Bakıda 120 ölkə görüşür: Azərbaycana qlobal dəstək

Bakıda 120 ölkə görüşür: Azərbaycana qlobal dəstək
11:42 23 Oktyabr 2019
78 Ölkə
Ölkə mətbuatı
A- A+

Bakıda 25-26 oktyabrda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının 18-ci Zirvə Görüşü keçirilir. Zirvə Görüşündə 158 ölkə və beynəlxalq təşkilatın nümayəndələri iştirak edirlər.

Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin Xarici İşlər nazirlərinin görüşündə iclasa sədrlik Venesuelanın Xarici İşlər naziri Jorge Arreaza tərəfindən Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarova təqdim edilib.

Qoşulmama Hərəkatına sədrliyi müddətində Azərbaycanın prioriteti sülhün və sabitliyin qorunmasına töhfə vermək olacaq.

Beynəlxalq hüquq normaları əsasında Azərbaycan bu amilləri prioritet olaraq qəbul edəcək.

Prioritetlər arasına, həmçinin təşkilat daxilində həmrəyliyin möhkəmləndirilməsi və qurumun nüfuzunun artırılması daxildir.

Qoşulmama Hərəkatının sonucunda 4 sənəd qəbul olunacaq. Həmin sənədlər Bakı sammitinin qərarnaməsi, Bakı bəyannaməsi, Azərbaycana minnətdarlıq bəyannaməsi və Fələstinlə bağlı bəyannamə olacaq.

İlk üç sənədin hamısında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əlahiddə bəndlər yer alacaq.

120 dövlətin bir araya gəldiyi Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır.

Əsas məqsədi beynəlxalq hüququn norma və prinsipləri əsasında dünyada sülhün, təhlükəsizliyin qorunmasına və tərəqqiyə töhfə vermək olan Qoşulmama Hərəkatı qlobal problemlərin həlli və müasir dövrün çağırışlarına cavab vermək baxımından bu gün xüsusi əhəmiyyət kəsb edir.

Hərəkata üzvlük beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlıq proseslərinə ölkəmizin daha yaxından cəlb olunması, müxtəlif dövlətlərlə ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsi üçün əlverişli imkan yaradıb.

Qoşulmama Hərəkatına üzv olduğu nisbətən qısa müddət ərzində Azərbaycan Respublikası özünün uğurlu xarici siyasəti sayəsində bu təsisat daxilində böyük nüfuz və etimad qazanıb. Belə ki, 2016-cı ilin sentyabrında Hərəkata üzv ölkələrin dövlət və hökumət başçılarının XVII Zirvə Görüşündə növbəti sammitin Bakı şəhərində keçirilməsi və 2019-2022-ci illərdə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdilliklə qərar qəbul olunub.

Hərəkatın üzvü olan dövlətlərin xarici işlər nazirlərinin aralıq konfransı 2018-ci il 3-6 aprel tarixlərində ölkəmizdə keçirilib və konfransın nəticəsi olaraq Bakı Bəyannaməsi qəbul edilib.

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşü "Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək" mövzusunda il 25-26 oktyabr tarixlərində keçiriləcək.

Qoşulmama Hərəkatına sədrliyi dövründə ölkəmizin məqsədi üzv dövlətlərlə birlikdə Hərəkatın beynəlxalq münasibətlər sistemindəki rolunu və nüfuzunu daha da yüksəltmək, dünyada sülhün və təhlükəsizliyin möhkəmlənməsinə və dayanıqlı inkişafa öz töhfəsini artırmaq olacaq.

Qoşulmama hərəkatı (Non-Alignment Movement, NAM) 1961-ci ildə, Soyuq müharibə dövründə gərginliyi azaltmaq məqsədilə yaradılıb. Bu hərəkat Qərb ittifaqı ilə Şərq blokundan əlavə üçüncü blok kimi meydana çıxıb. Qoşulmama Hərəkatına üzv olan ölkələr hərbi bloklara qoşulmur. 2012-ci ildə üzv dövlətlərin sayı 120-ə çatan bu blokda 17 ölkə də müşahidəçidir.

Təsis sammiti Belqradda baş tutan blokun əsas prinsipləri dövlətlərin ərazi bütövlüyü, suverenliyi və siyasi müstəqilliyinə hörmət, daxili işlərinə qarışmamaqdır.

Azərbaycan isə bu hərəkata 2011-ci ildə qoşulub və 2019-cu ildə hərəkatın XVIII Zirvə toplantısına ev sahibliyi edəcək. 2019-2022-ci illər ərzində Azərbaycan Respublikası Qoşulmama Hərəkatına sədrlik edəcək.

Hərəkatın qurucuları Yuqoslaviadan olan sosialist Josip Broz Tito, Hindistandan Cəvahiral Nehru, İndoneziyadan Sukarno, Misirdən Camal Abdel Nasir və Qanadan Kvame Nkrumahdır.

Hərəkat ilk olaraq təşkilat kimi 1956-cı ildə yaranıb və bir müddət sonra hərəkata çevrilib. "Qoşulmama" adı isə 1953-cü ildə BMT-də yaradılıb.

Soyuq müharibə bitəndən sonra hərəkat özünü yeniləməyə və məqsədlərini hazırkı dünya sisteminə uyğunlaşdırmağa məcbur oldu. Ən vacib sual isə fundamental ideologiyaların, milli suverenlik prinsiplərinin, ərazi bütövlüyü, müstəmləkə siyasəti və imperializmə qarşı mübarizənin müasir məsələlərə tətbiq olunub-olunmayacağı oldu.

Yeni dünyada Qərb hegemoniyası və neo-müstəmləkə siyasətinin istismar etdiyi kasıb xalqların çıxdaş edilməsi Qoşulmama Hərəkatını buna etiraz etməyə vadar etdi.

Qoşulmama Hərəkatı üzvlüyünə tələblər Birləşmiş Millətlər Təşkilatının əsas inanclarına uyğun gəlir:

Təməl insan hüquqlarına hörmət

Bütün xalqların suverenliyi və ərazi bütövlüyünə hörmət

Milli müstəqillik hərəkatının tanınması

Bütün irqlərin və xalqların bərabərliyinin tanınması

Başqa ölkələrin daxili işlərinə müdaxilə etməkdən çəkinmək

BMT Nizamnaməsinə uyğun olaraq hər bir xalqın özünü fərdi və ya kollektiv şəkildə müdafiə etmək hüququna hörmət

Hər hansı bir ölkənin ərazi bütövlüyünə təcavüz etməkdən çəkinmək

BMT Nizamnaməsinə uyğun olaraq bütün münaqişələrin sülh yolu ilə həlli

Qarşılıqlı maraq və əməkdaşlığın təşviqi

Ədalət və beynəlxalq öhdəliklərə hörmət.

Bu hərəkatda təmsil olunmağın Azərbaycan üçün əhəmiyyəti həm də odur ki, burada müzakirə olunan məsələlər sonradan BMT-yə çıxarılır. Deputat həm də düşünür ki, hazırda Bakıda keçirilən nazirlər konfransında Azərbaycan Qarabağ münaqişəsinə diqqət cəlb etmək imkanı əldə edib.

Bu hərəkatda üzvlük həm də Azərbaycanın öz ərazisində başqa dövlətlərin hərbi bazalarını yerləşdirməyi planlamadığına dair siqnaldır.

Qoşulmama Hərəkatı (QH) heç bir bloka daxil olmadıqlarını və tərəfsizliklərini bəyan edən 120 üzv ölkə, 17 müşahidəçi ölkə və 10 müşahidəçi təşkilatı birləşdirən forum kimi BMT-dən sonra dünya dövlətlərinin ən böyük toplantısı hesab olunur. 1955-ci ildə İndoneziyada keçirilən Bandunq konfransında prinsipləri işlənib hazırlanan QH -nın Birinci Sammitinin hazırlıq mərhələsi 1961-ci il 5-12 iyun tarixlərində Misirin Qahirə şəhərində keçirilib. "Qoşulmama Hərəkatı" istilahı ilk dəfə olaraq 1976-cı ildə Hərəkatın 5-ci konfransında qüvvəyə minib. QH, BMT təşkilatı üzvlərinin təxminən 2/3, dünya əhalisinin 55 faizini təşkil edir. Hərəkatın daimi katibliyi yoxdur. Sədrlik iyerarxiya prinsipi üzrə deyil, sıra prinsipi əsasında bütün üzv dövlətləri ehtiva etməklə səs çoxluğu ilə təyin olunur.

Qoşulmama Hərəkatının Bakıda keçiriləcək XVIII Zirvə Görüşü ölkəmizin geosiyasi maraqları baxımından da çox böyük önəm kəsb edir.

Unutmayaq ki, BMT-dən sonra dünyada ikinci böyük beynəlxalq təşkilat sözügedən quruma üzv ölkələrin ərazisində dünya əhalisinin təqribən 55%-i yaşayır.

Bu dövlətlər dünyanın neft ehtiyatının 75%-dən, təbii qaz ehtiyatının 50%-dən çoxuna, habelə nəhəng insan resurslarına və təbii resurslara malikdir.

Ölkəmihin yürütdüyü xarici siyasətin qayəsi də Qoşulmama Hərəkatının əsas prinsipləri ilə uyğunluq təşkil edir.

Ölkəmiz Qoşulmama Hərəkatına üzv olduqdan cəmi 8 il sonra belə nəhəng bir təşkilatın çox mühüm beynəlxalq tədbirinə ev sahibliyi edəcək. Burada dünyanın yarıdan çoxu təmsil olunacaq. Məhz elə bu ayda da türkdilli dövlətlərin rəhbərləri Bakıda toplaşmışdılar. Ölkəmizdə belə sammitlərin keçirilməsi Azərbaycanın beynəlxalq nüfuzunun artmasının və xarici siyasət kursumuzun çoxşaxəli olmasının (müxtəlif platformalarda müxtəlif oyunçularla işləyirik - çoxvektorlu siyasət fəaliyyətdədir) daha bir sübutudur.

Təşkilatda təmsil olunmağımız Azərbaycanın işğalçı Ermənistan istisna olmaqla bütün dövlətlərlə normal, üfüqi, maraqların qarşılıqlı təminatı və sayğı prinsiplərinə asaslanan, eyni zamanda heç bir dövlətin ölkəmizin daxili işlərinə müdaxiləsinə yol verməyəcək siyasət apardığını göstərir.

Elə Qoşulmama Hərəkatının (NAM) "Bandunq prinsipləri" də bunları ehtiva edir.

Eyni zamanda, Azərbaycanın unikal coğrafi və geosiyasi mövqeyi də təşkilata üzv dövlətlər arasında kommunikativ əlaqələndirici rol oynamağa Bakıya imkan verir.

Bakıda belə bir forumun keçirilməsi Azərbaycana daimi diplomatik nümayəndəliklərinin olmadığı ölkələrlə əlaqələri möhkəmləndirmək üçün effektli platforma imkanı yaradır. Bu, bütün məsələlərin səsvermə yolu ilə həll edildiyi və hər bir səsin bərabərhüquqa malik olduğu BMT-də və digər beynəlxalq platformalarda Qarabağ məsələsi ilə bağlı potensial dəstək qazanmaqdır (bu, həm də Afrika, Latın Amerikası, Sakit okean ölkələrinə çıxış imkanı verir ki, erməni lobbisi onların bir çox ilə qondarma "Dağlıq Qarabağ respublikası"nın tanıdılması üçün çalışır). 2011-ci ildə Azərbaycan Respublikasının 155 ölkənin dəstəyini qazanmaqla BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsində QH ölkələrinin səsi mühüm rol oynayıb.

Həm İslam Əməkdaşlıq Təşkilatının, həm də Avropa Şurasının üzvü olan bir ölkə kimi Azərbaycan malik olduğu müqayisəli üstünlüklərdən istifadə edərək Qoşulmama Hərəkatında sədrliyi çərçivəsində Avropa İttifaqı, Afrika İttifaqı, Amerika Dövlətləri Təşkilatı, ASEAN və s. təsisatlar və regionlarla təmas və dialoqun qurulması, inkişafı, əməkdaşlığın coğrafiyasının genişləndirilməsinə səy göstərəcək. Azərbaycan bu səviyyədə beynəlxalq tədbirlərin keçirilməsi üçün platformaya, beləliklə "diplomatik haba" çevrilib.

Bu cür beynəlxalq forumların ölkədə keçirilməsi həm yerli xidmət sahələrində (otellər, nəqliyyat, mağazalar) gəlir əldə etməyə, daha vacibi isə ölkənin turizm potensialının uzunmüddətli möhkəmləndirilməsinə yol açır.

Qoşulmama Hərəkatında təmsil olunan bəzi ölkələrin rəhbərliyinə hazırda beynəlxalq ictimaiyyət arasında birmənalı münasibət yoxdur və ya onların Qərb dünyası ilə münasibətləri gərgindir. Müxalifət düşərgəsi bəzi ölkələrin tədbirdə iştirakına dair həqiqətə uyğun olmayan, eyni zamanda, açıq-aşkar böhtan xarakterli açıqlamalar verirlər.

Halbuki həmin ölkələrinBakı Zirvə Görüşündə təmsil olunması rəsmi səfər deyil. Onlar sadəcə təmsil olunduqları təsisatın 3 ildən bir keçirilən ən ali toplantısında iştirak etmək üçün Azərbaycana səfər edirlər. Həmin ölkələrin rəhbərləri BMT-nin mənzil qərargahının yerləşdiyi Nyu-Yorkda da təşkilatın müxtəlif iclaslarına qatılır və kəskin bəyanatlar verirlər.

Onu da unutmayaq ki, Azərbaycanın mühüm müttəfiqləri və nüvə gücləri Qoşulmama Hərəkatının üzvləridir. Məsələn, Pakistan Ermənistanı Azərbaycana qarşı təcavüzkarlıq nümayiş etdirdiyinə görə hələ də bir dövlət kimi tanımır. Qətər, Səudiyyə Ərəbistanı - dünya miqyasında mühüm iqtisadi oyunçulardır. Belarus, Özbəkistan - Azərbaycanın postsovet məkanında yaxın dostları və tərəfdaşlarıdır.

Venesuela prezidenti  Nikolas Maduronun NAM sammitinə qatılmaq üçün Bakıya səfərinə gəldikdə isə, o, ölkəsinin təşkilata sədrliyini Azərbaycana təhvil vermək üçün gəlir. Səfər sırf prosedur-protokol qaydalarına uyğun həyata keçirilir.

Venesuelanın legitim prezidenti olan Maduronun ölkəsinin üzv olduğu beynəlxalq təşkilatların iclaslarında tam iştirak hüququ var.

Xatırladım ki, vaxtilə İran prezidenti Əhmədinejat və Venesuelanın lideri Uqo Çavez BMT-nin Nyu-Yorkda keçirilən sammitlərinə Amerikanı tənqid edib gedirdi. Ona görə ABŞ-ın Maduronun Bakıdakı iclasda iştirakına sosial şəbəkələrdəki etirazlar məntiqsiz, absurddur.

Elçin Alıoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: https://news.milli.az/politics/796380.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR