekti kimi təqdim etməsi yersizdir:

"Bu barədə ziyalıya uyğun olmayan fikirlər səslənir. Əməkdaşlarımız üçün qarşımıza qoyduğumuz məqsədlərdən biri də onların rahatlıqlarını təmin etməkdir. Biz bir neçə ildir ki, idman oyunları təşkil edirik. Hazırda isə bunu daha da genişləndirib basketbol və voleybol komandaları yaratmağı düşünürük. Həvəskarlardan ibarət komandalar yaradılacaq və oyunlarda iştirak edəcəklər".

Habil Qurbanov həmçinin musiqi ansamblının yaradılmasindan da danışıb:

“Milli Elmlər Akademiyasında 50-yə yaxın təşkilat var. Biz də həmin təşkilatların həmkarlar ittifaqları sədrlərinin iştirakıyla keçirilən iclasda bu məsələlər barədə təkliflərlə çıxış etdik. Razılıq əsasında həvəskarlardan ibarət komandalar yaratmaq qərarına gəldik.

Həmkarlar ittifaqlarının sədrlərinə də öz təşkilatlarına bu haqda məlumat vermələrini xahiş etdik. Elmi dərəcəsinin olub-olmamasından asılı olmayaraq, kimin həvəsi varsa, yaradılacaq musiqi ansamblında və ya digər qruplarda yer ala bilər. Bu, istəyə bağlı məsələdir. Burada heç kim məcburiyyətlə hərəkət etmir".

Habil Qurbanovun sözlərinə görə, akademiyanın tərkibində olan təşkilatların hər birində tibb məntəqəsi, əməkdaşların məişət qayğılarını asanlaşdırmaq üçün akademiya ərazisində bazar da fəaliyyət göstərir:

"Həmin bazar Elmlər Akademiyasının şəhərciyində yerləşir. Bunu işçilərimizin vaxtına qənaət etmək, məsafənin əlçatan olması üçün etmişik. Bundan başqa, hər il "Ərzaq tədarükü və təchizatı" ASC-nin təşkilatıyla əməkdaşlarımız üçün ərzaq yarmarkası keçirilir. Burda olan ərzaq qiymətləri müxtəlif bazarlarda olan ərzaq qiymətlərindən qat-qat ucuzdur. Bununla onların ərzağa artıq pul sərfiyyatının qarşısıni alırıq".

Habil Qurbanov Xızı Dayaq Məntəqəsində akademiya əməkdaşlarına paylanılan torpaq sahələrindən istifadə etmək üçün şərait yaradildığını qeyd edib:

"Akademiya əməkdaşlarının sosial vəziyyətinin yaxşılaşdırılması və səmərəli istirahətinin təşkili məqsədilə AMEA-nın “Xızı” Kənd Təsərrüfatı İstehsalat Kompleksinin balansından torpaq sahəsi ayrılıb. O ərazidə aparılan işlərin Rəyasət Heyətinin iclasında təsdiqlənmiş “AMEA əməkdaşlarına bağçılıq-bostançılıq məqsədilə müvəqqəti istifadə üçün torpaq sahəsinin ayrılması və ondan istifadə olunması Qaydaları” haqqında sənədə əsasən həyata keçirilir.

Bizi qınayanlar bu məsələlərə də diqqət etsələr, yaxşı olar".


Xəbərin orijinal ünvanı: https://publika.az/news/nida_xeber/293373.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR