Azərbaycanlı aktrisa İspaniyanın nüfuzlu kino festivalında - FOTO

Azərbaycanlı aktrisa İspaniyanın nüfuzlu kino festivalında - FOTO
13:42 22 Oktyabr 2019
127 Şou
Ölkə mətbuatı
A- A+

Azərbaycanlı rejissorun çəkdiyi film daha bir nüfuzlu kino festivalının proqramına daxil edilib.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə aktrisa Zülfiyyə Qurbanova sosial şəbəkədə məlumat verib.

Festivala qatılmağa hazırlaşdığını elan edən ulduz təəssüratlarını belə ifadə edib: "Yenə səfər... Gəlim çıxdım İspaniyanın Madrid şəhərinə, ordan da Valladolidə... Mənə dəstək olan hər kəsin işlərini Allah uğurlu etsin. Yeni festivala qatılmağa hazırlaşırıq. İnşallah festivaldan uğurla qayıdarıq. Elmar İmanovun "Mövsümün sonu" filmi İspaniyanın Valladolid şəhərində Valladolid Beynəlxalq film festivalında göstəriləcək. Burada Rasim və Mirmövsü də təmsil edirəm".

Daha sonra kino ulduzu həm teatr tamaşa məşqlərinin, həm də serial çəkilişlərinin qızğın vaxtında ona bu festivala qatılmağa şərait yaradan Bakı Bələdiyyə Teatrının direktoru, Amaliya Pənahovanın qızı Aynur Muxtarovaya, həmçinin serialın rejissoru Rüfət Şahbazova təşəkkür edib.

Məlumat üçün bildirək ki, rejissorluğunu Elmar İmanovun etdiyi ekran işi dünyanın ən iri və nüfuzlu kino festivallarından biri olan 48-ci Rotterdam Festivalında da nümayiş olunmuşdu. "Mövsümün sonu" adlı tammetrajlı bədii film, dünyanın fərqli nöqtələrindən rejissorların beynəlxalq premyeralarının toplandığı "Parlaq gələcək" konkursunda da iştirak edib. Və Azərbaycan dilində azərbaycanlılar haqqında bəhs edən məhz bu film kino tənqidçiləri və kinoşünasların sevgisini qazanaraq FIPRESCI - Ümumdünya Kinomətbuat Federasiyasının mükafatına layiq görülüb.

Filmin süjeti belədir: gözlənilməz hadisə nəticəsində balaca azərbaycanlı öz ailəsini itirir. Samir, Fidan və onların 18 yaşlı oğlu Mahmud müstəqil insanlardır. Lakin ruhun və hərəkətlərin müstəqilliyi bəzən yadlaşmaya, anlaşmanın və səmimiyyətin mümkünsüzlüyünə səbəb olur. Bir ailədə yaşayan ata, ana və oğulun münasibətləri, üç fərqli insan, üç fərqli düşüncə və bir-birindən bezmiş bu insanların daxili problemləri diqqət mərkəzinə çəkilir. Çimərliyə ailəvi səfər zamanı gözlənildiyi kimi hər şey yolunda getmir.

Filmin rejissoru Elmar İmanov, ssenari müəllifləri Anar İmanov və Elmar İmanov, operatorları Berta Valin Eskofet və Driss Acari, quruluşçu rəssamı Sitarə İbrahimova, musiqi müəllifi Camal Əli və Firudin Allahverdi, prodüseri Yeva Blondiaydur. Filmdə əsas rolları Xalq artisti Qurban İsmayılov, Əməkdar artist Rasim Cəfərov, aktyorlar Zülfiyyə Qurbanova, Mirmövsüm Mirzəzadə və başqaları ifa edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/showbiz/796142.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR