“Sintetik torlar və qadağan olunmuş alətlərlə balıq ovuna yox deyirik” devizi altında aksiyalara başlanılıb (FOTO)

“Sintetik torlar və qadağan olunmuş alətlərlə balıq ovuna yox deyirik” devizi altında aksiyalara başlanılıb (FOTO)
12:36 19 Oktyabr 2019
71 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

Bu gün Xəzərin Zirə sahilinin bir hissəsi qadağan olunmuş balıq ovlama alətlərindən, o cümlədən sintetik torlardan təmizlənib.

Trend-in məlumatına görə, “Sintetik torlarla və qadağan olunmuş ov alətləri ilə balıq ovuna yox deyirik” devizi altında keçirilən aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) rəsmiləri, Həvəskar Balqçılar İttifaqının nümayəndələri və media təmsilçiləri iştirak edib.

ETSN müavini Novruz Quliyev jurnalistlərə bildirib ki, aksiyanın məqsədi qadağan olunmuş vasitələrlə balıq ovuna son qoymaq, davamlı olaraq su hövzələrinə buraxılan balıq körpələrinin mühafizəsini gücləndirməklə balıq ehtiyatlarının artırılmasına nail olmaq, cəmiyyətin bütün təbəqələrinin bu işə cəlb olunmasını təşkil etməkdir:

“Qadağan olunmuş vasitələrlə balıq ovlanması təbiətimizə qarşı vandal münasibətdir. Elektrik cərəyanları, sintetik torlarla balıq ovlayanları belə hərəkətlərdən çəkinməyə çağırıram, əhaliyə müraciət edirəm ki, bu cür hallarla rastlaşarkən onlar barədə bizə və hüquq-mühafizə orqanlarına məlumat versinlər”.

Nazir müavini brakonyerliklə məşğul olanların kimlikləri barədə məlumatları olduğunu da bildirib:

“Onlar haqqında bu yaxınlarda cinayət işi qaldırılacaq. Bununla belə bu aksiyanı keçirməklə digərlərinə xəbərdarlıq edirik ki, bu işdən çəkinsinlər. Əgər bu davam edərsə, onlar da külli miqdarda cərimə olunacaqlar və hüquq mühafizə orqanları barələrində cinayət işi açacaq. Odur ki, belələrini bu cinayətdən əl çəkməyə səsləyirəm. Bu aksiya birinci və sonuncu deyil, davamlı olacaq və bütün su tutarlarında davam edəcək. Yəni biz təbiət düşmənlərinə qarşı mübarizəmizi sonuna qədər davam etdirəcəyik."

N.Quliyev əlavə edib ki, bu cür aksiyalar tək Bakıda deyil, digər regionlarda da keçirilir.

Aksiyada iştirak edən Həvəskar Balıqçılar İttifaqının sədri Əfqan Əliyev jurnalistlərə deyib ki, bu tədbirlərin nəticəsi yenə də sivil qaydalarla balıq ovlanmasının vacibliyini ortaya qoyur. Biz sivil balıq ovunun təbliğini dəstəkləyirik, qadağan olunmuş vasitələrlə balıq ovlanmasına qarşıyıq və hər zaman belə aksiyalarda iştirak edəcəyik. İnanın ki, belə təbliğatdan sonra artıq sintetik torları satanlar mallarını piştaxtalardan yığışdırıb, birlikdə bu mübarizəni davam etdirsək, tezliklə nəticə əldə edəcəyik.

Aksiyada iştirak edən həvəskar balıqçı Yağnəliyev Ramil isə qanunsuz balıq ovlayanlara səslənərək bu cür əməllərindən əl çəkməyə çağırıb:

“Bu gün ərazidə gördüyümüz torlar qanunda istifadəsinə qadağan olunan sintetik torlardır. Həmin torlar balıqların kütləvi şəkildə məhv olunmasına gətitib çıxarır. Mən də öz növbəmdə bu cür qanunsuz yollarla balıq ovlayan şəxslərə səslənərək demək istəyirəm ki, onlar da bizim kimi sivil qaydada tilovla ya da qanunda göstərilən torlarla balıq tutsunlar. Biz təbiəti qorumalıyıq və gələcək nəsilə də balıq saxlamalıyıq”.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/azerbaijan/society/3135824.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR