TANAP mükafata layiq görülüb

TANAP mükafata layiq görülüb
15:43 22 Oktyabr 2019
Ölkə mətbuatı
A- A+

Bakı. Trend:

TANAP ABŞ-da təsis edilən Beynəlxalq Biznes Mükafatı (The Stevie Awards) üzrə “Avropada ilin korporativ sosial məsuliyyət proqramı” nominasiyasında qalib seçilib.

Trend-in TANAP-a istinadən verdiyi məlumata görə, mükafat Vyanada keçirilən mərasimdə TANAP-ın baş direktoru Saltuk Düzyola təqdim olunub.

Xatırladaq ki, Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP boru kəməri bu il iyulun 1-dən Azərbaycan təbii qazının Avropaya nəql edilməsi üçün hazır vəziyyətə gətirilib. Keçən il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyəyə ilk qaz həcmlərinin nəqli isə planlaşdırıldığı kimi həmin il iyunun 30-da başlayıb. Türkiyə bu vaxtadək TANAP-la 2,7 milyard kubmetr Azərbaycan təbii qazı alıb. Cari ilin sonunadək isə bu həcm 4 milyard kubmetrə çatacaq. Kəmərin mövcud ötürücülük qabiliyyəti hazırda 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması nəzərdə tutulur.

Layihə üzrə kapital xərcləri 8 milyard dollardır və bu vaxtadək TANAP-a təqribən 6 milyard dollar xərclənib. TANAP-ın səhmdarları layihə üzrə illik 1,45 milyard dollar gəlir əldə edəcəklər. Həmin gəlirin 58 faizi Azərbaycanın payına düşəcək.

TANAP Ardahanın Posof qəsəbəsindən başlayaraq Türkiyə ərazisi boyunca 20 şəhərdən, 67 qəsəbə və 600 kənddən keçən və Ədirnənin İpsala qəsəbəsində Avropaya çatan 1850 kilometrlik boru xəttidir. Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və Avropaya nəql edəcək TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşib. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir.

TANAP-ın səhmlərinin 51 faizi “Cənub Qaz Dəhlizi” QSC-yə, 7 faizi “SOCAR Turkey Enerji A.Ş.”yə (STEAŞ), 30 faizi “Botaş”a, 12 faizi isə BP şirkətinə məxsusdur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Xəbərin orijinal ünvanı: https://az.trend.az/business/energy/3137157.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR