Ən ağrılı müharibə şeiri - Ramiz Rövşəndən az bilinən şeir

Metbuat.az Ramiz Rövşənin "Dəli Əlişlə Bizim Ələsgərin nağılı" şeirini təqdim edir.

1

Əvvəl Ələsgərdi Əlişin adı.
Müharibəyəcən belə yaşadı.
Yarımçıq qayıtdı müharibədən,
Dedilər: Ələsgər qayıdıb gəlib,
Gördülər qayıdan Ələsgər deyil,
Əlişdir, dəli Əliş.
Rus dili müəlliməmiz demişkən:
“Kontujnı Əliş", "Nenujnı Əliş”.

Əliş qayıtmışdı, adamlar hələ,
Deyirdi, Ələsgər qayıdıb gələr.
Əlişin arvadı da gözləyirdi Ələsgəri.
Əliş yazıq da başladı Ələsgəri gözləməyə.

Ələsgər qayıdıb gəlmədi ancaq.
Adamlar Əlişə öyrəşdi axır.
Əliş baxdı Ələsgərin arvadına fağır-fağır.
Ələsgərin arvadı atmadı Əlişi.

2

Əliş “kontujnı” idi,
amma “nenujnı” deyildi.
Papağında ulduz yeri vardı,
döşündə medalı vardı.
Bir də velosipedi...
Velosipedinin bircə sol pedalı vardı,
Əliş sağ ayağıyla
irəli itələyirdi velosipedi.

Məktub daşıyardı Əliş evlərə.
İtlər də Əlişə hürməzdi qəsdən,
Hirslənib söyərdi Əliş itlərə,
İtlər onu adam saymırlar deyə.

3

Əliş zarafata dözən deyildi,
İllah uşaqların zarafatına.
Uşaqlar Əlişə sataşardılar,
Bir dəfə qutuya məktub saldılar.
Ələsgərin arvadının adına.

Guya Ələsgərdi məktubu yazan,
Qürbətdə əsirmiş guya nə vaxtdı,
İndi əsirlikdən qayıdacaqdı.
Əliş nə biləydi bu nə iş idi.
Məktubu oxuyub inanıb yəqin,
Sonra hayandasa gizlətmiş idi.
Öləndə cibindən tapıldı məktub,
Göz yaşı pozmuşdu sətirlərini

4

Əlişin cibində pul olmazdı heç,
bircə şahı da.
Əliş deyərdi Allah var,
amma çox yuxarıdadır,
ya da biz çox aşağıda.

5

Yuxu kimiydi yuxu kimi...
Əlişin Ələsgərin arvadının
yatağına girməsi.
Hıçqırığını papiros kötüyütək
sıxardı dişlərində.

Əlişin öpüşləri
daha “utancaq” idi,
daha “ağıllı” idi
Ələsgərin öpüşlərindən.

6

Nə zamansa kəndimizdə
Bir Ələsgər doğulmuşdu.
Qaldırdılar Əlişin tabutunu.
Birdən bir ağ atlı çıxdı buludların içindən.
Gördülər ki, Ələsgərdi ağ paltarlı ağ atlı.

Yerə düşdü atından.
adamlar yol verdilər - Ələsgər də yapışdı
Əlişin tabutundan.
Apardılar Əlişi dəfn etməyə.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR